“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün Müsahibə zamanıdır, sizlərə Günel Natiq tanınmış yazıçı Seyran Səxavətlə söhbəti təqdim ediləcək.
O, sözün də, insanın da safını sevir. Azərbaycan ədəbi dilinin normalarına xələl gətirən yazılar onu xəstə yatağına belə sala bilir. Müdrik zarafatlarına görə isə onu çağdaş günümüzün Molla Nəsrəddini adlandırmaq olar.
Azərbaycan ədəbiyyatının Seyran Səxavəti ilə söhbətimizə ustad yazıçının uşaqlıq illərilə bağlı xatirələrdən körpü saldıq.
– Seyran müəllim, doğrudur ki, ilk şeirinizi rus dilində yazmısız?
– Şayiədi. Bizim millət şayiə janrını xoşlayır. Hansısa informasiyanı alır, o informasiya onu doyurmayanda, böyür-başını şayiə janrında tamamlayır. Şeir rus dilində deyil, sadəcə, rus sözləri var içində. Rus qızına yazmışdım o şeiri, rus dili müəllimimizin, Lena müəllimənin qızıydı. Kənddəki bütün qızlardan fərqlənirdi. Özünə sığal çəkirdi, saçlarına tumar çəkirdi, lent vururdu, olurdu gözəl. Bütün oğlanlar da onu sevirdi. Bizim qızların ağlına gəlmirdi özlərinə sığal çəksinlər. Mən də 3-də, ya da 4-də oxuyurdum, dəqiq yadımda deyil.
Bizim torpaq da ki güclü, yeməli torpaq! Ayağımız torpaqda, başımıza da gün vurur – Qarabağ günəşi! Düzdü, belə coğrafi termin olmasa da... Orda oğlan uşaqları çox tez ayılırdı. Çox tez cücərirdilər. O cücərənlərin içində, yəqin, mən də olmuşam. Rus dili müəlliməsinin qızını sevənlərdən biri də mən idim. O vaxt rəhmətlik anam Füzuli şəhərindən kəndə gəlin gəlmişdi. Kənddə iki kitabxana vardı: biri kolxozun kitabxanası, biri anamın kitabxanası. Anam bizim kəndə çox şeylər gətirmişdi. Kənddə şoraba nə olduğunu bilmirdilər. Anam onlara öyrətdi. Mürəbbə nədir, bilməzdilər. Uzaqbaşı tutdan "irçal" deyilən şey var, onu bişirərdilər. Anam müəllimə idi, rus dilini çox gözəl bilirdi. Ondan iki həftə aralıqla üç söz öyrəndim. Bir gün soruşdum ki, "mən" nə deməkdir? Dedi "ya". Bir həftə sonra, anam ilk xəbər aldığım sözü unudanda soruşdum ki, "səni" nə deməkdir? Dedi, "tebya". Bir həftədən sonra da "sevirəm" sözünün mənasını öyrəndim.
– Bu minvalla “əsas sözlərin” mənalarını öyrənmiş oldunuz...
– Hə, əsas sözləri öyrəndim və kolxozun həyətində ot tayasının yanında rus dili müəlliməsinin qızı gəlib keçəndə tutdum onu. Dedim: "Ya tebya lyublyu". O da qayıtdı ki, net.
Gəldim evə, anamdan ümidlə soruşdum ki, "net" nə deməkdi? Dedi, "net", yəni yox.
– Həyatınızın ilk rədd cavabını aldınız beləcə...
– Ay sağ ol. O sarsıntıdan iki bənd şeir yazmışdım.
İndiyə qədər yadımdadır:
Sizdən bir cavab istədim,
Rusca mənə "net" dediniz.
Saf eşqimi lağa qoyub,
Hərdən "privet" dediniz.
Amma düşünmədin, gözəl,
Gördüyün iş necə işdi?
Mən biləni, anan sənə
Rusca layla deməmişdi.
– Şeiri kiçik yaşda yazsanız da, hissiyyatınız güclü olub. Xüsusilə son misra çox təsirlidir...
– Hə, yəni rusca yazmamışam, obyekt özü rusca olub.
– Deyirlər, kənd uşaqları sevəndə gözəl sevir, şəhərdə böyüyən uşaqlar belə dəli-dolu sevməyi bacarmır...
– Kim deyibsə, düz deyib. Şəhər çox yekrəngdi. Şəhərdə nə var? Ancaq yekrəng evlər, küçələr, asfalt, avtobuslar, trolleybuslar və başqa maşınlar. Şəhərin atributları bununla da qurtardı. Amma kənddə nələr yoxdu. Çinarlar, dağlar, dərələr, təpələr, bulaqlar, meşələr, çəmənliklər...
– Bütün bunlar adamı şair edir...
