“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Sadıq Qarayevin “Düzülüş və mövcudluq” essesi təqdim edilir.
– O turşunun dadına baxmaq olar?
– Əla turşudu, buyurun baxın – satıcı bunu deyib, üç kiloluq şüşə balondan dəmir tutqacla kələm çıxarıb, mənə uzatdı.
Alıb yeməyə başladım, düzdür, anamın qoyduğu turşulara çatmazdı, O, əlinə keçəni – kələm, kal pomidor, ta nə bilim nələri yığıb qırx kiloqramlıq "filyak"a doldurar, nəyi, necə əlavə edər, bilmirəm, heç özü də bu işləri xüsusi qaydalarla eləməz, amma turşusu əvəzsiz olar. Ancaq bu turşu da çox dadlı idi, kimdirsə, peşəkar imiş.
– Bir kiloqram çəkin, – dedim.
Turşunun dadından zövq ala-ala günortadan düşündüyüm fikirlər yenidən ağlıma gəlməyə başladı…
Ağaclara baxırdım, onlar canlıdırlar... Canlı olmaq xüsusi bir mahiyyətdir. Nədir bu sirri-Xuda? Ağaclar ayrı-ayrı orqanlardan, orqanlar hüceyrələrdən ibarətdir, hüceyrənin öz elementləri var ki, onları da xırdalayanda kimyəvi maddələrə, molekul, atomlara gedib çıxır. Aha molekul, atomlar canlı deyil axı...
– Buyurun, üç kiloqram etdim.
– Yaxşı etdiniz, ama elə edin, yolda suyu süzülməsin, – deyib pulu verdim.
Yaxşı, belə çıxır ki, cansızların xüsusi düzülüşü, yan-yana gəlməsi canlı mahiyyəti yaradır... Eyni növ atomların fərqli cür düzülüşü müxtəlif xassəli materiya ortaya çıxarır. Məsələn, eyni cür karbon atomlarının fərqli düzülüşündən qrafit, kömür, almaz ortaya çıxır... Demək, nə sirr varsa bu düzülüşdədir, nəyin nəyin yanında olmasından asılıdır. Məhz bu düzülüş qaydası ALLAHDAN gəlir. Onun sayəsində düzülüş saxlanılır.
Birdən düşündüm ki, nəzəri baxımdan ALLAH bir anlıq yox olsa (Əstəğfurullah), bu düzülüş forması o an pozular, ağaclar, eləcə də heç bir canlı qalmaz. Maqnitin cəzbetmə, itələmə qüvvəsi, yerin cazibəsi də itər. Deməli, hər şey o anda yox olar.
Diqqətimi yolun qırağında, tut ağacının altında oturmuş, arxası mənə tərəf olan bir kişi cəlb etdi. Nəsə eşələnirdi. Aha, torbadan "çubuş" (kiçik araq şüşəsi) çıxardı...
Ona, bəlkə, turşu verim? – dərhal ağlımdan keçdi.
Ancaq camaatın içində əlimi necə salım turşu çıxarım, ona nə deyim verim? Ərincəklik, utancaqlıq və etinasızlıq yan-yana düzüldü.
Aptekə tərəf çöndüm, qızdırmasalan dərman almalıydım. Qızdırma... Bu nədirsə yüz faiz düzülüşün cüzi də olsa pozulmasıdır. Başqa cür necə ola bilər ki?
İnsanda canlı olmağı, deyək ki, ruhla əlaqələndirək, bəs heyvanlar, bitkilər? Deyək ki, canlı olan hər şeyin ruhu var, bəs su niyə mövcuddur? Axı o da iki – yanan və yanmaya kömək edən qazdan yaranır, özü yanğını, suzluğu söndürəndir... İnsan ölür, beş dəqq əvvəl isə sağ idi. Bu beş dəqqədə nə dəyişdi? Hər şey həmənki deyil? İlk baxışda hər şey yerindədir.
Aptekçiyə baxıram, o, keçəldi. Düşündüm ki, bu qədər dərman istehlaçısı, onu satan var, çoxu da keçəl, bə niyə başlarına dərman düzəltmirlər? Keçəllik də düzülüş pozuntusudur... Demək, satdıqları pul tələsidi..
Üç-dörd cür dərman təklif etdi, ən ucuzunu seçdim, onsuz da faydası yoxdu, düzülüşü pozulmuş orqanizmi özü düzəltməsə, heç nə kar etməz ki... O ki qala yaranandan düzülüşü pozulmuş dərmanlar ola…
Ölü ilə diri insanın fərqi orqanizmin ən kiçik elementllərinin düzülüş fərqidi... İnsanın düzəltdiyi şeylərdə də belədir. Təsəvvür edin, bahalı bir aftomobil düzəldirsən, hər şey var, mühərrik yoxdur, lap mühərrik də var, kiçik bir detalı yoxdur, yaxud elektrik sistemində bir məftil qırılıb, aftomobil işləməyəcək. Demək, mövcudluq bütöv sistemin ideal düzülüşündən asılıdır.
