“Bir çiçək qoy yaramın üstünə…” - Güneyli şair Vəhid Məlek Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri Vəhid Məlekin şeirləri ilə tanış edir. 

 

I.

Əlimdə beynimə dayadığım qədim koltla

Qaçıram şəhəri

Və qayıtmaq daş olmaq deməkdir, arxaya baxmaqda

Hər bir acı gülüş,

Hər bir acığım gələn üz,

Hər bir çığırtı,

Ayağım altında qalan daş,

Çəkə bilər də koltun tətiyini.

Qayıtmamalı,

Arxana baxmamalı,

Göz yaşını silmə

Donacaq bu qış.

Donunu geyib, oynamasan gözümün bəbəyində

Səni mənə gətirməyən hansı yolun yaxasından yapışım?

Hansı səni gətirməyən yolun üzünə yumruqlar çırpım?

Hər yan yoldur,

Hər yan da yolsuzluq

Bu qara-qışlı şəhərin adı Təbriz deyil,

Sənsizlikdir xanım!

Əlimdən kim ala bilər qaça-qaça beynimə dayadığım tapançanı?

İstəsəydin tapardım səni,

Tapsaydım sevərdim səni,

Sevsəydim ölərdim səni,

Var olmağı unutdurub,

Yoxluqla istedadını mədə becərdən qadın.

Sən qadın olmayacaq idin

Sənə baş Şaman yoxluqları doğan tanrıça ad qoyacaq idi,

Mən axşamlar odlanacaq idim Kərəm kimi, yox ürəyim kimi.

 

İndi haradasan bir çiçək al özün üçün,

Qəfil bir axşam üstü gəl.

De “Gözləyirəm, tez yetir özünü”

Sonra

Boş yerini də yığışdır apar bu şəhərdən,

Apar əllərimdən əllərinin yoxluğunu.

Ürəyimdən sevgisizlik boşluğunu,

Apar çay içdiyimiz günün qoxusunu,

Amma,

Getmədən öncə bir də bax gözlərim, de:

- Sən yoxsan Vəhid.

 

II.

Davam etmişdi məndən öncələr torpaq

Sonrası da

Mənim görüşümə gəlib daşa rastlaşan hər kimi

Aldadıb məzarların memarı

Hansı funtda yazsalar adımı, yalandır

“Gördüyün yer daşdır, torpaqdır”.

Əlim, ayağım, gözüm çürüdükcə,

Gözün işlədikcə,

Unudulmaq yolundayıq.

Çıx şəhər qırağında təpə üstünə Xəlil Şəbani,

Məsələn yüz iyirmi il sonra bir nəfər də qalmayıb bu şəhərdə.

Yeni torpaq olmaq potensiyalı daşıyan adamlar gəlib

Yeni xəyanətlər, sevgilər,

Mən hər zaman əlvida dediyimdə bitir hər nə

Monro demişdi: “Ağıllı qız tərk olunmadan öncə tərk edər”.

Ağıllı oğul da əlvida eşitmədən, əlvida deyər.

Torpaq olmasına qalan hər bir şeyə,

 

Qucağımda pişik oturub indi.

Qucağımda sevgilim oturmuşdu illər öncə,

Ürəyimdə kədər oturub,

Kürəyimdə əzrail daşıyıram.

Sağ gözüm zəifləşib,

Şeirlərim kütləşib,

Kəlmələrim itib Xəlil.

Sənin adaşının qılıncı kimi mina dağında,

Şeirin ardın yazmağım gəlmir, son qoyuram başlamadan buna da.

 

III.

Yorğun bir pəncərəyəm

İki adam əlində

Baxılmağa yaradılmış.

 

Nisgil məndən baxılmayan bir cüt gözdür hər axşam,

Açılmağa iki əldir həsrətim.

Yorğunluq, sənsizlik kəlməsinin başqacasına yazılışıdır

Fasilədən yaranan qucaqsızlığının fotosu olmalı.

Köhnə bir kafedə tam bir leş kimi sərilməkdir sənsizlik,

Bunu pəncərəliyimin dilindən yazıram sənə.

Pəncərə açılmasa, qolları bağlıdır,

Qollarını uzat, nə qədər uzaq olsan da

Divarlardan aç məni.