– Elədi. Şəhərdə hər yerin öz adı var da, düzdü? Şəhər İcra Hakimiyyəti tərəfindən adlandırılıb. Kənddə icra hakimiyyəti-filan yox idi, amma hər yerin öz adı vardı. Məsələn, Çirişli dərə. Orda çiriş bitirdi. Qaraquzey. Arazölən, Taxtalı. Bütün bunlar kənd adamını yerə- yurda doğma edirdi. Hər kəs elə bilirdi ki, kənd onun özününküdür. Şəhərdə yaşayan adam heç vaxt şəhəri özününkü hesab eləmir, çünki şərik çoxdur.
Mənə bir dəfə dedilər ki, niyə sən çox vaxt gecələr işləyirsən? Dedim, çünki gecələr bəşəriyyətin yarıdan çoxu yatır, dünya daha çox mənimki olur.
– Şəhərə özünü yad hiss edənlər, şəhərin özünə yad hiss etdiyi adamlar, yəqin ki, bunun xiffətini çəkir.
– Bunun çox qısa cavabı var. Gözünü şəhərdə açan, ömür boyu şəhərdə yaşayan adam kəndə ezam olunsun – 10 illik, 15 illik. O hansı dərəcədə kəndçi ola biləcəksə, şəhərə gələn kəndçilər də o qədər şəhərli olacaq. Bunun cavabı budur, özü də mütləq cavabdır ha, başqa variantı yoxdur.
– Siz bir ifadə işlətdiniz, dediniz, "yeməli torpaq". Kənddə doğulan yazıçının ən böyük gücü torpağı hiss etməyidi. Şəhərdə doğulan yazıçı bunu hiss edə bilməz.
– Düzdür, yenə özümdən sitat gətirəcəyəm, aşıq gördüyün çağırar... Bir dəfə Novruzqabağı televiziyada çıxış edirdik, qabaqdan da torpaq çərşənbəsi gəlirdi. Dedim, ümumiyyətcə, Novruz bayramı şəhər adamlarına aid deyil. Aparıcı da yaxşı bir qız idi, deyəsən, bakılı idi. Gördüm, mısmırığını salladı. Dedim, qızım, incimə e, torpaq çərşənbəsi var, elədir? Bəs asfalt çərşənbəsi necə, var? Dedi, yox. Dedim, day nə deyirsən?
(gülüşmə).
Torpaq enerji mənbəyidir. Mənim üçün günəşdən də güclü enerji mənbəyi torpaqdır. Torpaq zəhər kimi istiot da yetişdirir, bal kimi əncir də. İşə bir bax! Məkan, zaman bir, dad- tam başqa. Günəşdə biz bunu hiss etməmişik. Demək, torpaq günəşdən də güclü enerjiyə sahibdir.
Torpağın bir üstünlüyü də var. Günəş yandıra, məhv edə də bilir, amma torpaq mərhəmətlidir. Torpaq kimi yandırıb indiyə qədər?
"Baş redaktora süd apardım ki, içib əmələ gəlsin"
– Seyran müəllim, o vaxt sizə məsləhət görüblər ki, Qızıl Meydana, Kremlə, Lenin babaya şeir yazasız. Nəzərə aldınızmı?
– Deyim də. Bizim rayonda "Qızıl Araz" qəzeti çıxırdı. Allah rəhmət eləsin, çox möhtəşəm bir baş redaktoru vardı, Firuz Atakişiyev. Qələmi olan adam idi. Rus qızına yazdığım şeiri apardım, oxuyub güldü. Qəzet şəhər mərkəzində yerləşirdi, bizim kənd – Yağlıvənd kəndi isə Ağdam – Füzuli yolunun kənarında. Arada 7 km yol var idi. Ya atla gedirdim, ya eşşəklə. Redaksiya da məsciddə yerləşirdi. Özümlə də bir litr süd aparmışdım ki, bu arıq, cansız kişi içsin, bir az əmələ gəlsin.
– Balaca yaşınıza uyuşmayan çoxbilmişlik...
– Hə, görünür, o vaxtdan canımızda varmış, mən bunları sonradan dərk edirəm e. O vaxtdan danışıram, amma bu vaxtın adından. Rus qızına yazdığım şeir bir az antisovet şeiri kimi çıxırdı. Dedi, bala, Şamama Həsənovanı tanıyırsan? Şamama Həsənova da SSRİ Ali Sovetinin deputatı idi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı... məşhur adam idi, bir sözlə. Dedim, tanıyıram. Dedi, hə, bax, ondan yaz, partiyadan yaz, Lenindən yaz, Qızıl Meydandan yaz. Mən də çap olunmaq istəyirdim. Şamama xanımdan yazmadım, baxmayaraq ki, onu bir dəfə görmüşdüm. Gördüyümdən yazmadım, amma görmədiyim Qızıl Meydandan, görmədiyim Moskvadan, görmədiyim Lenin "babamdan" yazırdım. Yəqin, bunlar da ürəkdən gəlmədiyindən baş redaktor oxuyub deyirdi, get bir az da yaz.
