Poetik Qiraətdə bu gün qazi şair Emin Piridir. Onun “Venesiyaya birinci məktub” şeiri lirik ovqatlıdır.
“Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.”
Elə başlanğıcdan adamı çəkir.”
Xoş mütaliələr!
Venesiyaya birinci məktub
Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.
Venesiyanın suları
gecələr pıçıldayırmı qulağına
Sumqayıtın yalnızlığını?
Heç gördünmü
Eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.
Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.
Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana
Yoxsa Venesiyaya?
Bədənimdən ayrı düşən ayaqlarım,
“Axilles dabanı”msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.
Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarırmı
getmə, qal, əsmər günəş-deyə?!
Üzük yerinə
öpsəmmi barmağından?!
…bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır itlər-
elə mənim dilimdə.
Çox yorulmuşam, şokolad qız…
Bu həyatdan nə doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.
Aldadasan hamını…
Elə özünü də
Tanrını da
Onun yazdığı 75 illik ömrü də
33 yaşında
atasan özünü
dənizin qolları arasına.
Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb deyə:
“Bağışla.
Bağışla məni”.
Mənim gücüm çatan iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç…
İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan…
Kölgəmiz cəsarətli çıxır özümüzdən.
Yuxularımız necə
Onlar da yazılıb alın yerinə?!
Şeytan Allahın,
gecə gündüzün,
yuxular həyatın
sən mənim kölgəmsən.
Ədəbiyyat və incəsənət”
(13.06.2024)