Sən məni sevməyə çatan günə qaçım səni,

Divar, sənsizlik kəlməsinin başqacasına yazılışıdır;

Bunu sənsizliyimin dilindən yazıram sənə.

Yalqızlığıma toxunurlar yoldaşlarım,

Ara-sıra çoxlu qadınlarla yatmaqlarını özlərinə üstünlük sanırlar.

Məni “modern”

“ləş”

“məmiş”

Birisi sayırlar.

Yol-daşlarımın daşı sındırır şüşələrimi

Aç məni divarlardan bir mahnı kimi.

 

Bunu gecəliyimin dilindən yazıram sənə,

Arxadan vurulan yaralar çox olsa da,

Qulağım boş qalmasın mahnıdan ən azı.

 

Bəşər haqlarının mənşuruna de bunu da artırsınlar;

“Vurmayın kimsəni qaranlıqda

Qaranlıqda hardan vursan birisinin arxası sayılar.”

Biraz səsindən göndər, vurum yaralarım sağalsın.

Yorğun bir pəncərə var köhnə bir kafedə,

Əllərinsiz,

Gözlərinsiz,

Divar da bezib onu saxlamaqdan.

 

IV.

İndisə nə varlığın, nə yoxluğun

Nə də sevgiyə yazdığım şeirlər

Aldatmır həyatın acısını;

Sən düşünməyəcəksən

Şairləri axtardıqca şəhərdən bezməyi;

Bu gecə son əfyun olacaq

Şairlərin ağzından acıları gözəl eşitmək.

Sonralar bezəcəksən

Əllərimdən,

Gözlərimdən,

Şeirlərimdən,

Siqaretimin ucuzlu markasından,

Bir çiçək arzulayarsansa məndən

Səni aldatmaq üçün, mənimlə qalmağa...

Burax! Bu işlər bizə yaraşmaz dirilikdə

Çiçəklər başqa insanlarındır.

Vidalaşmadan telefonu bağla

Bir gecə başlansın yenə

İndisə polislər də çörək ümidini kəsiblər məndən.

Daha dindirmirlər əllərimi,

Bəlkə sanırlar bir kölgəyəm şəhərin ortasında,

Bəlkə də qaranlıq mənim kölgəmdir

Sərilib şəhərin üstünə.

Birazdan gündüz başlanacaq şair olmayan adamlara,

Zibilçilər süpürürlər göz yaşlarımı küçələrdən.

- Sən nə axtarırsan oğlan?

İtirdiyin, axtardığın nədir?

- Kaş o qıza heç nə deməyəydim.

- Burax, ümid ölmüşdü sən doğulanda

 

İndisə itlər də çörək ümidini kəsiblər.

Zibil qabılardan

Küsürlər, gedirlər şəhərdən.

Tulaları bizim daşlarımıza tuşlanmasın deyə

- Sən nə axtarırsan oğlan?

İtirdiyin, axtardığın nədir?

- Bəlkə bir itin yuvasından həyata baxmaqdır arzum.

- Burax! Şəhər itlərinin evi olmaz,

 

Dayan, dayan!

Getmə! O itin də evi yoxdur.

 

V.

Nə bir saz çala bildim,

Nə bir ay bacardım, rəsm edəm gecələrə.

Nə ata ola bildim, nə oğul,

Öz boğazını öz əllərindən qurtarmağa çalışan bir reformist

Həm silah sevdim, həm çiçək, həm qadın,

 

-Şəkillərdə sınıq-salxaqlığını “Gizlədənliyim”

Özünü inkar etdi dünən,

İfşa olmadan öncə-

Mən yollara baxıb getmək düşünən

Yollar isə yerdən qopa bilməyən çarəsizlər.

 

-Yollar özləri hardan getməlidirlər?-

Addımı yox imiş,

Yolların beyni boş imiş yoldaş.

Təkcə mən,

Dözümümü itirmişdim.

Yubandıqca,

Baxdıqca ala-toranlığa,

Gəl bir də

Əlimi boğazımdan qurtar.

Tut əlimi öz əlinlə

Burax məni,

Ayını çəkə bilmədiyim gecədə,

Sevdiyim silahla, güllə ilə.

Bir çiçək qoy yaramın üstünə

Və bir qadın mən üçün yox,

Yolların yolsuzluğuna ağlasın...

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.