“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq Orxan Fikrətoğlunun “Ləkəli təkərləmə....” hekayəsini təqdim edir.
Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfiım” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan satirik kinojurnalının direktoru və ANS teleşirkətinin baş icmalçısı olub. On dörd bədii, üç publisitik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnallnda çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bplqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.
2023-cü ildə Mədəniyyət nazirinin müşaviri təyin edilib. Həmçinin həmin ilin dekabr ayından Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsini icra edir.
Ləkəli təkərləmə....
Hekayə
Ağlı ilə deyil, ürəyiylə yaşayan Qəqəni Səfərin ruhuna ...
Radionun səsi məhlənin üstünə yun şal kimi atılıb. Evlər istidən tərləyib, qapılar əsnəkdi. Hündür binaların ayağı altında qalmış məhlə kartondan düzəldilmiş kino-dekora oxşayır. Damlar ağ-qara şəkillər kimi parlaqdı. Adamların üzü muğam zəngüləsinin avazı təki ləngərlə təkrarlanır.
Segahın şirin yerində hardansa Dürnisə arvadın xırıltılı səsi eşidilir : - “Bir də bu dünyaya gəlsəm,
Atamın goru üçün qəhbə olacam.”
Abrından dastanlar danışılan Dürnisənin gəldiyi qənaət quşbaz Kərimi heyrətləndirir. “Əbrəş” göyərçinini qıvrım buludlu göy üzünə buraxıb Dürnisənin qırışmış əllərindən öpür.
-Elə danışma böyük məmə, biz sənə baxıb qız böyümüşük.”- deyir.
Dürnisənin çölə çıxmış gözləri Kərimin sözündən sonra yerinə qayıdır. Arvad işıqlanıb : - “Matışkə kişilər kimi əlimi nöş öpürsən, alə ” –söyləyir.
Dürnisənin min illik ərkini tanıyan Kərim toxtayır.
Göydə qəzəl qafiyəsi kimi oynaşan quşlarına baxıb, fit çala-çala dama qalxır. Məhlə əxlaqından arxayın olmuş Kərimin fiti də sevincəkdi.
İkimərtəbəli köhnə mülk uzaqdan yastı balabana oxşayır. Kərim bu balabanın deşikli yerindən durbinlə şəhərə baxır. Şəhər damdan çox hündürdədi, görünmür. O, hündürlüyə baxandan sonra Kərim çevrilib ayağı altında qalmış məhləsinə də baxır. Məhlə baxışlarından çox aşağıdadı. Xır əkən bəstəboy “kəndliyə” oxşayır.
Dürnisə arvad köhnə palazın üstündə oturub yun çırpır. İlləri ələmiş əllərinin heyi qalmayıb. Yun çubuğu üzü üzlər görüb yaprınmış yunu didə bilmir, eləcə havanı dilləndirir. Biri birinin əlindən tutmuş yunlar dəcəl uşaqlar təkin çubuqdan yayınıb yer üstündə “şalaxo” oynayırlar. Dürnisə arvad, orkestri çaşdrımış naşı dirijora oxşayır.
Valya xalanın əri Andro qapılarının ağzında başı aşağı durub altdan yuxarı məhlədəkilərə tamaşa edir. Uzaqdan Andro həvəngin dəstəsinə oxşayır. O, məhləyə köçəndən hamının baxışı dəyişib, altdan yuxarı olub. Əvvəl məhlənin gözünə yaxşı görünən nəsə indi pis görünür. Əvvəllər pis kimi tanınan adam indi yaxşı adam kimi tanınır. Daha məhlədə eyib tutan yoxdur. Nə istəsən eləyə bilərsən. Qınamayacaqlar. Hamının başı özünə qarışıb. ”Veçernə bazarında” olduğu kimi məhlə daha bahanı ucuz alır. Buludlardan aşağı taxtadan yonulmuş iki quş asılıb. Dinc gözləri qapalı, qanadları parıltılı, cinsi, adı bəlli olmayan quşlardır. Uçub eləmirlər. Eləcə göydən asılıblar. Qızılı lələkləri var. Xəzri olanda Xəzriyə, Gilavar olanda Gilavara yellənirlər. O, quşları küləyin gicavar vaxtı buludlardan kim asıb, niyə asıb, heç kəsin xəbəri yoxdur. Məhlədə heç kəs bu sualın cavabını axtarmır da. Hamı gözünü açandan o quşları göydən asılı görüb. Gözləri ilə gördükləri möcüzənin niyə quş şəklində olduğu da heç zaman məhlə adamlarına çöçün gəlməyib. Quşlar onların sirridir. Onlar bu möcüzəni gözləri ilə görə bildiyi üçün hər axşam göyə dua edirlər. Bu adamlar sirr adamlarıdır. Seçilmişdilər. Elə bir iş bilirlər ki, bu işi başqaları bilmir. Bu sirr həm də onları göyə yaxın edir. Göydəki ilə qohum kimi yaşayırlar. Göydən aşağı ancaq onların məhlələrində quşlar sallanıb.