– Siz bu haqda ürəklə və əlbəttə ki, yumorla söhbət açırsız. Hərçənd şairlərin çoxu Leninə şeir həsr etdiklərini danırlar.
– Mənim yaşıdlarımdan da bunu danan var, onlar saxtadırlar. Özlərinə də deyirəm. Deyirəm ə, yazmışıq da. Boynuna almamaq nə deməkdir? Bilirsən, bu nəyə oxşayır? Bir qatarda gedirik, sən beşinci vaqondasan, mən onuncu vaqonda. Nə sən çalışa bilərsən məndən sürətlə gedəsən, nə də mən çalışa bilərəm mənim vaqonum səninkindən sürətlə getsin. Sürətin vahid və mütləq olduğu məqamlar və məkanlar var.
– Seyran müəllim, siz kifayət qədər populyar şair olmusuz. Bəs siz şeirə nə vaxt inanmaqdan vaz keçdiniz ki, nəsr yazmağa başladınız?
– Yox, bu şeirə olan inamsızlıqdan gəldiyim nəticə deyil. Ən azı ona görə ki, şeirin də, nəsrin də materialı sözdü də. Sadəcə, mən 4-5 il heç nə yaza bilmədim. Hətta Məmməd Araz "Ulduz" jurnalında məqalə yazmışdı ki, Seyran Səxavət niyə ədəbiyyatdan qaçaq düşüb? Mən həm ölkədən getmişdim, Bişkekdə işləyirdim, həm də elə bil ki, ədəbiyyatdan getmişdim. Yaza bilmirdim, yazmırdım da. Bir dəfə bir jurnalist məndən soruşdu ki, siz 5 il susmusunuz, nə üçün susdunuz? Dedim, o vaxta qədər yazmışam, pis-yaxşı, ədəbiyyata xidmət etmişəm. Beş il susmaq da o deməkdir ki, beş il də yaza bilməyəndə susmağımla ədəbiyyata xidmət etmişəm. Və özümü haqlı hesab edirəm. Sonra mən şahın vaxtında İrana işləməyə getdim, 1974-cü ildə. Artıq 4-5 il idi ki, heç nə yazmırdım. Beynimdə nəsə fırlanırdı, dumanlı şəkildə, ordan da buxarlanıb gedirdi. Yəni gəlib ürəkdən keçmirdi, yol bağlanmışdı elə bil. Orda ilk hekayəmi yazdım. İranda işləyəndə "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəbiyyat qəzeti"nə abunəydim. Göndərdim "Ədəbiyyat qəzeti"nə. Üzeyir Hacıbəyovun yubileyi ərəfəsində, 15 sentyabr nömrəsində dərc olundu. Nəsə nəsr məni daha çox çəkdi. Şeirlə nəsrin fərqini mən müsahibələrimin birində qısa və konkret belə demişəm ki, şeir mənim üçün şəhər uşağıdı, nəsr kənd uşağı. Elə bil mən öz ilkinliyimə qayıtdım. Baxmayaraq ki, ikisi də sənətdir, ikisinin də materialı sözdü, nəsr mənə daha ciddi gəldi.
Elə olub ki, bir oturuma on iki şeir yazmışam, elə olub, on oturuma bir şeir də yazmamışam. 7 roman yazmışam, 8-9 povestim var, radio, televiziya pyesləri, teatr tamaşaları üçün pyeslər... Yəni nəsr mənim üçün bir az torpaq işidi, ağır işdi.
– Əsərləriniz arasında fərq qoyursuzmu? Valideynlər də övladlarının ən uğurlusunu sevirlər...
– Mənim öz əsərlərimə baxışım, deyim, necədir. Bunlar, əslində, bir əsərdi. Şərti olaraq birinin adı "Nekroloq"du, biri "Daş evlər"di, biri "Yəhudi əlifbası". "Seyran Səxavətin yaradıcılığı"- bax, düzgün ifadə budu. Əslində, bunun özü də şərtidi. Bir az böyük miqyasda götürəndə, var "Azərbaycan ədəbiyyatı". Seyran Səxavət yaradıcılığı o ifadənin içindədi. Adlar şərtidi. Hətta Seyran Səxavətin özü də nisbətən şərtidi.
– Bir neçə il qabaq romanlarınıza tənqidçilərin bir az laqeyd yanaşmasından gileylənmişdiniz...
