“Çətinlər bu qədər asan sevilməz..” - Kəmaləddin Qədimin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Kəmaləddin Qədimin şeirləri təqdim edilir.

 

 

KİMİNSƏ UNUDUB GETDİYİ ADAM

 

Bir ac sərçəsinə dənəmmişəm mən,

Bir tox sərçəsinə ögeyəm, yadam.

Bu yolayrıcında mənəmmişəm, mən –

Kiminsə unudub getdiyi adam.

 

Həsrətə halım yox, dərdə tabım yox,

Dözümü hardasa qoyub gəlirəm .

Bitməyir özümlə haqq-hesabım, yox,

Özümü hardasa qoyub gəlirəm.

 

Baxın, bu qurağa axan su mənəm,

Özüyəm, qurağın özüyəm ya da.

Dəyişik salmayın mənəm, bu mənəm –

Özünü hardasa axtaran adam.

 

Bir qadın sevmişdim, şirin, çox şirin,

Şəkərdi, unutdum, baldı, unutdum.

Gözlərim ardınca yeriyib getdi,

Əllərim əlində qaldı, unutdum.

 

Nə hələ gün düşür o çəkən dağa,

Nə hələ o adlı yaram sağalıb.

Vallah, əzrayıl da tapmır almağa,

Canım o qadının yanında qalıb.

 

Bir ac sərçəsinə dənəmmişəm mən,

Bir tox sərçəsinə ögeyəm, yadam.

Bu yolayrıcında mənəmmişəm, mən,

Kiminsə unudub getdiyi adam.

 

 

HƏLƏ ZAMAN TUTUR, VAXT TUTUR MƏNİ...

 

Hələ zaman tutur, vaxt tutur məni,

Hələ özü bilən sayaq saxlayır.

Unutmaq istəyən unudur məni,

Kimdəsə var bir az maraq, saxlayır.

 

Xəlvət dayansa da qəsdimdə ölüm,

Uca qamətimdə, şəstimdə ölüm.

Gəzdirir gözünün üstündə ölüm,

İlahi, nə gözəl qonaq saxlayır...

 

Ətrafda nə varsa adamsayağı,

Yerişlər, duruşlar saxta, bayağı.

Gör necə götürür üzlər boyağı,

Üzləri gör necə boyaq saxlayır...

 

Qərib şəhərlərin, qərib köylərin

Dustaq adamları, zindan öyləri.

Nəyin üzərində durur göyləri,

Göyləri hansı güc, dayaq saxlayır?

 

Bilmirəm yuxumu, gerçəkmi adı,

Vallah, bir başqadır ləzzəti, dadı.

Hər gün ziyarətə gəlir bir qadın,

qəbrimin yanında ayaq saxlayır.

 

Nə yaman qəribə, qərib bu dünya,

Nə üzlər, sifətlər görüb bu dünya...

Divini yuxuya verib bu dünya,

Hərdən Cırtdanını oyaq saxlayır.

 

 

QARI NƏNƏMİN SON GÜNLƏRİ

 

Oturur ağrıyır, durur, ağrıyır,

“Allahım bu nə can, bədən?” deyinir...

Gərək tez gələydi deyir, bu gələn,

Gərək getməyəydi gedən, deyinir...

 

Qalmayıb ağrının ləzzəti, dadı,

Ayıra bilməyir qohumu, yadı.

Üstdə ”yarı gəlin, yarı qız” adı,

Tənha qoyub gedib dədəm, deyinir...

 

Deyirəm, bəlkə də, azı, ən azı

Darğındı, küskündü, çəkilmir nazı.

Kimdən narazıdı, nədən narazı,

Özü də bilmir ki, nədən deyinir...

 

Elə uzun-uzun yollara baxır,

Torlanmış gözündə şimşəklər çaxır.

“Harada sülənir bu ölüm axı,

Gəlib çatmadımı vədəm?”, deyinir...

 

 

MƏN ELƏ SONRAKI AĞIL KİMİYƏM

 

Diksinməz ahıma, naləmə Tanrı,

Çatsın adamlara naləm, çətin ki...

Qutsaldır, and içib qələmə Tanrı,

Büdrəsin əlimdə qələm, çətin ki...

 

Bu şər dedikləri minillik şərsə,

Hələ çox gedəcək işimiz tərsə.

Aləm ölər, – deyir, – alim ölərsə,

Alim ölüb gedir... aləm, çətin ki...

 

Əlimin bayrağı, ələmi dərddən,

Bağrıbadaş olur beləmi dərddən?

Eşq ilə tutmuşam şələmi dərddən,

Çətin, ağır gələ şələm, çətin ki...

 

Bir az son kimiyəm, axır kimiyəm,

Bir az röya kimi, nağıl kimiyəm.

Mən elə sonrakı ağıl kimiyəm,

Qayıdıb başıma gələm, çətin ki...

 

 

ÜSTÜNDƏ SƏBRİN OLMAZ?

 

Hər quş xəbər gətirməz,

Hər quş göyərçin olmaz.

Nə yuxular görərsən,

Birisi də çin olmaz.

 

Ha qoru, çək keşiyin

Bu bumbuz, boş beşiyin.

Yaşarsan, ev-eşiyin,

Ölərsən, qəbrin olmaz.

 

Vaxt da kəskin, sərt gələr,

Əldə min cür şərt gələr.

Bir gün Qiyamət gələr,

Hesabın, cəbrin olmaz.

 

Gözlərində nəm artıq,

Kədər artıq, qəm artıq.