Başqa məhlələrin quşları da başqadır, adamları da. Quşa görə onlar qəzavü-qədərə də daha çox bağlıdırlar. Olana tabe olandılar. İnandıqları yeganə möcüzə bu quşlardır. Quşlar onları görünən üfüqün cızığından çıxarıb. Doğulandan təkkə uşaqları kimi dincliyə, özünə qapanmağa meyillidilər. Ayaqlarına geyindikləri rezin “şap şuplarını” kandarda çıxarıb dünya xalçadı deyə üstünə çıxmırlar. Gözləri həmişə göydədir. Dəyişikliyi ordan gözləyirlər.
Səlimin oğlu Bahadır özünü tanıyandan tində dayanır. Bir ayağını qaldırıb divara söykəmiş Bahadırın saçları Buzovna yeli kimi titrəkdi. Məhlənin xırda uşaqları əsgər marşı oxuya-oxuya Bahadırın qarşısından keçib gedirlər. Bahadır yorğun Generallar kimi onlara əl eləyir.
Hər dəfə birinci mərtəbəinin kəllə qapısı açılanda Kərim udqunur. Qapıdan çölə çıxan Mərdan kişi hər səhər əlində təzə daş güzgü tutur. Güzgünün üstünə düşən gün işığı Kərimin gözlərini qamaşdırır. Mərdan əlində tutduğu güzgünü hər səhər tut ağacına söykəyir. Güzgünü görən məhlə adamları ağacın başına toplaşırlar. Güzgüdə görünən üzlərini biri-birilərinə göstərib gülüşürlər. Nədənsə onlara öz üzləri güzgüdə gülməli görünür. Uşaqların oxuduğu əsgər marşı da güzgüdə məzəli səslənir.
Gülən adamlara yuxarıdan baxan Kərim hər səhər “Olanla görünən yəqin başqa başqadır ” deyə düşünür.
Vaxtdan çıxmaq istəyən başıaşağı Andornun hər səhər altdan yuxarı səsi eşidilir : -“Ay kişilər belə yaşamayın. Düşər düşməzi olar. Elə bilirsiz Allahın səbri bir gün tükənməyəcək?”
Hər səhər məhlə adamları himə bənd imiş kimi bu sözlərdən sonra gülməklərini kəsib ağlayırlar.
Onda Andro ucadan: - “Ağlamaq lazım deyil. Mən başqa zaddan danışırdım.”- qışqırır.
Hər səhər məhlə adamları Mərdanın güzgüsünü daşla vurub sındırırlar. Hər səhər Mərdan sınıq güzgüsünü götürüb məhlədən qaçır.
Sonra yenə səhər də,
güzgü də, Mərdan da məhləyə qayıdır...
Qafar kişi məhlənin nəfəsliyidir.
Məhləyə gələn yel ondan keçib içəri girir. Qafar günəbaxana oxşayan arvadı ilə qapısının ağzındakı artırmada oturub çay içir. Arvad hər səhər Qafara özünə çöçün görünən tərsəvand sualını verir.
-“Qədeş, necə olur ki,meşədə bitən ağac susuz böyüyür, baxçada əkilən ağac böyümür? ”
Qafar dərindən nəfəs alıb üzünü arvadına tutur: - “Adamlar da belədir. Kökü susuz olanı var” - deyir.
Arvadı Qafarın nə dediyini anlamasa da evdə qanqaraçılıq düşməsin deyə dinmir. Qapıya sarı boylanır. Məhlənin qapıları ağzında əlində qırıq büst tutmuş Mərdan dayı dayanıb. O, elə indicə qan tər içində həyətə girib bürünc büstü tut ağacının altına qoyub. Məhlə adamları Mərdanın yerə qoyduğu büstü dövrəyə alıblar. Nadir kişi :-“ Bu kimdir,alə? “ - soruşur.