– Laqeydlik bir az ayrı şeydi. Məsələn, götürək "Nekroloq" romanını. "Yəhudi əlifbası"nı da onun davamı hesab edirəm hardasa. 60 ildir ədəbiyyat aləmindəyəm, pis-yaxşı hamını tanıyıram. Adlı-sanlı, bərkgedən tənqidçilərin hamısına o kitabı verdim və dedim ki, bunun altını üstünə çevirin, nə bilim, əlcək kimi çevirin, nə istəyirsiz, edin. Heç biri yaxın dura bilmədi. Bu, biganəlik yox, prinsipsizlikdi. Həm də sözə olan diqqətsizlikdi. Çoxdan bu fikirdəydim, bu fikir son iyirmi ildə təsdiq olundu: sovet dövründə muzdlu tənqidçilər vardı, müstəqillik dövründə isə "Azərbaycan tənqidi" deyilən anlayış günəmuzd tənqiddən ibarətdi.
"Yer kürəsini ağıllı adamlardan qorumalıyıq"
– Sizin kitablarınız sovet dövründə böyük tirajlarla çap olunub. Məsələn, o dövrdə bestseller sayılan "Daş evlər" 90 min tirajla çap olunub və hamısı da satılıb. Kitablarınızın böyük tirajla çap edildiyi dövr üçün darıxırsınızmı?
– Əlbəttə, darıxıram, adam döyüləm? Elə darıxıram! Heç bir zamanı, elə məkanı da qaralamaq olmaz. Böyük mənada "zaman" deyirəm ha. İndi "zaman"ı da yerində işlətmirlər. Deyirsən, gedək çay içək, deyir, zamanım yoxdur. Zaman ayrı şeydi, zamana minilliklər sığmır. Hə, şura hökumətinin çox gözəl cəhətləri vardı. İndi mənim kitabım çıxır 200-300 tirajla, o vaxt çıxırdı yüz min tirajla, Moskvada əlli min tirajla. İndi mən durub deyim, darıxmıram?
– Belə bir fikir var ki, o vaxt internet olmadığına görə yeni nəşrlər hadisə sayılırdı.
– İnternetin qəti dəxli yoxdu. Sən mənə bir il qabaq kitab vermişdin, bir günün içində oxudum, onda internet yox idi?
Biz söhbətimizdə bəzi bəlalardan danışdıq. Ola bilsin, sənə qəribə gəlsin, amma bütün bəlaların kökündə, fövqündə bir şey dayanır. Biz insan olaraq dünyanı, yer kürəsini və bəşəriyyəti ağıllı adamlardan qorumalıyıq! Yoxsa dünyanı dağıdırlar!
– Texnologiyanın insan faktoru üzərində üstünlüyünü nəzərdə tutursuz?
– Elə hər mənada deyirəm. Dünyanı irəli aparmaq nə deməkdi? Dünyanın öz sürəti var, öz tənzimi var. Mənim bir nənəm vardı, şuşalı qızı idi, onlar özlərinə "qalalı" deyirlər. 1961-ci ildə Qaqarin kosmosa uçanda dedi ki, göyün filan yeri yırtıldı, bundan sonra dünya dağılacaq. Savadsız adam idi, belə bir şərh vermişdi bu hadisəyə.
O ağıllı adamların üzündən insanlar dünyanın bütün gedişatına qarışır. Tənzimat pozulur. Adicə bir şey deyim sənə. İsfahanda mən bir hamam görmüşəm, bircə şamla işləyirdi. Amerikanlar gəldi görsünlər ki, nə məsələdir, korlayıb getdilər. İndi şam da yanmır, hamam da işləmir. Yer kürəsi həmin ağıllı adamların "hesabına" korlana-korlana gedir.
– Onda bəşəriyyətin ilkinliyinə qayıdaq? Əgər ağıllı adamlar olmasaydı, bu gün söhbətimizi yaddaşda saxlamaq üçün səsyazmadan da istifadə edə bilməzdik...
– Eləməzdik, əlimizlə yazardıq! Bu bizə nə verdi? Bax, 30 il qabaq televizoru yandırmaq, ya kanalları dəyişmək üçün gedib gəlirdik, bir az hərəkət edirdik. İndi piylənə-piylənə oturmuşuq. Varlığın piylənir, bədənin piylənir, beynin, düşüncən piylənir, həyata olan sevgin, eşqin piylənir. "Bəşər sivilizasiyası" deyirlər, mən bu sözü qəbul eləmirəm. Orijinal görünmək xatirinə deyil. Götürün dünyanın son 100 ilini. Gör nə boyda haqsızlıqlar, ədalətsizliklər, insan adına yaraşmayan işlər baş verib. Bunların hamısının da səbəbkarı ağıllı adamlardı. Ona görə dünyanı onlardan qorumaq lazımdı, dünya öz başını saxlaya bilər.
"Mən öz sözümə baxan adamam"
– Seyran müəllim, mən bir dəfə oxudum ki, siz roman yazmazdan əvvəl yazı masanızı öpürsüz, tumarlayırsız...
