“Ədəbiyyat və incəsənət” portalı sizlərə Həmid Herisçinin "Şiircə" silsiləsindən şeirlərinin təqdimini davam etdirir.
9.Seçim
Dayanmışam bir gözəl ağac budağı qarşısında.
Seçimim ağırdı - pencəyimimi, asım budaqdan?
Yoxsamı özümü?
Məsləhətinizə ehtiyacım var.
Quşlardan o tərəfdə göy var.
Qoy, o tərəfdən gəlsin
Doğru-dürüst cavabım.
Xəyanətkar tatu
Arıqlamış bir şou-biznes gözəli girib yuxuma,
Tatusu dirildi.
Başqa həyət, başqasını seçdi qəfil,
Başqa bədənə keçdi.
Çox amansız idi bu seçim.
Çox ciddi xəyanət idi,
Ancaq çox adiydi oralarda.
10.Xarı bülbül
Xarı bülbül indi daha münbit bir ərazidə -
məmur kostyumlarının yaxasında bitir.
Çiçəkləyir.
İkisindən birini seçəcək gec-tez.
Ən uzaqlardakı bir avtomobilin
iti gözləri tamaşaçısız qoymayacaq bu dramatizmi.
Bu seçimimizi işıqlandıracaq
gözlərimizi qamaşdıraraq.
11.Yol göstəricisi
Gün batdıqca, buludların da rəngi dəyişir.
Mənim də daxilimdə nələrsə dəyişir eyni vaxtda.
Avtomobilimin yan güzgüsünü bacardığımca təmizlədim.
Sildim.
Yolum uzaqdı.
Təbrizsizəm.
Və ümidsiz.
Əyilmiş elektrik dirəyi
dünyanın ən qəliz yerini,
tam dəqiqliyinən, işarələyib göstərdi mənə.
Yolum uzaqdı.
Elə, o tərəflərədi.
12.Rauf Denktaş
İngilislərə, Britaniyaya daha bağlıydı,
Nəinki Türkiyəyə.
Uilyam Çerçili xatırladırdı? Yamsılayırdı?
Eyni çəkili, eyni sifətli gördüm ikisini də.
Mənlə danışarkən,
üzdə çox mehribandı.
"İnsanlarla münasibətim nə qədər uzanırsa,
köpəklərə sevdam bir o qədər də artır" ifadəsi,
məncə, ona da tam doğmaydı.
Köpəyi, Çerçill nəslindəndi.
Qorxuram, mənlə söhbətindən sonra da
köpəklərə sevdası bir az da artdı.
13.Qara pişiklər aləmində
Bu küçədə qara pişiklər
insanlara tam biganəydilər,
Ciddiyə almırdılar insanları.
Ancaq məni duyunca, görüncə
qəflətdən ayrıldılar, ayıldılar, elə bil.
Bir ağızdan miyoldadılar,
Elə bil bizimcə də danışdılar bir ağız,
Bir azacıq.
Mən tam anlayırdım bu gün pişikləri,
Quşları.
Xüsusən, göyləri saran qaranquş fəqanlarını.
"Sekond cup" barında başım çox aşağıydı.
Yalnız şuşələrdəki əksimi görüncə özümə inandım.
Özümə qayıtdım.
Özümə inandım.
Ayrıldım qara pişiklər aləmindən.
Xüsusən, şampan qədəhindəki əksim,
mənlə söhbətləşməkdən doymaq bilmirdi.
Özümə ilk dəfə salam verməyə tələsdim.
Qorxdum, qaçırdaram bu kölgəmi.
14.Novruz
Novruzu tərsinə oxusan,
"Zervan", yəni əbədiyyət tanrısının
adını eşidərsən.
Deşifrəni düz vaxtında,
düz bayram ərəfəsində azad edilmiş ərazilərdə eşitdim.
Çocuq Mərcanlı məktəbinin "Novruz" lövhəsini
bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim qədim Zərdüşt tanrısı Zervan,
mənlə görüşünü Qarabağda, xarabalıqlar arasında təyin edəcək.
Nə vəd edir mənə bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda son 2000 min ildə
kimsə Zervanla bu cür görüşməmişdi.
Tonqal ətrafında, paxlava-filan yeyəndə həəə...görüşdüm
bu qədim kölgələrlə.
Ancaq çox gücsüzdü,
uduzmuşdu bu qədim tanrı.
15.Aya səyahət
Əhənglə ağardılmış əyri-üyrü divara
taxta pilləkan dirəmişdilər,
Yuxarısında Ay ağarırdı.
Elə bil kimsə bu pilləkanla həmin o Aya dırmaşmaq istəmişdi.
İstədim mən də bu pilləkanda öz bəxtimi sınayım.
Görüm, o bəxt varmı məndə?
16.Lakramoza, yaxud qara göz yaşları
Zarafat-zad deyil, Bakının, özüm görmüşəm,
qapqara göz yaşları var...
Söhbət, köhnə evlərin damından yavaş-yavaş əriyib
aşağı tökülən, süzülən, divar boyu
izlərini qoyan qara qır ləklərindən gedir...
Budur Bakının qara göz yaşları...
Divarları ağdı, qapıları göy, göz yaşları qapqaradır, Bakının.
Bu üç rəngin vəhdətində böyümüşəm,
Rəngləri, bu mənzərədən tanımışam.
Motsart "Rekviyem"indəki "Lakramoza" hissəsi
"Qara göz" yaşları deməkdi.
Bakının o qara göz yaşlarınamı bəstələnib
bu əsər?
Sualımı musiqi kimi eşidin,
Xahiş edirəm.
17.Təbrizdə
Təbrizdə yeddi bibimlə ilk görüşümüzdü,
Bibiblərim, təbrizlilər demiş, "əmmələrim"
məni əvvəlcə naməhrəm bildilər.
Yaşmaqlandılar.
Üzüdivara mənlə danışmağa başladılar.
Güllü çadralarını çənələri altında ikiəlli bərk sıxmışdılar.
Sonra, danışığımız uzandıqca,
isinişdikcə bir-birimizə
Sifətləri, tədricən, yavaşcana
soyuq divarlardan ayrılırdı.
Dikilirdi düz sifətimə.
Divarlar uduzurdu bax, beləcənə mənə.
Divarlara qalib gəlirdim.
Qəfil, qapı dəstəyi aşağı əyildi, lal-dinməz.
Bibilərim mənzərəni axıracan izləyib
bir ağızdan: "Əqdəsddi. Zinətin kiçik qızı.
O da səni görmək istəyir", dedilər.
Qapı arxasındakıları da, həəə...
görürdü,
seçirdi qocaman gözləri.
Sonra, lap axırmacalda birisi girdi içəri.
Bibilərim yenə bir ağızdan dilləndilər:
"Tanıdınmı? Tanıdın?"
Xalça naxışlarında azmadı gözlərim.
Bildilər
təbrizliyəm,
Özümüzküyəm.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)