Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Özü pay-piyada sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı vallah,
Şairlik ən ali məqamdı, vallah
(M.Ələkbərli)
Şairlərin çətin anları çoxmu “ağrılı” olur?
CAVAB:
Ədəbi aləm qəribə aləmdir. Yaxşı şairin qarşısına çəpər çəkənlər, kölgəsini qılınclayanlar zaman-zaman olub, indən belə də olacaqdır. Bir-iki yaxşı şerin müəllifi kimi mən də onlardan az çəkməmişəm. Demədiyim, heç könlümdən belə keçirmədiyim sözləri gərəkli ünvanlara, lazımı şəxslərə çatdıranlarım, məni çox vaxt ən yaxın dostlarımla yaman eləyənlərim, şair qəlbimə necə amansız zərbə vurduqlarının bəlkə heç fərqində olmayıblar. Dumduru suyumu bulandıranlar, bu ömür yolumda məni ləngidənlər, əlimə-ayağıma daş bağlayanlar, arabir şeirimə hədəf olsalar da, cəhdim-çabam həmişə cavabsız qalıb. “Ah xırda qayğılar” adlı şeirimdə bu cür adamlardan şikayətimi dilə gətirmişdim:
Ah xırda qayğılar, xırda qayğılar
Böyük arzulara toy tutdunuz siz.
Sinəmdə qaynayan bulaq istəyi
Hər gün damcı-damcı qurutdunuz siz.
Sizin oxşarınız xırda adamlar,
Hər tində, döngədə yolumu kəsdi.
Mənzilə gecikdim hər gün bir addım,
Mənə bir addımın acısı bəsdi
Yollarda bir addım ləngidi adım.
Sözüm xırdalandı qara pul kimi,
Neçə yol əlimi-üzümə tutdum.
Qızardım zamanın, vaxtın yanında
İlhamın yanında bir yoxsul kimi.
Ah xırda qayğılar, xırda qayğılar
Mənə “sus” dediniz, mən dilə gəldim.
Sizinlə həmişə yumruq-yumruğa
Sizinlə həmişə əl-ələ gəldim..
Fürsət külək kimi keçdi yanımdan
Bir saatlıq yolu bir ilə gəldim.
Büdrədim, yıxıldım, dikəldim, durdum,
Ömrün bu çağına bax belə gəldim.
Həmin adamlar mənim dırnaqarası “dostlar”ım bu gün də fəaliyyətlərindədir. Yaşı yetmişi ötən bir şairin yolunda çəpərə dönür, üzünə qapı bağlayırlar.
Tanı məntək naçarını
Dərdə-qəmə düçarını.
Harda gəzim açarını
Üzümə bağlanan qapı?
Gah söyülən, gah öyülən,
Vaxtsız, vədəsiz döyülən.
Sən idinmi bəxt deyilən,
Üzümə bağlanan qapı?
Hər günümə qada verdin,
Kömürümü oda verdin.
Bir şairi bada verdin,
Üzümə bağlanan qapı.
Şahidsən buna özün də
Qalmışam çölün düzündə.
Nələr var arxa üzündə
Üzümə bağlanan qapı?!
Bəlkə sənsən sirr qapısı,
Güman yeri, pir qapısı.
Tanrının səbir qapısı
Üzümə bağlanan qapı!
Dediklərimdən belə çıxmasın ki, məni ancaq pisliklər, yamanlıqlar izləyib. İlk gənclik illərimdən, qələm tutub ilk şeirlərimi yazdığım günlərdən bəri, əsil ağsaqqalların qayğısı, diqqəti üstümdə olub. Yazılarıma qəzetlərdə, jurnallarda yaşıl işıq yandıran yazıçı, şair dostlarımı bu gün də minnətdarlıqla yad edirəm. Xalq şairlərimiz Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Hüseyn Arifin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Qabilin, Xalq yazıçılarımız Əli Vəliyevin, İsmayıl Şıxlının, İsa Muğannanın, Mirzə İbrahimovun, eləcə də Ustad Şairlərimiz Fikrət Sadığın, İlyas Tapdığın, İsa İsmayılzadənin, Hidayətin ağsaqqal nüfuzunu, kölgəsini öz üzərimdə hiss eləmişəm.
Mən şeirə gəldiyim illərdə ədəbiyyatımızda ağsaqqal mövqeyi, gənclərə ağsaqqal diqqəti vardı. Mənə SSRİ Yazıçılar İttifaqının üzvlük biletini xalq yazıçısı, Sosialist əməyi qəhrəmanı, AYİ-nin sədri Mirzə İbrahimov təqdim eləmişdi. O zamanlar imzası ilə ədəbi orqanlarda tanınmayanların kitabları çap oluna bilməzdi. Bunun adına indi Sovet sensuzarı desələr də, bu ədəbi-bədii senzura idi. Bədii materialın ədəbi dəyərini yaxşı mənada təyin edən senzura idi. Ədəbiyyatın kütləviləşməsi təəssüf ki, əsil yazıçının, şairin gözdən düşməsinə xidmət elədi. Dəyərlər itdi, heç kəs heç kəsin kitabını oxumadığı bir vaxtla üzləşməli olduq. Sosial şəbəkələr bu işdə çox böyük rol oynayır. Bu gün uşaqdan böyüyəcən hamı o şəbəkədən asılı qalıb. Kitabdan, oxumaqdan uzaqlaşan gəncliyimizin sonrakı taleyi bizi dərindən düşündürməlidir. Nəinki, müasir yazıçılarımıza, heç klassiklərimizə də yetərincə bələd olanlarımız get-gedə azalmaqdadır. Nəhayət, mətləb üstünə gəlib deyim ki, şairlərin ən çətin anları özünə-sözünə biganəlik görəndə ağrılı olur. Eşidilməmək, duyulmamaq, yazdıqlarının poetik gücünü, misralarının siqlətini, ilhamının nəyə qadir olduğunu hər kəsdən yaxşı bilən bir şair üçün dözülməzlik sindromu yaradır. Özü ilə çəkiyə gəlməyən qələm dostlarının, hansı səbəbdən irəli çəkildiyinin, ad-san, titul qazanmağının səbəbləri üstündə düşünməli olur. İllər öncə yazdığım bir şeirdə özümü belə düşüncələrdən xilas etməyə çalışmışdım:
Seçilmək yanğısı – buydumu dərdim?
Onda şüar deyim, dəm verim dilə.
Bütün şairləri təltif edərdim
Vətənin “Bütövlük” ordeni ilə.
Şükürlər olsun indi biz Vətənin bütövlüyünə də qovuşmaqdayıq. Böyük şairimiz – qərbə və şərqə kükrək ilhamının qanadlarını gərən Məmməd İsmayılın bir misrası bizi ümidli gələcəyə səsləyir: “Hələ yaşamağa dəyər bir az da...”
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)