– Ona yaltaqlanıram də.
– Yəni bu yanaşmanın uğur gətirəcəyinə sizdə mistik inam var?
– Hə, bir növ özümü inandırmışam, özü də inandırmaqda çox zəhmət çəkməmişəm, mən özüm öz sözümə baxan adamam. "Sitizen" saatım vardı, bir də "Təxti Cəmşid" təsviri olan qızıl üzük. Saatı çıxarırdım, üzüyü də qoyurdum üstünə. Bir ay təxminən hər şeydən imtina edirdim. Natiq Səfərovla, Ramiz Rövşənlə, heç kəslə görüşmək olmaz, heç kəslə.
Əsas birinci cümləni tapmaqdı. Mənim iki hissəli "Qaçaqaç" romanım təxminən min səhifədi. Öz həyatımdan – məndən keçən və mənim keçdiyim adamlardan yazmışam. Birinci cümləni mən aparmalıyam, yerdə qalan bütün sözlər məni aparmalıdı. Çünki sən sözü uzaqbaşı bir cümlə məsafəsinə qədər apara bilərsən, amma söz səni min cümlə məsafəsinə də apara bilər.
– Romandan yenidən şeirə keçid etmək istəyirəm, çünki siz dediyiniz kimi, bunlar bütöv mənada, "Seyran Səxavət yaradıcılığı" kimi qəbul edilməlidir. Sizin "İlk məhəbbət, son məhəbbət" şeiriniz on ən yaxşı sevgi şeirindən biri seçilib. Deyirsiz ki, "İnsan bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş". Siz bu şeiri yazanda, doğrudan, buna inanırdız?
– Bəli. Bu şeir yazılıb 22 yaşın içində. Mən yazanda ki, insanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş, buna yüz faiz inanırdım. O obyekt də məlumdur, indi həyatdadır. Şeir kənd cavanının şəhər qızına olan sevgisiylə bağlı yazılmışdı. Ata-ananın ərköyün bircə qızı... Otuz yaşdan sonra mən anladım ki, özümə şər atmışam. İnsanlar bir dəfə doğulduğundan elə min dəfə də sevə bilərmiş. Həyat davam edir. Sevgi də adam kimidi. Adamlar doğulur, yaşayır, ölür. Sevgi də elədi. Amma iki seriyalı sevgilər də var, filmlər kimi. Sevgi var, bir seriyadı, qurtardı, öldü getdi. Yeddisi, qırxı çıxmamış da unudulub gedir. Elə sevgi var ki, hörmətə çevrilir. Onu da təşkil etmək mümkün deyil, gərək öz-özünə baş versin. Sevgi hörmətə çevriləndə qala bilir, nümunə ola bilir, başqalarının qibtə obyektinə və məkanına çevrilə bilir.
– Belə çıxır, şeirdə həqiqətdən çox yalan var.
– Bir türk mahnısının sözlərini eşitmişdim, çox xoşuma gəlmişdi: "Öylə bir yalan de ki, inanmayım yalandı". Füzuli baba nə deyir? "Aldanma ki, şair sözü, əlbəttə, yalandı".
– Bu misralardakı hisslərin ölməzliyinə elə inanmaq istəyir ki, insan.
"Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan".
– Bayaqkı şeirin sonudu. Məhəbbət Kazımov mahnı da yazıb, məşhur mahnıdı. Bu şeiri o vaxt qızlar "Xatirə" dəftərinə yazırdılar. Sonra bizim arvadın da "Xatirə" dəftərindən çıxdı. Çox populyar şeir idi, adamlar bir-birinə göndərirdilər. O şeirin hesabına mən təxminən 1200 manat pul qazanmışam. "Qaçaqaç" romanında yazmışam bunu. 22 yaşında mən şərqşünaslıq fakültəsinin 3-cü kursunda oxuyurdum. Bizim bir məşhur şairimiz zəng etdi ki, radiodan səni axtarırlar. Şaxtalı bir qış günü idi. Getdim. Dedi, sənin şeirlərin xoşuma gəldi, gəl 10 dəqiqəlik "Poeziya dəqiqələri"ndə şeirlərini oxu. O vaxt o verilişə Məmməd Rahim, Bəxtiyar Vahabzadə kimi məşhur şairlər çıxırdı. Mənim o verilişə çıxmağım qeyri-mümkün bir şey idi. Amma çıxdım. Qonorarı da çox yüksək idi, 10 dəqiqəyə 1200 manat aldım mən. Pulu alandan sonra dərslərimi yarımçıq qoyub getdim Moskvaya. Dərs-zad yaddan çıxdı.
