Yelləncək - Sərvaz Hüseynoğlunun uşaq şeirləri Featured

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Sərvaz Hüseynoğlunun uşaq şeirləri  təqdim edilir. 

 

 

Dolu

 

Tamaşadı,

Baxanların gözü doymayır,

Dəcəl dolu özü çalıb,

Özü oynayır.

 

 

Elə bil ki...

 

Düşüb ələ-ayağa

Arı elə qaynaşır -

Orxan deyir, ay ata,

Deyən axı bal daşır...

 

 

Nə gözəl olar

 

Qalxan günəşdən

Qalxmaq öyrənək.

Enən günəşdən

Enmək öyrənək.

 

Gün qalxır, yenə

Gülür dağ-dərə.

Gün enir, baxın,

Gözəldir yenə.

 

Nə gözəl olar

Gülə-gülə sən

Günəştək qalxıb,

Enə biləsən.

 

 

Tənha ağac

 

Yuyub bəndi-bərəni,

Su basıb arxı gecə.

O üzdə qalan ağac

Elə bil çırmanıb ki,

Atlanıb arxı keçə.

 

 

Şaftalı bağında

 

Alı baxdı Vəliyə,

Vəli baxdı Alıya.

Bir-birinə him edib,

Cumdular şaftalıya.

 

Bir də baxıb gördülər

Sənəm xala yetişib.

And içdilər, yemirdik,

Baxırdıq ki yetişib?

 

 

Bağda

 

Bir daş atdı, şaftalı,

Bir daş atdı, nar gəldi.

Heyif, çox yığacaqdı,

Doldu cibi, dar gəldi.

Analar bir günəşdi

 

Ana adı, ünvanı

Deyildir yaddan çıxan.

Analar bir günəşdi,

Övladlar günəbaxan.

 

 

Pinti qız

 

Verib kol-kosa,

Cırıb donunu.

Anası yenə

Danlayıb onu.

 

İşə qarışıb

Tikiş maşını.

İncik bulayır

O da başını.

 

 

Dağ çayı

 

Yenə dağ çayı

Dağlardan qaçır.

Qorxmur azmağa -

Çünki yolunu

O özü açır.

 

 

Qızbəsin güllü donu

 

Qızbəsin güllü donu

Gül-çiçəkli, qarmonu.

Küləklər yırğalayıb

Necə çalır gör onu...

 

 

Yelləncək

 

Mələk yelləncək asıb

Ağacdan, oynayırdı.

Ağac da yırğalanıb,

Onunla oynayırdı.

 

 

Dibçək

 

Aşdı-daşdı

gül-çiçək.

İçində itdi

dibçək.

 

 

Dava

 

Kağızdan quş düzəldib,

Adil atdı havaya.

Məstan pişik sıçradı

Əlbəyaxa davaya.

 

 

Qoruqçu çay

 

O üzünə

keçmək olmur.

Biçənəyi

biçmək olmur.

 

Bizim bu çay

dəli-dolu.

Daşıb yenə,

kəsib yolu.

 

Dolu gəlir

o tay-bu tay.

Təbrik edin, işə çıxıb

yaz gələndən qoruqçu çay...

 

 

Arıçı

 

Arıçı, balmış dilin,

Taladı varın məni.

Ürəyimi gül bilib,

Çalmadı arın məni...

Arzunun hədəsi

 

Yatıbsan, tənbəl saat,

qoy, yuxudan duracam.

Tənbeh edib o ki var,

qulağını buracam.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.