“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Gülnar Ümidin şeirləri təqdim ediləcək.
***
Üzüb ümidlərimi utanacam yaşımdan,
yığacam gözlərimi yollarından birtəhər.
Sonra darıxmagı da əlimin əsasıyla
çarpayının yanında unudacam hər səhər.
"Başqa"ların içində başqa kimim var mənim?
Gələnim olmayacaq qapımı da döyməyə.
Yeməyə söz tapmayan ac qalmış qulaqlarım
fürsət axtaracaq ilk, gözlərini döyməyə.
Axtaracam hər axşam yaddaşımı gözümdə,
yadıma düşməyəcək heç nə səndən savayı.
Səhər oyanacam ki, saatın zəngi çalır,
dərmanların vaxtıdı, ömür ötüb havayı...
***
Mən səni özümdə tapandan bəri
Özümü tapmadım itirən qədər.
İncimə, nə yalan deyim ki, daha
xətrin əziz deyil xatirən qədər.
Boğazdan yuxarı yaxşıyam deyib,
Boğazdan aşağı uduram pisi.
Xaraba qalmışda seçmək də olmur
Cilddən-cildə girən yaxşını, pisi.
Zaman da eynidir, şəhər də eyni,
İndi ötənlərdən yad gəlir səsin.
"Darıxmaq"dan əllərimi üzmüşəm,
Dizin-dizin süründürür nəfəsi.
Qaçmağa yolum çox, dayanmağa az,
Günlər təngnəfəs dayanıb yolda.
Həyat da tamaşa deyil ki, hərdən
bir az xoşbəxt olaq obrazda, rolda.
***
Bax indi darıxıram,
dünən də darıxırdım.
Bilmirəm, Allah bilir, sabah da darıxacam.
Sən olanda nə var ki,
gedəndə yıxılacam,
gələndə unudacam.
Məni xatırlayanda
çəkdiyin siqaretlərin sayından yıxılıcam.
Dodağımda adına,
gözlərimdə sıxdığım yuxu lampalarının
bir gün doğrularına,
bir gün yalanlarına...
Sonra, sonra...
– Nə bilim, göylərə göndərdiyim
göydən asılı qalan cavabsız duaların sonuna sığınacam.
Sən olsan da, olmasan da,
Yenə də darıxacam...
***
Nəsli kəsilməkdə olan yaxşılığın bir-iki nümunəsi qalıb
hardasa kiminsə ürəyində.
İt iti tutmadığı küçələrdə
insanlar bir-birini didir.
Zamanın darağından keçmək çətinləşib,
Güzgüsü sınmış insanlar özünə özgə güzgülərdə baxır.
"Öz"lər itir özgələrdə.
Qayıtmaq asan deyil, ayaqqabılarını itirir insan,
Dönüş ar istəyir, qalmaq xar edir.
***
Qırılmış badədən içdim şərabı,
Doymadı, doymadı çat-çat dodağım.
İndi də yadlara gülümsəyirsən,
utandın? – Utanma, soyun, yanağım!
Yalandan nə deyim, unutmaq olmur,
Gözümdən düşənlər gözümə dəymir.
Dilim də özümə qənim kəsilib,
Xətrinə dəyirəm, sözümə dəymir.
Sevgimiz bicliyi təzə öyrənib,
Aldadıb çəkirəm, oyuna gəlmir.
Neyləsin ürəyim, dərdi boydadı,
Ölçürəm, sevgimin boyuna gəlmir.
Bu gün dünənlərə cavab tapmır ki,
Baxıb suallara gözünü döyür.
Nə olsun gözümdən düşən adamlar
Özgə ürəyində özünü öyür.
***
Sən gedəndə dalınca elə yıxılmışdım ki,
kəsdilər ayağımı.
Elə o gündən sonra sənə qaça bilmədim.
Susdum özgə evində elə həmin gündəcə,
Nə yalan deyim, sonra,
bu barədə heç yerdə söhbət aça bilmədim.
Sonra, sonra nə oldu?
Beşikdə qığıldayan körpələrim dinlədi
Özümü vərəqləyib,
özümə danışdığım yalançı nağılları.
Kəsilən ayağımı gizlətdim böyüdükcə
onların iməkləməyində,
onların da heç zaman kəsmədi ağılları.
Sonra, sonra nə oldu?
Böyüdü arzularım,
hərəsi gülüşündən pay verdilər ömrümə,
Hərəsi bir qolumu saxladı, dayaqlarım.
İlahi, nə möcüzəymiş!
Bir də baxdım, baxdim ki,
kəsildiyi yerindən boy atdı ayaqlarım...
***
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər gözümü, qaşımı
– sevmədilər dünyaya baxışımı.
Sevdilər günlərimi, aylarımı
– sevmədilər sən olan yaddaşımı.
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər ləblərimi
– sevmədilər sözlərimi.
Sevdilər əllərimi
– sevmədilər əməllərimi.
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər gözlərim güləndə
– sevmədilər ürəyim göynəyəndə.
Sevdilər, sevirlər bu gün də,
sevməyəcəklər sənin kimi heç vədə...
***
Elə yorğun gəlirdin,
saçımın sığalını unudurdum hər axşam.
Qızlarımdan seçmirəm deməyə nə var ki, ehh...
gəl indi onu mənim yaşıma anlat, ata
Vallah dəyişməmişəm
yenə cığal, ərköyün...
Məndən gedənlərimin izinə düşə-düşə gözümdən düşdüm, ata.