Otuz beş-qırx il sonra həmin şairlə Moskvada liftdə "naxalni" görüşümüz oldu. Dedi, indi sən, maşallah, adlı-sanlı adamsan, bəs nə əcəb o vaxt soruşmadın ki, ay filankəs müəllim, bu nə hörmət idi, sən mənə elədin? "Poeziya dəqiqələri"ndə tələbə oğlanın çıxış etməyi mümkünsüz bir şey idi.
Dedim, yəqin, şeirlərim xoşuna gəlib. Dedi, həm də ona görə. Mən bir xanımı sevirdim, necə oldusa, kobudluğum tutdu, onu incitdim, o da məndən üz döndərdi. Məktublarıma cavab vermir, zənglərimə cavab vermir. Axırda "Azərbaycan" jurnalında sənin bu şeirini, "İlk məhəbbət, son məhəbbət" şeirini kəsdim, ümidsiz göndərdim onun ünvanına. 8 gündən sonra zəng gəldi. İşdə bir telefonum vardı, ancaq evdən zəng edirdilər ona. Bir də gördüm, telefon zəng çaldı. Elə bildim, arvad yenə deyəcək filan şey al, filan şey al. Amma o xanımın səsi gəldi, adımı da çox nəvazişlə çəkdi... Bax ona görə səni çağırdım, sən o xanımı mənə qaytardın o şeirinlə.
"Ortaya nəsə qoy, biz də baxıb öyrənək"
– Bu gün Azərbaycan ədəbiyyatının ən böyük problemi nədir?
– Ədəbiyyatın bircə problemi var, heç o da ədəbiyyatın problemi deyil, oxucuların problemidir. İndi kitab oxuyan azdı. Ədəbiyyat onsuz da yaranır. Bu gün oxunmayacaq, sabah oxunacaq. Ədəbiyyata gündəlik tələbat malı kimi baxmaq lazım deyil. Ədəbiyyat şüurun, hissin ən yuxarı zirvəsində məskunlaşmış bir şeydi. Ədəbiyyat Allah kimi bir şeydi. Ədəbiyyata təşkilat kimi baxmaq lazım deyil. Ədəbiyyat onsuz da öz işini görür. Başını aşağı salıb adam balası kimi öz işinlə məşğul olanda həyatın da, sənətin də orda gedir, hörməti də orda qazanırsan.
Təxminən 25 il qabaq bəzi cavanlar ortaya çıxmışdılar, mənimlə də görüş keçirdilər. Gördüm bunların arasında istedadlı cavanlar da var. Amma əxlaq deyilən bir şey var də. Əxlaq deyəndə Azərbaycan xalqı ancaq yorğan-döşək söhbətini gətirir gözünün qabağına. Ancaq əxlaq çox geniş məfhumdur, Kainatdan sonra əxlaq gəlir mənim aləmimdə. Gördüm bunların o məsələdə bir az əlləri aşağıdı. Axırda mənə sual verdilər ki, bu görüşdən bizim haqqımızda hansı fikirlərlə ayrılırsız? Dedim, sizə qulaq asdım, içinizdə istedadlı cavanlar var. Amma bir şey hiss elədim, çalışın özünüzü ondan qoruyun. Hamınız başınızın razmerindən böyük danışırsız.
Həmin cavanlar heç kimi bəyənmədilər, gündəmə gəlmək üçün Üzeyir bəydən, Cəlil Məmmədquluzadədən tutmuş, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadəyə qədər hamını tökdülər çölə. Ən çox tənqid olunan da Anar oldu. Hikkələri bəraətlərindən dəfələrlə böyükdü. Demirsən ki, ədəbiyyat belə olmalıdı? Ortaya qoy, biz də baxıb "öyrənək də". Deyənlərin yaşı 50-ni keçib, hələ ortada heç nə yoxdur.
Bəziləri ağızları köpüklənə-köpüklənə deyir ki, Şuşanı qaytardılar, bəs niyə əsərlər yazılmır? Bu, ədəbiyyat deyil. Qabaqlar SSRİ vaxtı sosializm yarışı vardı, ona bənzəyən bir şeydi. Ədəbiyyatın öz tempi, öz hövsələsi var. Öz qəbahəti və öz bəraəti var. Sən kimsən, ədəbiyyata sifariş verəsən?
İkinci Qarabağ müharibəsindən əvvəl bizi – bir neçə yazıçını bir proqrama dəvət etmişdilər. Aparıcı bizi ortaya qoyub sinif rəhbəri kimi danlayırdı. "Niyə müharibədən yazmırsız?" və bu kimi şeylər.
