Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Arəş Əhmədinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
I.
Yadımda deyil
Hansı şəkildə yarandı sevgimiz,
Hansı saat yaralandı sevgimiz.
Hansı quş darıxdı içimdə uçmağa...
Hansı şair darıxdı son şeirin yazmağa...
Hansı axşam gözlərimdə yağış yağdı...
Yaralarım amma yadımdadır
Barmaqlarımdan başladı ağrılarım
Yaralarımın qanadığı...
Mən divarların arxası
Mən kölgələrin qorxaq üzü
Mən,
Uzaqlar,
Sonsuz yolların yolçusu
Mən qəbirlərin cənazəsi...
Haçan kəlmələrin qaçaqçısı oldum?!
Gecələr, darıxmaların axşamlığında
Gözlərimin arxasında gizlənən sıxıntılara...
Sonra yaralarımı yalamağa başladım
Yaralarımı yazmağa
Yarlarımla yatmağa...
Sükut ən sevdiyim səs
Qaranlıq sevdiyim rəng
Və kabuslarım sevdiyim röyalar...
Hər şey tərsinə başlandı sənsizlikdən...
Haçan başlansa da sevgimiz
Yadıma gəlmir heç bir şey
Təkcə röyadır bunlar...
II.
Odamdakı kaktus çiçəyinin tənhalığını,
Öz bağrıma basıb qucaqlayıram
Yaralanıram
Qanayıram.
Qucaq həsrəti!
Caniko mən belə başlanıram...
Yeməklərə etisab edirəm,
Aclığıma danışıram ağrılarımı
Və
Dustaqdakı yoldaşımı unutmamışam bilsin aclığımı, ac qoyuram!
Yas törəninə gedirəm sanki,
Paltar komodumdan,
Qara köynək
Qara şalvar
Qaralara biçirəm özümü...
Qarğalar gözləyir sanki məni,
Aynada mən boyda bir mətn var
Saçlarında varaq-varaq ağları darayıb,
Gözlərimin içinə baxıb
Gülümsəyib aynadakına
Axmaq birisisən deyib ona
Sonrası
İkimiz də qəhqəhə çəkib
Vidalaşırıq bir-birimizdən...
Eşitməsinlər,
Ciblərimdəki
Yumruqlarımda sıxdığım etirazların səsini –
Uzaq gəzəcəm
Qardaşımın sümüklərindən yonulmuş batonları
Və
Bacımın saçlarından hörülmüş şallaqları –
Polislərdən.
Burax...
Tökülürəm
Xiyabanlara
Və
Adamların izdihamında gəzirəm
Xəlvətimi...
Başmaqlarımı yorur ayaqlarım!
Parklarda park edirəm,
Başmaqlarımın yorğunluğunu.
Başımı öz çiynimə söykəyib
Dizlərimi qucaqlayıb,
Məzar soyuqluğu boyda
Bir səndəl üstə
Uzadıram darıxmalarla dolu “Arəş” adla bir cənazəni.
Və sonrası
Unuduram dustaqdakı dostumu
Çaysızlığımda...
Çaysızlığımın əlindən yapışıb
Günəş qəfəsinə qonaq edirəm.
Günəşdə
“Günəşi” darıxıram...
Qəfənin dinc, xəlvət və sərin küncündə
Siqaretlər məni yandırıb
Çəkirlər.
Siqaretlər məni söndürürlər külqabında.
Bir kişi qalıb bütün kafelərdə,
Və iki fincan çay önündə.
Külqabından kül altında qalan köz kimi qalxıram.
Durub özümü yığışdırıb qəfədən çıxıram...
Evə götürüb özümü,
Gəlirəm...
Açarlarım məni itirib!
Divar əlimdən yapışıb
Məni tullayır həyətimizə.
Nar ağacı məni salamlayır!
Dodaqlarında saxta gülüş,
Baxışında məni qorxudan qorxular var –
Nar ağacının...
Keçirəm etinasızca!
Hələ səndən asılmağa
İndiki vəziyyətim düz deyil –
Sərilirəm yorğan-döşəyimə.
Gecələr gözlərimdən qaçan yuxunu,
Yuxusuzluğu,
Mən
Ağrıyıram!
Mən
Gözlərimi ağlayıram!
