“Təbrizin dərvazaları” - Məhəmmədrza Təbriz Featured

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Portalımızın oxucularına Təbrizdə yaşayıb yaradan Məhəmmədrza Təbrizin şeirini təqdim edirəm. Şeirin orfoqrafiyasına toxunmamışam.

 

 

yenədə dizlərini nə qucaqlayıbsan Bağmeşə qapısında?

yenədə evindən eşiyə nə salınıbsan gecənin bu vaxtında?

yenə hansı nanəcib falçı qələm gəzdirib baxtında?

yenədə kim oturub taxtında?

evladlarının fərsiz olduğunu bilirəm

və bilirəm yurdun kordur

mən sənə demişdim,

Tehranın bu dodağı şişik qızına ürək vermə

mən sənə demişdim,

qonşu bağrı çatladan o güllü köynəyin içi boşdur

mən sənə demişdim,

gəzəyən qancığın çezəyən də balası olar Təbriz

mən sənə demişdim

 

köhnə dər_dəmiri olan

bür_bürüncü olan

alominiumu olan

mis aftafa

üzük qaşı

sancı daşı

kəndiri olan_sicimi olan

kör_köhnə cer_cecimi olan

daş qaşı olan

farmaşı olan

gətirin ay balam

alıram

 

kör_köhnə almaq bəhanədir Nobar

çıx qapıya

gəlmişəm səni görəm

 

ey Təbriz!

yadındadırmı?

kaffələrində savadsız şeirlər yazıb

bu sağır millətə satdıq

Şəmsin mazoxisti məfkurəsilə

Mevlananı aldaddıq

 

ey Təbriz!

yadındadırmı?

min doqquz yüz on doqquz da

lap elə burada

bəli!

Təbrizin bu Xiyaban qapısında

Turan adında bir qıza təcavüz etdik

və bu da bir etiraf

 

burası Gəcil qapısıdır Təbriz

biraz ehtiyatlı ol

burada adamın ciblərinə tor atallar

o qəfəsdə ki toyuqlara aldanma

burada xoruz yumurtası satallar

biraz yuxarı qalxsana

dünyanın ən böyük üstü örtülü bazarıdır

örtülü bazar, dosluğu pozar Təbriz

burda ki al_verçilər sevərlər

qonşunun qızının əynində ki kətan köynək dar olsun

burda dost_dostun satar

deyərlər bazar olsun

 

terorist qara əlcəklərini əllərinə geyərkən London da

azadlıq xiyabanın da,uşaq marketi patlatdı

köynəyinin yaxasını düymələyib,küçədən keçdi

telfonuna gələn mesajı açdı

laboratuvarın cavabını aldım.....ata olmusan

"uşaq marketdə, uşaq paltarlarına baxmağa gedirəm"

axşam görüşərik

 

terorist salavat çevirir Moskovada

metro patlayır

 

terorist namaz qılır Kabul da 

məktəb partlayır

 

burası Sırxab qapısıdır Təbriz

buradan içəri girəndə

adamın ürəyi partlayır

 

bir cüt farmaş

bir cüt xurcun

bir cüt at çulu

bir cüt səyəng

bir cüt....

Nuhun gəmisidirmi?

bu çatdığın dəvə yükü deyil ha!!

 

sonra qara bir balıq

gözlərimin yaşindan keçdi

İmamiyə qəbristanlığından keçdi

uşaqlığımı kevrətdi

uşaq ayağa qalxdı

yox!

uşaq yasaqdı

günəş dağların arxasında kı zindana doğru yerisəydi də

sular azadlığa axırdılar

 

səni və uşaqlığımı dəvəyə mindirib

Təbrizə göndərdim

özüm Dəvəçi qapısında oturub

Nuhu gözlədim

 

Təbrizin harasına barmağımı qoyuram

ağrıyır

Təbrizin hansı qapısından baxıram

ağlayır

burası miyar_miyar qapısıdır Sofia

 

bir Erməni qızı

Miyar_Miyar qapısında

mənim siqaretlərimi kül edə bilər

bir Erməni qızı

Qaraməlikdə

Kərəmi yandırıb kül edə bilər

 

yalnız adlarında fərq var

mənim siqaretimlə Kərəmin

ikisi də yanıb_yanıb kül oldular

 

qaranlıq evimizə sızıbdır

 

şam yandırıram

sonuncu ayaqlarda qırılır

sonuncu ayaqlarda...

ayaqlar bir_birlərin qucaqlayıblar

Çaldıran

bu qədər ayaqlarıyla

qaça bilmir

 

şam yandırıram

bir cüt göz parıldayır üstümə

bu ki Yavuz sultan Səlimmiş

top satır İstanbulun Başak şəhir staiumunda

 

şam yandırıram

Şah İsmail saralır gözlərimin önündə

üzünə ingiliz maskası taxıb

qılınc satır Gürcülər bazarında

 

şam yandırıram

 tarixin bu ləkəli səhifələrinə

şam yandırıram

 

Təbriz çubuğunu alışdırır o şamdan

Təbriz o gün gəlmişdi

Təbriz dolmuşdu

Təbriz stəkanlarda

Təbriz fincanlarda

Təbriz axırdı

Təbriz gözlərdən

Təbriz yanaqlardan

Təbriz baxırdı

Təbriz gözlərdə

Təbriz...

sənin baxışlarına anam qurban Təbriz

 

Təbriz İstanbul qapısındaydır

və mən Təbrizi zindandan qurtarmağa gəlmişdim

əlimdə qələmim

başımda şeir adlı qoşunum

Məhmət fatih İstanbuldan bağırırdı yuxularımda

haydı Çalğın,

çabuk ol!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.