İncə Dərəsinin əfəndi oğlu

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

“Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rafail İncəyurdun 70 illik yubileyinə

 

Hardadı Piranlar, hanı Ozanlar?

Dünyanı bürüdü yolu azanlar.

Qardaş, çoxalsa da şeir yazanlar-

Coşmur ilham seli, axmır gur daha,

Şeir əvvəlkitək oxunmur daha. 

 

Rafail İncəyurd şeirində də, sözündə də, elə özündə də əvvəli, əvvəlkiləri - Köhnə kişiləri, Piranları, Ozanları, Azmanları axtarır. Keçmişi unutmamaq, Köhnə kişilərin, Azmanların, Piranların, Ozanların dəyərini anlamaq da şair fəlsəfəsi, şair ucalığı, Əfəndilikdir. Əlbəttə ki, gələcəyi qorumaq üçün keçmişi unutmamalıyıq. Gələcəyi qorumaq üçün, sonsuzluğa gedən yolda öz əməyini əsirgəmir Rafail İncəyurd. Keçmişi unutmayıb, gələcəyə böyük ümidi olan şairdir. Çünki Allaha inamı, sevgini qəlbində daşıyır. Yerin-Göyün sahibi Allahla qəlbində danışıb, nicat yolunu da Allaha sığınmaqda görür.

 

Düşmür əvvəlkitək söz dildən-dilə,

Özünü az incit, az- bilə-bilə.

Yazırsan- özünçün yaz, elə-belə,

Sonra için-için yalvar Allaha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Şeirdə yazdığından fərqli bir məqamı (təzadı) da yazmağı məqsədəuyğun hesab etdim.  Mən deyərdim ki, Rafail İncəyurdun son dövrlərdə yazdığı şeirlər daha çox oxunur və daha çox sevilir. Axı niyə də sevilməsin? Baxın sevgiyə necə gözəl yalvarışda bulunub, necə incə səsləniş edir. Necə ülvi barış istəyir şair:

 

Qoy baxım qəlbinin pəncərəsindən,

Yoxsa çox göründü mənə, odamı?

Niyə həzin-həzin “çıx get”- deyirsən,

Qovmaz qapısından adam adamı.

 

Könül qırmaqdan, qəlb incitməkdən uzaq, xoşagəlməz, bəd əməllərə yad olan şair yaxşılığı, sevgini, təmənnasızlığı təbliğ edir. O həm də dəyərli bir nəsihət edir: Hər əməl öz yiyəsini mütləq tapır. Şair öz şeirlərində İlahi ədalətdən qaçmağın mümkünsüzlüyünü çatdırır oxucusuna:

 

Yoxsa gündən-günə ruh düşkünlüyü

Üstünə yeriyər ağır tank kimi.

Adamın özünə qayıdır hər gün

Bütün əməlləri bumeranq kimi.

 

İncəyurd poeziyası hər gün oxunmağa, hər gün sevilməyə layiqdir. Sevgisi də bir başqadır İncəyurd poeziyasının. Umu-küsü bilmir, incitməyi, incidilməyi sevmir. Onu usandıran sevgisinin yolunu yenə də ümidlə gözləyir:

 

Qaçaq yersiz sızlamaqdan,

Gümanları izləməkdən.

Gözlərim yol gözləməkdən

Yoruldu, niyə gəlmədin?

 

Rafail İncəyurdun poeziyasına qısa da olsa səyahət etdim. Bu lazım və vacib idi. Ancaq bunlardan da vacibini yazmaya bilməzdim - insanlıq, yurdcanlılıq, Vətən sevgisi, yurd sorağı, dəyərləri daim uca tutmaq Rafail İncəyurdun həyat kredosudur. Bilmirəm nədəndir, biz salamlaşanda bir-birimizə "Əfəndim" deyə müraciət edirik. Bu ifadə hər ikimizin salamında o qədər səmimi alınır ki. Düşünürəm ki, Rafail İncəyurd Əfəndi kimi ömür yaşadı, 70-inə Əfəndi kimi çatdı. Ona görə ona Əfəndi deyə müraciət edəndə, bu adı onun haqq etdiyini dərk edirəm. Dərviş kimi, Əfəndi kimi, Şair kimi onun öz yeri, öz yolu, öz dəsti-xətti var. 

 

Nədən saldı ağ saçlara illər dən?

Təki, olsun ağ günlərə illər tən.

Ay İncəyurd, yarıdınsa illərdən,

Ya dərvişsən, ya şairsən hələlik.

 

İllərini halal yaşayan, 70-inə doğru halal yol gələn Əfəndimiz Rafail İncəyurd, yubileyiniz mübarək olsun. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. 

Yazın-yaradın, sevin-sevilin, yaşayın, var olun, Əfəndim!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.