“Sənə çətin gəlir unutmaq məni…” UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən birini də Ayaz Arabaçı yazıb. Adətən ictimai-siyası şeirləri ilə tanınan şair bu dəfə könlünü sevgiyə verib. 

Onun yaratdığı poetik mənzərə də həm o qədər canlıdır ki, gözlə görünür, həm də o qədər emosionaldır ki, içini tərpədir…

Xoş mütaliələr! 

 

Sənə çətin gəlir unutmaq məni,

Gözünün ilk ovu, nübarı mənəm.

Yalandan ağlama başqa ad çəkib,

Hələ də könlünün qübarı mənəm..

 

Adım əzbər oldu neçə aşığa, 

Qorxmadan qanımı qoydum qaşığa, 

Səni mən gətirdim bu yaraşığa,

Ömrünün-gününün memarı mənəm.

 

Belə ki, öyrəşib könül xoşluğa, 

Atma addımını çaşıb boşluğa,

Ad tapa bilmirsən bu sərxoşluğa,

Xumar gözlərinin xumarı mənəm. 

 

O səs qulağında mənim səsimdir,

O səsdən ürəyin əsim-əsimdir,

Saçında oynayan meh nəfəsimdir,

Qara tellərinin tumarı mənəm.

 

Dikəlməz gözündə saraylar çökən..

Könüllər qanadan, ürəklər sökən..

Yayın istisində zəhləni tökən,

Başına dolanan o arı mənəm..

 

Hər gün ürəyində yara keçərsən,

Ağappaq yolları qara keçərsən,

Sən məndən adlayıb hara keçərsən,

O hasar, o divar, o barı mənəm.

 

Qopar bu nəğmədən qopar sən,məni...

Gözündə-könlündə apar,sən məni,

Harda arzulasan taparsan məni,

Bütün Azərbaycan diyarı mənəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.