“Yağışlar Allahın göz yaşlarıdır!” - Nübar Eldarqızının şeirləri Featured

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Nübar Eldarqızının şeirləri təqdim edilir. 

 

Ver uyğun

 

Söy bu bəxti, bu taleyi:

- Ay bu bəxti, bu taleyi!..

Qıy bu bəxti, bu taleyi,

Kim yazıbsa, ver!

 

Yaza-yaza şair yazdı, -

Qismətini sözdən asdı!

Xoşbəxtliyi bir abzasdı,

Kim yazıbsa, ver!

 

Qəlbimdə bir darıxmaq var!..

Bu depressiyadan kənar var...

Adın yazılı çaxmaq var;

Kim yazıbsa, ver!

 

 

Aç qapını, ört qapını

 

Bir evim var, qapısı qırx,

Aç qapını, ört qapını!

Qapıçının səbri nə çox,

Aç qapını, ört qapını!

 

Qıfılı yox, hamsı açıq,

Birindən gir, birindən çıx...

Qərar sənin, ya tik, ya yıx, -

Aç qapını, ört qapını!

 

Bir ömürdən gün-gün düşdüm,

Hər gün daha üzgün düşdüm...

Bundan sonra üç gün, beş gün...

Aç qapını, ört qapını!

 

Yaz gedənim, qış gəlibsə,

Dolu gedib, boş gəlibsə,

Oğul gələnim, xoş gəldin,

Aç qapını, ört qapını!

 

 

Fevral qaldı üstümüzə

 

Ağzı pozuq, ağzı yava,

Biri toyda saldı dava.

- Sümüyünə düşmür hava, -

Söz də soxdu bəstəmizə.

 

Fərdlər başqa, dərdlər təkrar,

- Yoxsula, - yox! Varlıya, - var!

Şərbət olan nəbzi yoxlar,

Dərman olmaz xəstəmizə!

 

Ha mərd ol, ha döy döşünə,

Əl uzadadan yox düşənə!

Dost olduğunçün düşmənə, -

Düşmən olduq dostumuza.

 

Ruhduq, canı ödünc aldıq,

Gen dünyadan bir künc aldıq.

Zalım fələkdən gün çaldıq, -

Fevral qaldı üstümüzə!..

 

 

Yağışlar Allahın

göz yaşlarıdır

 

Yazmaq-yaratmaqdır, onun qədəri!

Böyüyün böyükdür dərdi, bəzisi...

Bir damcısı bəsdir dağda Yeri, -

Yağışlar Allahın göz yaşlarıdır!

 

Nə qədər canlı var, anası odur!

Sonsuz kəhkəşanın bənnası odur!

Külək qəzəbidir, - ən asi odur,

Yağışlar Allahın göz yaşlarıdır!

 

Günəşi parlasa, sıcağı xoşdur!

Cəhənnəm olmasa, - ocağı xoşdur.

Sevincdən ağlasa, hər çağı xoşdur,

Yağışlar Allahın göz yaşlarıdır!

 

Yazır, - yazdığını silən də özü...

Hər ölən ürəkdə öləndə özü.

Ağlayır bir gözü, gülür bir gözü,

Yağışlar Allahın göz yaşlarıdır.

 

Yenə pəncərəmi döyür, deyəsən;

Açasan qapını "buyur!" deyəsən...

dünyanın günahın yuyur, deyəsən, -

Yağışlar Allahın göz yaşlarıdır!

 

 

Ərəfə

 

Küləklər ahdan başladı,

Yağışlar şehdən başladı.

Adəm ilə Həvva çaşdı, -

Dünya günahdan başladı...

 

- Bir günah da biz elədik,

Elə bildik düz elədik.

Çatana "sevirəm" deyib

Sözü sevimsiz elədik...

 

Nə qədər eşq, o qədər qəm!

Belə gəlib dünya, aləm.

Kimi bizi qaraladı,

Kiminə biz çəkdik qələm...

 

Keçmir bu Yerdə nazımız,

Eyzən qəm çalır sazımız.

Torpaq payın alınması susur

Razımızla narazımız...

 

Günəş keçir o tərəfə:

Xəbərdir, qoyulur zərfə.

Səhər ayan olacaq,bu

nəyə oğul, nəyə ərəfə...

 

 

Salvador Dali

 

Ən qəddar insan mənəm;

Qarışqalar da şahidim...

Şirniyyat tabağında,

Filanıncı ilin

Yay günü bir nəsil qarışqanı

            məhv etdikdən sonra,

            çayla ləzzətlə şəkərbura yedim...

Hörümçəklərin evini yıxdım,

Yer belləyəndə soxulcanların

Yuvasını dağıtdım.

Hamam böcəklərinin anasını ağlatdım...

Kürkümüzə düşən birələrdən

            qurtulmaq üçün yorğanları yaxdım,

Sonra hunuların atasını yandırdım, -

Qanımızı içirdi o yaramazlar!

- Bütün insanların intiqamını aldım!

Daha sonra,

Salvador Dalinin

            əriyən saatlarından vaxtı soruşub...

Ağırlaşan başımı yatağa atdım...

Və yatdım...

 

“Ədəbiyyat və İncəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.