Şəhidlər barədə şeirlər – RÖVŞƏN MƏMMƏDOV

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rövşən Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

RÖVŞƏN MÜŞFİQ OĞLU MƏMMƏDOV

(29.10.1995.-13.10.2020.)

 

Mingəçevir şəhərində anadan olmuş, Əslən Şəkinin Böyük Dəhnə kəndindən olan, Sumqayıt şəhər 4 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Tərtər rayonu Suqovuşan.

Dəfn yeri:  Şəki rayonu Böyük Dəhnə kəndinin Şəhidlər Xiyabanı.

 

 ÖLMƏZ RÖVŞƏN

 

- Ana, əsgər gedirəm, salamat qalın, dedi,

Vaxtdır, azğın düşməndən qisası alım, dedi.

Göz yaşını gizlədib, ana: -Yaxşı yol, bala,

O böyük yaradanın nəzərində  ol, bala.

Torpaq sizindir oğlum, düşməndən almalısız,

Bir yolluq düşmən üstə qələbə çalmalısız.

 

Ana əziz balasın sonuncu dəfə öpdü,

Silərək göz yaşını, arxasınca su səpdi.

Rövşən yola düşdü zaman ayrı zamandır,

Bəlkə bu səfər ona ən böyük imtahandır.

 

Azərbaycan əsgəri tarixə sözün deyir,

Düşmən çaşbaş qalıbdır, gic kimi gözün döyür.

Budur qaçırlar onlar, qorxudan dovşan kimi,

Lap deşik axtarırlar, girməyə siçan kimi.

 

Rövşən yoldaşlarıyla daima qabaqdadır,

Güclüdür lap şir kimi, çünki Qarabağdadır.

Nə qədər yüksəkliyə sancılır bayrağımız,

Mərdlərin hünəriylə qayıdır torpağımız.

 

Bax ondakı cürətə, ondakı cəsarətə,

Suqovuşanda yetdi, ucaldı şəhadətə...

Gözlərinin önünə gəldi bir an Sumqayıt,

Mənzərə anasının sözü:-salamat qayıt.

Atası Müşfiq ona çox əziyyət çəkmişdi,

Gözün açmaq istədi, yox... qaranlıq çökmüşdü.

 

Məhsulun bərəkəti torpaqdadır, dəndədir,

Mingəçevir ilk məkan, o, Böyük Dəhnədəndir.

Qısaca ömründə o, keçdi nə qədər ünvan,

Bəzən neçə illərdən mənalı olur bir an.

 

Yaşadı ləyaqətli, şərəfli, gözəl ömür,

Qartal zirvədə uçur, qartal heç vaxt sürünmür.

Sumqayıt Rövşən  üçün necə doğma məkandır,

Burda hamı əzizdir, bir-birinə həyandır.

 

ADNSU-da oxumaq Rövşənə qismət oldu,

Müəllimlər verdiyi  “əla”lar qiymət oldu.

Buranı bitirərək olmuşdu geofizik,

Deyirdi xalqımızın xoş gələcəyi bizik.

 

Bunları bircə anda göz önünə gətirdi,

Mənalı  həyatını şərəf ilə bitirdi.

Adı düşdü Rövşənin ölməzlər sırasına,

Məlhəm ola bildi o, Vətənin yarasına.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.