Ukraynada çıxan “Kiyev” ədəbi jurnalında “Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə” sərlövhəli məqalə dərc edilib.
AzərTAC xəbər verir ki, yazı jurnalın 2021-ci ilin dekabr nömrəsində, Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çap olunub. Məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur.
Məqalədə Marina Qonçaruk Nizaminin həyat və yaradıcılığı, əsərlərinin Ukrayna dilinə tərcümələri, xüsusən də Leonid Pervomayskinin (“Leyli və Məcnun” poemasının tərcüməsi), Vasil Barkanın (“Xosrov və Şirin” poemasından parça), Vasil Mısıkın (“Sirlər xəzinəsi” poemasından parça), Nikolay Tereşenkonun (“Yeddi gözəl” poemasından parça), Mikola Miroşniçenko və Aleksey Kononenkonun tərcüməsində Nizaminin qəzəlləri, həmçinin Yevgeniy Mironovun tərcüməsindəki şeiri haqqında geniş məlumat verib.
Məqalənin müəllifi, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk yazır: “Ukraynalı alimlərin tədqiqatları ilə daha yaxından tanış olduqca, anladım ki, qarşıda hələ çox iş var. Düşünürəm ki, “Nizami İli” Ukraynada mühüm hadisələrlə zəngin idi, Ukraynanın Nizamişünaslığa qayıdışı çox vacib idi və əminəm ki, işlər bu il də davam edəcək. Hesab edirəm ki, bizim “Nizami İli”ndə Ukraynada hər şeyi yenidən dərk etməyə, əvvəlki fundamental tədqiqatlara yenidən baxmaq vaxtımız olmayıb”.