Ağrılarım məndən durub
Səssizcə
Kor gözlərini zilləyib
Pəncərəsiz otağımın pəncərəsindən eşiyə baxır.
Küçələrdə elektronika dirəkləri,
Ayaq üstə ölülərdir sanki!
İşıq saçmayırlar,
Darıxma yağdırırlar
Gecələrimin yalqızlığına.
“Ay” səndən sonra
2Aylardır” gedib mənim göyümdən...
Və ulduzlar
əsgərlər kimi
“Aylar”ını darıxırlar!
Birazdan özümü axtarıram...
Bax...
Şeir dəftərimin “İntihar sətrində” durmuşam!
Caniko
Qəlbimi sıxan
Ağrıları
Haçan,
Hansı gecə
Qəlbimin yaxasından qurtarıb
Öləcəyəm?!
Caniko
Özünü
Bir gecə gizlicə götürüb gəl mənə.
III.
Buralarda
Bir izdihamda
Gəzirdim
İnsanların baxışını hiss etmədən.
Buralarda hər an yeni bir xəbər
Yeni bir olay
İnsanlar gəlib getmədə.
Duraqlarda
Yorğun insanlar
Sürgün insanlar
Azğın əsgərlər
Evə qayıdan bir qadın
Metroda yorğunluğunu yatan bir kişi –
Qırmızı çıraqlarda xoşbəxtliyi çiçəklərində
Gizlədib satan iş uşaqları...
Buralarda
Bilmirsən nə qədər tənhalıq var
Bilmirsən nə qədər ürəklərdə boğulan sevgilər var
Sevgini etiraf edirdi bir oğlan, qız arxadaşına,
Siqaretini son nəfsdə içinə aldığında
Bilmirsən...
Sən,
Bir öpüşsən yaxılırsan tənimə!
Sən,
Bir odekolon qoxususan, yayılırsan tənimə!
Sən, eşqsən axırsan damarlarımda...
Sonralar
Sən, bir quşsan
Səni yalnız qəfəsdə sevmək olur...
Sən, bir səssən
Səni yalnız bir mahnıda dinləmək olur...
Sən, bir darıxmasan
Səni yalnız bu şeirdə danışmaq olur
Sən...
Adını unuduram
Adını unutmaq istəyirəm.
Xoşca qalın
Sizə yaxşı günlər arzulayıram.
Sizə mənsiz saatlar,
Sizə gözəl bir sevgi...
Sən, “Azadlığa çatmayan inqilabsan!”
Mən evində bir sürgün!
Bax,
Tehran
Sevginin beşinci fəslidir...
IV.
Daha heç bir olay olmayacaq
Daha gecələr
Otağımın divarından axmayacaq dünya
Savaşlarında
Ölən məsum uşaqların qanı
Və anaların döşlərindən süd
İçib keflənən oğlanlara
Nifrət etməyəcəyəm.
Qızcığazların yataqlarda
Bakirə olduqlarına həvəslənməyəcəyəm.
Hızlı kişilərin baxışlarından
Pomada çəkilir qadınların dodaqlarına.
Burax!
Daha polislərdən qorxmayıram
Daha yormur məni müfəttişin sorğuları
Daha gicəlmirəm
Daha ürəyim bulanmayır
Daha dar ağaclarına boynum sıxılmır
Daha mərmilərə ayaqlarım yıxılmır...
Mən neçə vaxtdır bu şeirdə uzanıb ölmüşəm!
Gülüşlərinin ayaq izlərində!
Divar çəkdiyim gözlərində!
Və geri dönmüş məktublarda...
Ölümün adəti uzanıb ölməkdir.
V.
Mən sonu görüşümüzün yeddi il sonrasıyam
Heç nə dəyişilməyib,
Heç nə olmayıb
Üzülmə mənim üçün nazlım...
Yalnız
Siqaret çox çəkirəm
Qəlbim piano çalan qız
Əllərim, əllərinə darıxır
Gözlərimdən silinmir gözlərin...
Yadımdan çıxmamış deyim
Saçlarımı kəsdim
Bəlkə əllərinin izini silə bilsəm...
Üzülmə nazlım
Cümə günü darıxmağın son durağı
Və mən xiyabanlarla, xəyalınla gəzirəm!
Yerin boş
Üzülmə...
Gəl
Yalan danışaq
Halımız yaxşıdır.
Gəl inanaq buna...
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)