“Ədəbiyyat və incəsənət” portalının uşaq ədəbiyyatı barədəki silsilə yazıları davam edir. Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızıdır bu gün təqdimatda. O, uşaq ədəbiyyatı incilərindən Sergey Kozlovun “Kirpi dumanda” əsərini təqdim edir.
Nağıl bala kirpi ilə ayı balasının nağılabənzər dostluğundan bəhs edir. Hər iki qəhrəman gözəlliyi görür və qiymətləndirməyi bacarır.
Onlar hər gecə kötüyün üzərində oturub çay içir və ulduzları seyr edir: “Əgər mən hər gecə ulduzları silib parıldatmasam, onların işığı azalar”, – deyə Bala kirpi düşünür.
Kötüyün sağ tərəfindəki ulduzlar Bala kirpinindir, sağ tərəfindəki Ayı balasının. Onlar saatlarla oturub səmaya baxır. Sevgi ilə. Bu sevgidir onları dost edən, yaxınlaşdıran. Bu iki qəhrəmanın Dağ ilə dialoqu olduqca maraqlıdır:
– Mən gözələm? – deyə Dağ soruşdu.
– Bəli, – Bala kirpi dedi.
Nə vaxt daha çox xoşunuza gəlirəm –səhər, yoxsa axşam? – Bax bu yerdə Ayı balasıda anladı ki, danışan Dağdır.
– Mənim, səhər, – Ayı balası dedi.
– Niyə?
– Onda qarşıda bütün gün olur və...
– Bəs Bala kirpi, sənin?
Sən günəşi gizlədəndə kədərlənirəm, –Bala kirpi dedi, – mən səni gecələr daha çox
sevirəm”.
Onlar ulduzları sevdikləri kimi, günəşi də sevir. Onlar dostluq etməyi bacarır. Çünki aralarında bir-birinə böyük inam var:
”İlk qarın üstü ilə Dovşan ilk dəfə Ayı balasıgilə getdi.
– Ayı balası, sən tanıdıqlarımın ən yaxşısısan. – Dovşan dedi.
– Bəs Bala kirpi?
– O da yaxşıdır. Amma sən hamıdan yaxşısan! Bu gün yuxudan durdum və anladım ki, – Dovşan dedi, – dünyada səndən yaxşısı yoxdur.
Bala kirpi gəldi.
– Salam, Ayı balası! – dedi. – Salam, Dovşan! Niyə evdə oturmusunuz? Bayırda qar yağıb e...
– Hazırlaşırdım sizə gələm. – Ayı balası dedi. – Bir də gördüm, o gəlir və deyir ki,
mən hamıdan yaxşıyam.
– Düz deyir, – Bala kirpi dedi. – Sən bilmirdin ki?”
Uşaq əsərlərindəki sevgi etirafı daha səmimidir, daha təmiz və şəffafdır. Uşaq qəlbi kimi. Bu etirafda heç bir əlavə maraq və hiylə yoxdur. Səmadan ələnən büllur yağış damcılarına bənzəyir uşaq əsərlərindəki sevgi etirafı. Və etiraf etmək lazımdır ki, belə əsər lər nəinki uşaqların, hətta böyüklərin də qəlbini, Sergey Kozlovun xəyalpərvər qəhrə manı Bala kirpinin təbirincə desək, SİLİB PARILDADIR. Bəlkə də, uşaq əsər lərindən gələn saf sevgi etirafları olmasa, həyatda hər şeyin, Bala kirpinin düşündüyü kimi, işığı azalar. İşığın bol olsun, Uşaq!
Sergey Kozlov
KİRPİ DUMANDA
Əgər mən olmasam.
Lap bir az sonra – ulduzlar doğacaq, ay havada süzməyə başlayacaq və ləngər vura-vura payız tarlalarının üzərinə enəcəkdi.
Sonra ay meşəyə nəzər salacaq, azca dayanacaq, ən yüksək küknarın təpəsində ilişib qalacaqdı. Bax elə buradaca onu Bala kirpi ilə Ayı balası görəcəkdi.
– Bax, – Bala kirpi deyəcəkdi.
– Oho, – Ayı balası deyəcəkdi.
Ay isə getdikcə lap hündürə qalxacaq və öz sönük parıltısını torpağa ələyəcəkdi.
Bu aydın və soyuq payız gecəsində həmişə belə olurdu. Və hər gecə Bala kirpi ilə Ayı balası gah onun, gah da bunun evində yığışır və söhbətləşirdilər, Dovşanın dili ilə desək, axşamlaşırdılar.
Bax bu gün Bala kirpi Ayı balasına dedi:
– Nə yaxşı ki, biz bir-birimizin həyatında varıq! Sən təsəvvür et ki, mən yoxam, oturmusan və danışmağa bir kimsən yoxdur.
– Bəs sən haradasan?
– Mən yoxam.
– Belə olmur axı. – Ayı balası dedi.
– Mən də elə düşünürəm. – Bala kirpi dedi. – Birdən də... Birdən mən heç olmadım. Sən təksən. Nə edəcəksən?
– Gedərəm sənin yanına.
– Hara?
– Necə yəni hara? Evinə. Gedib deyərəm: ”Bala kirpi, niyə gəlməmisən?” Sən də deyəcəksən...
– Axmaq. Əgər mən yoxamsa, nə deyə bilərəm?
– Əgər evdə deyilsənsə, deməli, mənim dalımca getmisən də. Qaça-qaça qayıdaram evə. Aaaa... Sən burdaymışsan? Və baş layaram...
– Nəyə?
– Deyinməyə.
– Nə üçün?
– Necə yəni nə üçün? Ona görə ki, sən sözləşdiyimiz kimi etməmisən.
– Necə sözləşmişik ki?
– Mən haradan bilim? Amma sən ya öz evində olmalısan, ya da ki mənim evimdə.
– Axı mən heç yoxam. Anlayırsan?
– Axı sən burda oturmusan.
– Mən indi oturmuşam da. Əgər mən heç olmasam, harada otura bilərəm ki?
– Ya mənim evimdə, ya da sənin evində.
– Əgər mən olsam da.
– Hə də. – Ayı balası dedi.
– Amma əgər mən heç yoxamsa?
– Deməli, çayın kənarında oturub aya baxırsan.
– Heç çayın kənarında da yoxam.
– Deməli, hara isə getmisən, hələ qayıtmamısan. Qaçıb bütün meşəni ələk-vələk edib səni taparam!
– Tutaq ki, meşəni ələk-vələk eləmisən, –Bala kirpi dedi. – Və tapmamısan.
– Qaçıb qonşu meşəni axtararam.
– Orada da yoxam.
– Dünyanın altını üstünə çevirərəm. Və taparam.
– Yoxam mən. Heç yerdə.
– Onda, onda... Tarlaya qaçaram, – Ayı balası dedi. – Qışqıraram: Baa-laaa kir-piiii...”.Və sən eşidib qışqırarsan:”Ayı ba-la-sııııı...”Belə.
– Yox da. Mən yoxam. Heç yoxam. Bir damcı da. Başa düşürsən?
– Nə istəyirsən məndən? – Ayı balası hirsləndi. – Sən yoxsansa, deməli, mən də yoxam. Anladın?
– Yox, sən varsan, amma mən yoxam.
Ayı balası susdu, qaşqabağını salladı.
– Hə, Ayı balası!
Ayı balası cavab vermədi. O yalnız səmada ən yüksək nöqtəyə qalxıb oradan Bala kirpi ilə onun üzərinə buz kimi işığını ələyən aya baxdı.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)