Dedim, mən bütün ərkim keçən dostlarıma – Musa Yaquba, Ramiz Rövşənə, Sabir Rüstəmxanlıya, Vaqif Bəhmənliyə Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Çünki Qarabağ məsələsi artıq ədəbiyyat mövzusu deyil, müharibə mövzusudu, döyüş mövzusudu. Qarabağ haqqında ən mükəmməl və ən vacib əsəri Ali Baş Komandan Azərbaycan əsgəri ilə bir yerdə yazmalıdı. Şükürlər olsun ki, yazıldı. Poemada, povestdə, romanda alınan Qarabağ mənə lazım deyil. Mənim də az-çox fantaziyam var, bir obraz yaradaram, Rembo kimi qıra-qıra düz gedər İrəvana qədər. Mənə Qarabağ lazımdır, gedib İsa bulağında ovcumu doldurub naturada su içim, torpaqla üz-gözümü yuyum. Şükürlər olsun ki, o əsər yazıldı. Son iki yüz ilin ən vacib əsəri!
– Yəqin ki, Qarabağla bağlı mənəvi yükünüz çox böyük idi...
– Bilirsən, adama ən çox ağır gələn nə idi? Sənin əlinə baxan bir millət başqasının hesabına gəlib sənin torpaqlarını alır, sənə diktə edir. Bu, çox ağır məsələdi. Bu hətta torpağın işğal olunmasından da min dəfə ağır bir şeydi. Mənim bir erməni dostum vardı: Levon Adyan. Ağdərədən idi. Yaxın dost olmuşduq, Azərbaycan ədəbiyyatçıları onun xətrini çox istəyirdi. Bu hadisələrdən sonra köçüb getdi Peterburqa. İldə bir dəfə mənə mesaj yazırdı: "Bez slov". ("Sözsüz"). O iki kəlmə mənə bir il bəs edirdi. Başı aşağı, dili gödək nə qədər yaşamaq olardı?
Qarabağ azad olunandan sonra ona bircə dəfə yazdım. Yazdım: “bez slov"…
– Bəs siz yazandan sonra cavab gəlmədi?
– Yox, cavabı məndən əvvəl Azərbaycan ordusu vermişdi.
– Kin-küdurətə baxın! Bu illər ərzində hər il Qarabağı aldıqlarına eyham vurmaq!.. Qələbədən üç il keçib, bəlkə, siz də onun etdiyi kimi, hər il bu sözü yazıb göndərməliydiz.
– Yox, elə bircə dəfə göndərdim. Mən ayrı kişiyəm axı. Mən azərbaycanlıyam, o isə ermənidi.
– Yurd yerinə getdinizmi?
– Kəndimiz azad olunandan üç gün sonra getdim. Amma yaxşı qurtardım...
– Ərazi minalanmışdı?
– Yox, başqa məsələdi. Məni bir polkovnik dostum qeyri-qanuni aparmışdı. Bizim kəndimiz gözəl bir gölün kənarında yerləşirdi. Ordan Şuşaya 40 km yol var. Molla Nəsrəddin yolub – yəni qısa yol. Dağ çayı boyunca gedirsən, meşəlik, cırcıramalar da burdan oraya kimi oxuyurlar səninçün. İndi kənddən əsər-əlamət yoxdu, göldən bildim ki, bizim kənddi... Dostuma dedim ki, məni tez çıxarın burdan. Orda çox qalmaq çətin olardı...
– Xankəndi də düşməndən təmizləndi. Təbii ki, hamımız buna sevindik. Qarışıq duyğular yaşayanlar da vardı. Məsələn, bəzi yazı adamları dinc ermənilərin köçünə baxıb sevinə bilmədiklərini bildirdilər. Sizin içinizdəki sevinc hissini qısnayan bir hiss varmı, məsələn, mərhəmət kimi?
– Mən bir dəfə bir görüntüyə baxdım. Orda Zori Balayan bir qadına müsahibə verirdi. Bu danışır, erməni anası olan qadın da hayıl-mayıl olub ona qulaq asırdı. Zori Balayan deyirdi ki, türk balasını pəncərəyə mıxlayırdıq. O bağırırdı, səsi qulağımıza gəlirdi. Bu səs bizə ləzzət edirdi. Amma birdən bizə elə gəldi ki, onun ağzını yummaq lazımdı, anasını da tutmuşduq, onun döşlərini kəsib, uşağın ağzına basdıq ki, səsi kəsilsin...
Mən dünyanın ən alçaq canlısına mərhəmət göstərə bilərəm, amma bunlara rəhm edə bilmərəm.
"Yusif Səmədoğlu ilə oturub hortadardıq"
– Seyran müəllim, dediyiniz kimi, siz İranda şahın dövründə iki il tərcüməçi işləmisiz. Necə xatırlayırsız o illəri?