Hadisələr də belədir. Müharibədə məğlubiyyət və zəfər də bütün detalların ideal düzülüşündən asılıdır. Vaterolloda yağış imkan vermədi ki, Napoleon toplarını vaxtında istədiyi kimi düzsün, o, bütün müharibələri əsgər və toplarını ideal düzə bilmək istedadıyla uda bilmişdir. Bu dəfə yağış imkan vermədi, məğlub oldu. Belə çıxır ki, İlham Əliyev öz ordusunu zəfər çalmaq üçün ideal düzmüşdür. Elə siyasətini də.
Qarşı tərəfdə isə hər şey vardı – yüksəkliklər, çoxqatlı keçilməz sədlər, dəqiq artilleriya sistemləri və s. Hər cür üstünlük. Ancaq nəsə çatmırdı, ya ürək vurmurdu, ya beyin işləmirdi, ölü idi...
Həmən kişinin yanına yenidən çatdım, ona turşu verməmək düz olmazdı. Yaxşılıq etmək, onun zövq almağına səbəbkar olmaq hissləri yanaşı düzüldü. Bəlkə, elə bütün hərəkətlərimizin səbəbi müxtəlif motivlərin yanaşı düzülməsindən yaranır. Ağıl və hisslərin cərgəsində düzülür. ALLAH rəhmət eyləsin ədəbiyyat müəlliməmiz Solmaz xanıma, sinifdə səs-küy çoxalanda kübarcasına, qəribə zərif və ötkəm səslə:
– Xahiş edirəm, hisslərinizi cilovlayın, – deyərdi.
Yaxınlaşdım həmən kişiyə.
– Salam
...
– Turşu verim sizə, istəyirsiz?
– Hə, istəyirəm.
– Bir qab gətir verim, – deyib əlimi digər əlimdəki çoxlu sellofan torbalardan birinin içinə saldım.
Bir ovuc turşu qoydum.
– Nə bildin içirəm?
– Bilmədim içirsiz, amma içməli havadı, turşu da olsa, ləzzətli olar.
– Çox düz deyirsən, sağ ol, deyib kefi kök tez tutun dibindəki "evinə" getdi.
Onun kefi düzəlmişdi, turşudan çox, içməli hava olmasını vurğulamağım xoşuna gəlmişdi. İndi rahat içəcəkdi. Axı hamı ona içdiyinə görə başqa cür baxırdı. Necə başqa cür? Normal münasibətin pozulmuş düzülüşündə...
Bəs onda necə olur ki, bütün qaydalara riayət edilərək xüsusi düzülüşlə qoyulmuş satlıq turşular anamın xaotik qaydada qoyduğu turşudan dadsız olur? Demək, hər nizamlı baxış da ən düz olmaya bilər...
Evə çatırdım. Həmişəki kimi bu gün də faydalı işim nə oldu? – Sualına cavab verirdim: o kişiyə turşu vermək.
Adətim üzrə, çox vaxt olduğu kimi, səhər, günorta heç nə yeməmişdim, odur ki, yeməyə bərk girişmişdim. Həm də qulaq asırdım, danışırdılar, daha doğrusu, düzürdülər: Hazırlıq pulu, evə alınası ərzaq, telefon köhnədi, işləmir, ta nələr, nələr, problemlər...
Birinci sinfə gedən qızım yaxınlaşır, dəftəri uzadır:
– Ata, bax, ulduzlayımın sayı 12 olub...
Bütün problemlər yaddan çıxır elə bil. Demə, ailə də problemlərin, fərəhlərin, sevinclərin, sevgilərin qəribə düzülüş formasıymış.
Deyəsən, doyuram, daha turşu ləzzət eləmir, qocalığın sonlarında yaşamaq kimi... Bəlkə, elə həyat özü qəribə hadisələrin, ömürlərin, düşüncələrin, hisslərin özünəməxsus düzülüşüdür? Bu cür gözəldir, belə dadlıdır?
Eləcə də bütün mövcudluqlar xüsusi düzülüşün nəticəsi, görünənidir.
Nizamlı, həm də nizamsız...
Əslində, xaotikliyin, nizamsızlığın özündə də bir nizam vardır, yoxsa Laləzərin turşuları belə dadlı olmazdı...
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)