Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Kəmaləddin Qədimin şeirləri təqdim edilir.
Ölmək ölməkdisə...
Ölmək ölməkdisə, ta niyə, adam,
Sir kimi görünüb, sir də öləsən.
Ya qismət, bu boşa, faniyə, adam,
Bir də doğulasan, bir də öləsən.
"Quran" deyilsən ki, nazil olasan,
Elə oxunmağa hazır olasan.
Ya niyaz olasan, nəzir olasan,
Gedəsən ocaqda, pirdə öləsən.
Tutasan doğrunun, düzün əlindən,
Axıra ağ çıxa üzün əlindən.
Lap elə bir gözəl qızın əlindən
Düşəsən bir qəfil dərdə, öləsən.
Geriyə yolmu var gedən, qürbətdən,
Nədən bezəsən ki, nədən, qürbətdən?
Bir halda, seçilmir Vətən qürbətdən,
Daha nə fərqi var, harda öləsən?
Səsini eşidib, duymasalar da,
Halalca haqqını qıymasalar da,
Nolar, yaşamağa qoymasalar da,
Qoyalar öldüyün yerdə öləsən.
Yenə yuva çatmayacaq...
Vurursan, göz çıxardırsan
qaş düzəltdiyin yerdə.
Kor olaydın, şil olaydın,
kaş, düzəltdiyin yerdə...
Bir heykəl də yap adına,
Bax dadına...Get badına...
Yansın qurunun oduna
yaş, düzəltdiyin yerdə...
Bu da elə "üç alma", bax,
Amma, nağıl olmayacaq...
Olsa, ağıl olmayacaq
baş düzəltdiyin yerdə...
Nə var, köhnə, nə var, əski,
İşlər belə yürüməz ki...
Ayaq açıb yeriməz ki,
daş düzəltdiyin yerdə...
Dərdsə, dava çatmayacaq,
Cansa, hava çatmayacaq,
Yenə yuva çatmayacaq
quş düzəltdiyin yerdə...
Lap ölüb qalmalı
yer idi könlüm...
Dedim, çiçəkləndi, gülləndi bəlkə,
Baxma könüllərdən biridi könlüm.
Bir gün dilə gəlib dilləndi bəlkə,
Bəlkə ayaq açıb, yeridi könlüm...
Dönməsin heykələ, büstə demişdim,
Başımda tac olsun, istə, demişdim.
Bu sevgi ayağı üstdə demişdim,
dayanıb, durduqca diridi könlüm...
Mən indi bildim ki, olur gor necə,
Adamın içinə dolur qor necə...
Getmisən, xaraba qalıb gör, necə,
Lap ölüb qalmalı yer idi könlüm...
Xatirələr örtür məni
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış yolu döydü.
Yağış çırpdı, dolu döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın,
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim, ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur, qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm, yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
xatirələr örtür məni...
«Ədəbiyyat və incəsənət”
(27.05.2024)