Mərdan:-“ Proletariatın rəhbəri Lenindir ”- deyir.
Nadir kişi: -“Alə, Lenin qurtardı da, it əl çəkib, motal əl çəkmir? ” - qışqırır.
Mərdan həyacanla məhlə adamlarının üzünə baxıb :-“Onu məhlədə gizlədə bilərəm?”- soruşur.
Dürnisə arvad:- “ Kimdən? ” – xəbər alır.
Mərdan:-“ Heykəlləri sökürdülər. Buna yazığım gəldi. O boyda kişidən bircə bu baş qalıb. Onu da kəsirdilər. Yəni mənim bir baş qədər bu məhlədə hörmətim yoxdur? Nə olar, icazə verin Lenini məhlədə gizlədim”. - deyir.
Səməd kişi söhbətə qoşulub:-“ Mərdan, bizi fırlatma... vaxtı gələcək, bu başın “Sabunçu baraxolkasında” yaxşı qiyməti olacaq. Satılanda sənə şərikəm ha...? ” - söyləyir.
Mərdan söhbətin bitdiyini anlayıb Leninin büstünü qucağına alır. Səntirləyə səntirləyə qapısına səmt gedir.
Dürnisə arvadın nəvəsi Sübhan qaça-qaça həyətə girib nənəsinin qırxtaxta tumanı altında gizlənmək istəyir.
Nadir kişi Sübhana :- “ Nənənin dalına niyə girirsən, alə ”- qışqırır.
Sübhan ağlaya-ağlaya :-“ Dünyadan qorxuram”- deyir.
Dürnisə arvad abrını vermək üçün Nadir kişiyə tərəf çönmək istədiyi an həyətə nazirlər kimi bahalı kostyum geyinmiş iki kişi girir.
Bahalı kişilərdən biri çantasından çıxardığı “noutbuka” baxıb:-“ Mərdanov qardaşları, on səkkiz A buradır ? ”-soruşur.
Məhlə adamları:-“Buradır ”- deyirlər.
İkinci kişi :-“Sizin kanalzasiya xətləriniz tutulub, təmir eləməyə gəlmişik”-söyləyir.
Səməd kişi gələnlərin bahalı görkəmlərinə göz vurub :-“ Siz doğurdan “zaxod” düzəldənsiz ? ”- soruşur.
Nisbətən cavan kişi:-“ Belə baxanda mən professoram, elmi açılışlarım da var. Kolleqam da elə-belə adam deyil. On il bundan qabaq yeni modeldə nüvə silahı icad etmişdi.”- deyir.
Səməd kişi köksünü ötürüb:-“ Keçmiş olsun, bala. Sonra nə oldu ki ? ”- soruşur.
İkinci kişi:-“Sonra bizə boru işlərini etibar etdilər. Elm zamanı deyil. Bazar dövrüdür. Neynəyək ? Acından ölək? Alimlərin çörəyi həmişə “poxdan” çıxır. Bu formulun subuta ehtiyacı yoxdur”, -deyir.
Səməd kişi:-“ Sizə baxanda Mərdana çox şükür ” - deyib qapısına tərəf gedir.
“Bahalı kişilər”-dən biri əlindəki iri açarla kanalizasiya xəttini döyəcləyir. İki-üç zərbədən sonra köhnə cuğun boru açarın zərbinə dözməyib partlayır..
Borudakı pislik çölə fışqırır...
Həyəti üfünətli qoxu bürüyür..
İki-üç dəqiqənin içində borudan fışqıran çirkab cu həyəti basır....
Qapılar, adamlar çirkli su altında qalıb görünməz olurlar....
“Bahalı kişilər” borunu təmir edə bilməyəcəklərini anlayıb məhlədən qaçırlar.
Göz görəsi bir-iki saatın içində məhlə çirkab suların altında görünməz olur.
Hardansa uzaqdan, suların altından Dürnisə arvadın nəm səsi eşidilir: ”Mən sənə neynəmişdim ki, axırımı belə yazdın, ey yeri göyü heç nədən yaradan kişi ? Məni bir təmiz yerdə öldürə bilmirdin? ”.
