Poetik Qiraətdə bu dəfə Cəlil Cavanşirdir. Şair “Öküz dərisinə yazacağım şeir” deyə bir tənhalıq şeiri sərgiləyir. Darıxmağın kulminasiyasıdır bu şeir. Oxuyursan, sanki şairin darıxmaq azarı sənə də yoluxur.
Xoş mütaliələr!
hamıdan qəşəng darıxıb
hamınızdan çox içirəm
dərdlərə meydan oxuyub
ömrün içindən keçirəm
taleyimi varaq-varaq
oxuyuram kitab kimi,
çox məsumam, günahlarım
yazılacaq savab kimi.
mən bir az dəliyəm, dəli
hər şeyə gülə bilirəm,
hər sabah erkən doğulub,
hər axşam ölə bilirəm
hər gecə döyüb qapımı,
sonra da özüm açıram.
təklik qaçır qucağıma,
baş alıb evdən qaçıram.
dolaşıram küçələri,
dolaşıram səfil kimi,
öz başıma daş tökürəm,
göylərdən əbabil kimi.
dərd-səri yavanlıq kimi,
harda gördümsə, qapıram
bir az şeirlə ovunub,
sözlə təsəlli tapıram.
ömürdü də, yaşayıram,
harda qırıla, qırıla!
bir qız da çıxmır bəxtimə,
düşüb eşqinə, vurulam.
hamıdan gözəl sevirəm,
hamıdan tez unuduram
qəfildən ağlamaq tutur,
tez özümü ovuduram.
belə qarışıq adamam,
gül keç, yoluxaram sənə,
çıx get,
bax, aşiq olaram,
sonra darıxaram yenə.
“Ədəbiyyat və incəsənət”
(30.05.2024)