– Şah azərbaycanlıların bütün hüquq və bərabərliklərini əlindən almışdı, ermənilərin isə neçə məktəbi, qəzeti, kilsəsi – hər şeyi vardı. Amma indikilərə baxanda şaha min şükür. Şahın dövründə tərəqqi vardı. Həm də İran dünyanın ən maraqlı məkanlarından biridi. Ora mənimçün türk məmləkəti kimi bir şeydi. Neçə yüz il orda türklər şahlıq ediblər. Sonuncu şah Rza Pəhləvi idi, onun da xanımı azərbaycanlıydı.
– Fərəh xanımla görüşdünüzmü heç?
– Yox, şahın qayınanası ilə görüşmüşəm. Ququşla görüşmüşəm. Şahın bacısı vardı, Əşrəf Pəhləvi, idman işlərinə baxırdı, onunla görüşmüşəm. Mənim "Daş evlər" romanımın bir xətti elə İranla bağlıdır.
– "Qaçaqaç" romanı həyatınızdan keçən qələm dostlarınıza həsr olunub. Bəs indi hansı şair və yazıcılarla üzbəüz oturub söhbət etmək istərdiz? Yaşadığı dövrdən və məkandan asılı olmayaraq...
– Məsələn, Ziqfrid Lenslə (o, almandı) oturub bir pivə içərdim. Gürcü Nodar Dumbadze ilə söhbət etmək istərdim. Onunla görüşmüşəm də. Möhtəşəm insan və çox istedadlı yazıçı idi. On ildən bir onu başdan-ayağa oxuyuram. Azərbaycana gəldikdə, Yusif Səmədoğlu ilə oturub, onun özü demişkən, hortadardıq. Sonra qarabağlı yazıçı var, əjdaha, "Qatarda" pyesini yazıb, İşi Məlikzadə bax, onunla uzaq səfərə gedərdim. Amma mənim işim bununla qurtarmır axı. Tutaq ki, mənim on yazıçı dostum olubsa, min qeyri-yazıçı dostum da olub.
– Bəli, deyilənə görə, dostlarınız arasında hətta qırçılar da olub. Müxtəlif peşə sahibləri ilə dostluq etmək obraz tapmaq istəyindən irəli gəlib?
– Obraz axtarmaq istəyi nəinki məndə, yazıçıların heç birində olmur. Bu, sadəcə, onun həyatıdır. İstəsə belə, onu özü təşkil edə bilməz. Bunda, sadəcə, belə alınıb. Mənim həyatımda o qədər maraqlı adamlar olub ki. Adil Hacıyev, Zeynal Zeynalov – dünyanın ən maraqlı adamlarından idilər...
– Seyran müəllim, sözə sevgi, adətən, genetik olur. Övladlarınızdan sözə, qələmə meyilli olan varmı?
– Yox, yoxdur. Bəlkə, ona görə ki, onlar da bayaq tənqid etdiyim gənclər kimi pis dövrə – keçid dövrünə düşdülər. O vaxt bir qəzet vardı, "Oxu məni". Orda bir rubrika vardı, məşhur adamların uşaqlarından müsahibə alırdılar. Bir xanım mənə zəng vurub uşaqlardan müsahibə almaq istədiyini bildirdi, dedim, gəlin.
Əvvəl Orxana üz tutdum. Dedi ki, bir o qalıb ki, mənim şəklim qəzetdə çıxsın? Toğrula dedim, o da razı olmadı. Qızım Ləman 8-ci sinifdə oxuyurdu, dedi, mən danışaram. Yaxşı da müsahibə vermişdi. Hətta müxbir Ləmana sual vermişdi ki, qardaşlarınla necə yola gedirsən? Demişdi, "itlə pişik kimi. Amma bir-birimizi çox istəyirik".
Müxbir gedəndə Orxana dedim ki, ötür xanımı. Gördüm xanım deyir ki, Orxan, yaxşı, müsahibə vermirsən, heç olmasa de görüm, Seyran Səxavətin əsərlərini oxumusan? Bu da dedi ki, mən heç Məhəmməd Füzulini oxumuram, Seyran Səxavəti oxuyacam?
(gülüşmə)
– Sözü, adətən gül qoxusu, yarpaq qoxusu ilə müqayisə edirlər. Siz isə belə bir ifadə işlətmisiniz: sözün üfunət qoxusu. Söz nə vaxt üfunət qoxusu verir?
– Bu suala qısa cavab verəcəyəm. Sözün yükü yalan olanda it iyi verir… Türkiyə türkcəsindən dilimizə keçən bir deyim var, məsələn, deyirlər, “filankəs sözünü tutmadı”. Söz quş-zaddı onu tutum? Bəs Azərbaycan dilində necə deyirlər: “Filankəs sözünün üstündə durmadı”. Çünki sözünün üstündə durmaq hər kişinin işi deyil. Söz bütün böyüklüyülə, nəhəngliyilə həm də sürüşkən şeydi, çoxları onun üstündə dura bilmir, yıxılır…
“Ədəbiyyat və incəsənət”
(30.05.2024)