Kərim çirkabın göydən asılan möcüzə quşlara qədər qalxdlğını görəndə əlindəki durbini kənara atır. Çevik həmləylə quşlardan birinin belinə hoppanır. Quş belində adam olduğunu hiss edib dirilir. Kərim taxta quşun gözlərini açdığına sevinir. Barmaqlarının ucuyla onun isti qanadlarını sığallayır. Quş bu təmasa bəndmiş kimi göydən asılı iplərini qırıb buludlara doğru uçur. Kərim geriyə çevriləndə o biri quşun da arxalarıyca süzdüyünü görür. Min illik yuxudan oyanmış müqəddəs quşlar haralarasa çox yuxarılara doğru uçurlar. Hara getdiyini əvvəllər də düşünməyən Kərim belində oturduğu quşun iradəsindədir. Hara gedəcəyi onun üçün həmişə olduğu kimi bu gün də maraqlı deyil. Bu haqda heç düşünmür də. Onun üçün maraqlı olan yolun özüdür. Amma hardansa içində göynək bir sızıltı da var.
İndicə ayrıldığı keçmişi onu doğma haləsindən asanca buraxmaq istəmir. Son dəfə çevrilib çirkaba batmış keşmişinə, ömrünü yuxudaymış kimi şirin-şirin yaşadığı məhləsinə baxır. Məhlə görünməsə də, xatirəsi görünür. Keçmiş gözünün tutumundadır. Gözdən kənarda keşmiş olmur. Ancaq gələcək olur. Gələcək Kərimi qorxudur. Görəsən altındakı quş onu hara aparacaq ? Oralarda nə var? Gələcək keçmiş qədər tanış deyil deyə qorxuludur. Bir var harasa öz iradənlə gedəsən. Bir də var səni harasa aparalar. Bunlar fərqli- fərqli hallardır.
Kərim çətinlikə də olsa gözlərini açıb aşağı boylanır. Bütün dünyanı çirkab su basıb. Su göyün boğazına qədər qalxıb.
Buludların yarısı suda boğulub. Artıq geriyə yol yoxdur. Keçmiş su altındadır. Bəs gələcək? Kərim başını yuxarı qaldırıb bu dəfə dibsiz göy üzünə baxır. Göy üzünün tutacağı, görünən hər hansı bir əlaməti, daşı, ağacı olmur. Göy üzü sənə heş zaman olduğu kimi görünmür də. Ora ayağının heç zaman dəyməyəcəyi boşluqdur. Göydə toxunulası heç nə yoxdur. Oranın suyu da başqa cürdür. Oraların öz zamanı,
öz görüntüləri var. Belə baxırsan, göydə buludlardan savayı gözünə heç nə dəymir, amma nədənsə sənə elə gəlir ki, orda kimsə var. Göy üzü sənin uydurduğun qədərdir. Onu necə görmək istəyirsənsə elədir.
Göyün ölçüsü, şəkli yoxdur. Orda sənin öyrəşdiyin, ağlının kəsdiyi, sənə tanış gələcək keçmişin də yoxdur. Ənənədə yaşayan, dünyaya durbinlə baxan Kərimi qorxudan da budur....
Və beləcə Kərim göy üzünün dibsiz boşluqlarına baxa-baxa qəfil anlayır ki, göy üzü, sən demə, gedəcəyin yol qədərdir. Mütləq o yolun sonunda kiminsə olacağına inanmalısan. Yol varsa, deməli yolun axırında da kimsə olacaq. Yol adamı harasa aparmaq, kiməsə çatdırmaq üçün salınır axı. Kimisə tezliklə görəcəyini anlayan kimi Kərim toxtayıb quşun boynunu bərk–bərk qucaqlayır. Quş da Kərimin “yolu” anladığını görüb elə bil sevinir. Üç dəfə ucadan qağayı səsinə oxşar səslə cığırıb buludların arasına girir...
Kərim onu da anlayır ki, getdiyi yolun axırı olmaya da bilər. Keçmiş də, indi də,
gələcək də eləcə yoldu. Sən bu yolu keçmişsiz, gələcəksiz olduğu kimi anlamayınca, sədlərdən, mənindən çıxa bilməyincə yola yoldaş ola bilməyəcəksən. Getdiyin yeri sevmək, ora çatmaq istəmək də şərtdir.
Kərim hara getdiyini, niyə getdiyini və ən başlıcası, oralarda nə edəcəyini dəqiq bilmir. Hələ yol onu arıtlamalıdır.
Kərim nəhayət dərk edir ki, göy üzündə ona ağıl yox, ürək gərəkdir. Və elə həmin an da xatırlayır ki, ürəyi aşağıda, çirkab sular altında qalmış məhlədə qalıb...
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)