Heç xəbərin olmadı,
xeyir duaların da saçlarımın ağına düşdü, ata.
GƏLMİŞƏM...
Hər gecə gözlərimin
qapısında dayanan
sənsiz darıxmağımı
səninlə ötürməyə gəlmişəm...
Dünəndə nə vardısa,
Yır-yığış etdim daha,
İndi bu günlərimi
götürməyə gəlmişəm.
Bütün etiraflar da doğulmamış ölürlər,
Etdiyin günahların
izlərini izimlə
itirməyə gəlmişəm...
Öz adımı da yazım,
bəlkə, yazılarına?
Sətir-sətir yazdığın
vergüllü cümlələri
bitirməyə gəlmişəm...
***
Bulud kimi guruldayıb
yağ arada.
Mən susacam:
damcı-damcı dilənəcəm sözlərini.
Qürur nədi – unut hərdən,
yığ arada,
qulağıma ağlayarsan silənəcən gözlərini.
Qaranlığın keşiyini çəkir mənlə
çəyirtkənin yalvarışı.
Qorxma daha:
ürəyini xilas eylə!
gündüzlərə bel bağlama, çıx aradan.
Qiblən üzü Tanrıyadı,
Tanrı unudub məni sən tərəfdən:
bəlkə, mənə elə gəlir.
İmanımı yandırmaram:
sənin yerin ürəyimdə,
bircə mənəm yox arada!
***
Gözünün güzgüsündə
daranırdım bu gecə.
Üzümə kirşanımı
Dodağının fırçası
Çəkirdi incə-incə.
Karlaşmışdı qulağım
eşitdiyim səslərə.
Nəfəsin danışırdı,
Acıq verirdi bütün
"əbəs"lərə, "bəs"lərə.
İlk dəfə idi bu gün
sənə səndən danışdım.
Acığına gəlməsin,
Sənə demişdim axı,
Sevgilimlə tanışdın.
Şəlləmişdi saçımı
kürəyimə əllərin.
Danışdıqca dilindən
Sürüşüb ürəyimə
Düşürdü ümidlərim.
Yol eyni, mənzil ayrı.
Qapının astanası
Utanır ayağımdan
Gözümdə səni görüb
Sevinir intəhası.
***
Taleyin qayçısı doğrayır günlərimi
bıçir 365 yerə,
12 qatda birləşdirir yenidən,
min dəfə geyindirir.
Yaşamağı heç olmasa geyinirsən doyunca
Ölümdü ömrünü bir nəfəsdə soyunan...
***
Sabah mütləq yazacam,
bu dəfə söz verirəm!..
Sındırıb qürurumu parça-parça sözlərlə,
Ağ gəlinlik geyinən kağız vərəqlərinin sinəsinə sərəcəm.
Sabah mütləq yazacam!
Göz yaşımla isladıb
çəkdiyim darıxmağın bütün şəkillərini,
Saatın əqrəbində tez sənə göndərəcəm.
Sabah mütləq yazacam!
Zaman qatarı keçir evinizin yanından,
Qurban olum, nə olar,
heç olmasa bu dəfə ünvanını dəyişmə!
Məktubumu al oxu,
söz verirəm sən oxu, sonra özüm gələcəm.
***
Soyuq suyun ömrü isinənəcən,
Darıxmağın ömrü küsənəcəndi.
Barışmağa bir bəhanə gəzirik,
Elə ayrılıq da bitənəcəndi.
Dərdin ölçüsü yox, çəkib bitirək,
Gözümüz kor deyil, gözdən itirək,
Keçmişdən nə qaldı, nə də götürək,
"Gələcək" bu ömrü biçənəcəndi.
Nə olsun, qucaqlıq qolumuz da var,
Sağa söykənməyə solumuz da var,
Şeytana daş atmaq yolumuz da var,
Çətini körpüdən keçənəcəndi.
İlləri boş yerə xərcləyir insan,
Yaxşıyla yamanı seçməyir insan,
Unudur, vərdişə çevirir insan,
Yaddaşı doyunca içənəcəndi.
Heç bilmir nə ilə yarışır ömrü,
Allah nə verdisə, barışır ömrü,
Axırda torpağa qarışır ömrü,
Çətini dünyadan köcənəcəndi.
EŞQİN KUZƏSİNİ DODAĞIMDA QIR
Günəş saçlarını dənizə sərib,
Hər səhər heç qalmaz öyünməyindən.
Saçını xərçəngə pay verən ay da,
Utanar gündüzlər görünməyindən.
Nədir eqoistlik, nədir bu inad,
Həsrətin küləyi yad edir bizi.
Hansı yol üstündə dayanıb yenə,
Hansı şəhərlərə ötürür bizi?
Götür gözlərimi sinənə sıx ki,
Dəyişsin qəlbimin döyüntüsünü.
Gəlişin, bəlkə də, alışdıracaq
Eşqin közü qalmış göyüntüsünü.
Üzü buludlara yol çəkən duam
Tutub ətəyindən çəkəcək səni.
Gözünün yaşını silib qoluna,
Bulud gözlərindən çəkəcək çəni.
Eşqin kuzəsini dodağımda qır,
Çatlayıb doyursun susuzluğumu.
Ərşinə çəkilmiş gecələrim, de?
Nə qədər içəcək yoxsuzluğunu?
Bağladım dilimi əlimə bərk-bərk,
Qaldırıb ardınca "sağ ol" deməsin.
Keçmişin iziylə yola düşüb gəl,
Məndən başqa səni kimsə görməsin.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)