Dözə bilmirəm artıq,

Üstündə səbrin olmaz?

 

 

ÇƏTİNLƏR BU QƏDƏR ASAN SEVİLMƏZ...

 

Yarımaz dünyaya hər gələn adam,

Dünyaya hər ayaq basan sevilməz.

Gözdən uzaqlarda köhnələn adam,

Qaydan bəyənilməz, yasan sevilməz.

 

Zaman bir başqadı, qardaş, sən başqa,

Torpaqda dən başqa, saçda dən başqa.

Üstündə kağızdan, qələmdən başqa

Bir şey tapılmayan masan sevilməz.

 

Söylə, görmədinmi darda, çətində

Nələr zahirdəydi, nələr bətndə?

Sevilməz Yezidlər səltənətində,

Sevilməz, Hüseyn, Həsən sevilməz.

 

Çox da korun-korun əriyən şamsan,

Nolacaq, əriyib dibinə damsan?

Hələ də deyirlər, çətin adamsan,

Çətinlər bu qədər asan sevilməz..

 

 

PIÇILDAR MƏNİ

 

Mənsizlik məndən sonra

Əlbət, pıçıldar məni.

İtirmədiyim abır,

İsmət pıcıldar məni.

 

Tənhayam, təkmişəm ki,

Kimə gərəkmişəm ki?

O qədər çəkmişəm ki,

Həsrət pıçıldar məni.

 

Çox qalmaram canda, çox,

Damarda çox, qanda çox.

Eldən-obadan da çox

Qürbət pıçıldar məni.

 

Tək adı yar evində,

Nəfəsi dar evində.

Bir qadın var, evində,

Xəlvət pıçıldar məni.

 

Arıtmasa su daşı,

Göz yaşınla yu daşı.

Bu qayanı, bu daşı

Tərpət, pıçıldar məni...

 

 

SEÇİM YANLIŞ OLUB...

 

Bir ömür sürmüşəm yaxşı-yamanlı,

Çox da işim-gücüm çalışmaq olub.

Çox da ki, oğulun-qızın yanında

Alnım açıq olub, üzüm ağ olub.

 

Seçim yanlış olub, seçim, bəlkə də,

Gərəkmiş üstündən keçim, bəlkə də.

Ən böyük günahım, suçum, bəlkə də,

Bu bəxtlə, teleylə barışmaq olub.

 

Ha sev sevdiyini sev, gedən, artıq

Saçımda, başımda sevgi dən artıq.

Eh, mənim sevgim də, sevgidən artıq

Birinə öyrəşib, alışmaq olub.

 

Hərdən olmamışam özümdə, Tanrı,

Yox olub bu dünya gözümdə, Tanrı,

Bağışla şeirim də, sözüm də, Tanrı,

Sənin işlərinə qarışmaq olub.

 

 

BİLİRƏM Kİ, MƏLƏK BİLİR...

 

İtiriblər bir apaydın səhərdə,

Ya dumanda, çəndə məni, fərqi yox.

Gəzən yoxsa bu qosqoca şəhərdə,

Görən, yoxsa məndə məni, fərqi yox.

 

Nəsən, yağış, çölün sudu, için su,

Sənə dözmək nədir ki, bir içim su.

İslanmışın yağışdan nə qorxusu,

Sən də islat, sən də məni, fərqi yox.

 

Son şərqimdi ac sərçənin oxusu,

Nəfəsim yox dırmanım bu yoxuşu.

Ya torpağı yem eyləsin, ya quşu

Bu bədəndə, təndə məni, fərqi yox.

 

Nə “baxaq”, nə “görək” bilir Allahım,

Gərəkəni gərək bilir Allahım.

Bilirəm ki, mələk bilir Allahım,

Kim bilirsə, bəndə məni, fərqi yox.

 

 

ÇIXIN İÇİNDƏN BOYANIN

 

Kimdi bu saxlayan məni,

Özünə bağlayan məni?

Kimdi, kim, ağlayan məni

Qəbrin dalında gizlənib?..

 

Min ayəsi var kitabın,

Aç kitabı, haqqa tapın.

Elə hər kəs bir hesabın,

Cəbrin dalında gizlənib.

 

Bu şan-şöhrət, bu var, kişi,

Yaşamağa nə var, kişi?

Nə boyda laydivar kişi

Səbrin dalında gizlənib...

 

Çıxın içindən boyanın,

Məndən uzaqda dayanın.

Mən ölmüşəm bir həyanın,

Abrın dalında gizlənib...

 

 

URUDSUZ GƏLMİŞDİ, URUDDU GETDİ

Qonşumuz Urudlu Aynişan xala yuxuma gəlmişdi

 

Yuxuma gəlmişdi Aynişan xala,

Umudsuz gəlmişdi, umuddu getdi.

O qədər şad xəbər dedim ki, vallah,

Dərdini-qəmini unutdu, getdi.

 

Bir az yaş gəlmişdi yaşının üstdə,

Qırışlar artmışdı qaşının üstdə.

Dedim ki, Şuşanın başının üstdə

Sən deyən o qara buluddu, getdi.

 

Sonunda gücümüz gəldi kara, bax,

Sağaldı, korşaldı o bəd yara bax.

Artıq azad olub külli-Qarabağ,

Gözünün yaşını qurutdu, getdi.

 

Gördüm ki, danışmır nəsə Uruddan,

Qıymadım bir az da susa Urudddan.

Bir şeir oxudum Musa Uruddan,

Urudsuz gəlmişdi, Uruddu getdi.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.