“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tərcümə saatında sizlərə iraqlı şair Əli əl-Xalanın şeirləri təqdim ediləcək. Onları dilimizə Fərid Hüseyn çevirib.
Əli Əl-Şəlah (İraq) 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat fakültəsində ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Mən günbatana boylanan adamam
Yaralarıma “ölkə” adı vermişəm
və o ölkənin üstündən
tapdalaya-tapdalaya keçirəm oyan-buyana...
Səhəri “axşam” adlandırıram,
çünki havanın işıqlanmasında
heç bir məna görə bilmirəm.
Harda uşaq görsəm,
atasının adıyla çağırıram.
tarlaları “torpağın bərəkətinin ovçusu” adlandırıram.
Boş torpaqlar tarlaların günahının etirafıdır.
Dünənimizdə qalan insanlar
ətrafımızı tutmuş qələbəliyin daş-qaşlarıdır.
Ağır olduqları üçün onları
özümüzlə bugünə gətirə bilməmişik.
Bu gün gəlib çıxanlar isə
yolu yarımçıq qırılanların ölməsinin nəticələridir.
Həyatımızda daim var olmasını istədiklərimiz
vaxtsız getdikləri üçün təzə insanları tanıyırıq
və elə buna görə də ilğım
həqiqətin və illüziyanın süqutunun adıdır.
Bu süqutları mən
“xarabalıqlar” adlandırıram
və mənim ilğımım xarabalıqları
abad eləməkdə acizdir.
Həyata təzə atılanlar
bir də yeniyetmə kimi doğulurlar.
Belə qərara gəldim ki,
bütün xalqların tarixi işğallardan sonra dəyişir.
Onlar tarixin ən köklü xalqlarıdır.
Sivilizasiyalar isə
ucuz əbədiyyət yalanı satanların cübbəsidi.
Tiranlar bir başqa qurbanların xilasedicisidir,
digər qurbanlar isə yeni tiran təlaşlarının adıdır.
Peyğəmbərləri belə adlandırıram:
“Səmaların naləsi”.
Əzablarımızın və qoruya bilmədiyimiz
saflığımızın sevgilisi.
Müqəddəslər sanki fikir sürümüzün çobanıdır .
Onların mesajları isə
Müqəddəs Tanrının poeziyasıdır.
Mən hər başlanğıcı geridönüş adlandırıram –
hər geridönüş utancaq bir başlanğıcdır.
Qadınlar isə
başqalarında maraq oyatmaq üçün
kimisə sevənlərdir.
Haçan ki sizinlə danışmaq istəmirəm,
onda suya qərq olmuş qədər
köhnə sözlərlə danışıram.
Sanki duyğular da dilə gəlmək üçün
müqəddəs bir səs axtarırlar.
Siz yalnız fəryad edəndə
qorxularınızı görə adlandıra bilirəm.
Tanıdığım bütün kişilərə də bir ad verirəm,
sonra o adı tamamilə inkar etməli oluram,
sonda isə həmişə ağlayıram.
Mən günbatımının ağuşuna düşmüş bir adamam
və hər günbatanda ağlayıram.
Halbuki bir dəfə ürəkdən gülənlər
başqa nə ilə qidalana bilər ki?!
Sənin üçün başqa bir dil yaratmışam:
qorxulardan hörülmüş bir dil.
Ailəsiz qalmış yetim dili ilə danışıram səninlə,
çünki sən ölümcül bir lənətsən.
Xəyanət
Şübhələrimi dörd tərəfə yaymışam,
vəsvəsələrimin izinə düşmüşəm,
ağzım zəhər dadır,
sular gəmirir beynimi.
Bu, açıq-aşkar xəyanətdir,
halbuki sən xəyallarını və cismini
bağrıma basdığım sonuncu qadınsan.
Onunla birgə
başqasının sinəsi üzərində
gecələyirdi xəyanət.
Ah, köhnə dost,
çörəyimizdə qorxu cücərdi.
Bu evin uşağı belə
bir gün belə atasına oxşamadı,
heç yaxın qonşudan da
əsər-əlamət yox idi onda.
Xəyanət... maskan düşərsə,
əbədi dəliliyə düçar olmaq kimidir.
Xəyanət səni ayaq üstdə saxlasa da,
yeridikcə axsadığından təşvişə qapılan
ayaq kimi insanda həyəcan oyandırır.
Ləyaqətsiz bir cəmiyyətdə
sizin yerinizi tutmuş
qəhrəman axtarırsınızsa,
elə budur əsl xəyanət.
Karvan
İtlər hürür,
səslərini eşidirəm...
Amma səhradan keçən
karvan gözümə dəymir.
Amma itlər hürür...
İtlər...
Yadlaşma
Biz tək deyildik,
amma yalnız idik.
Geniş zəmilər tərəfindən oğurlanmış
bədənimizə toxunan
sonuncu hava kimi idik.
Bu zəmilər içimizdə
yaşamaq üçün təmiz hava qoymadı.
Biz bu zəmilərdə tək deyildik.
Bu dağlar sirrimizin yarısını
sinəsində saxlayıb.
Amma onlar da olduqları kimi qala bilmədi.
Sözləri ağzımdan alıb
dörd bir yana daşıyan çaylar
indi susuzluğa təslim olub.
Coşqun axıntılar öz sərhədlərini görüb.
İndi bütün göllərimiz, çaylarımız üçün
göz yaşlarımız yeganə çarədir, deyəsən.
Biz tək deyildik,
amma zaman yorğundur.
Artıq həyat yolundakı planlarımızda
dərin mənalar axtarmaq üçün qayğılanmırıq.
Deyilməmiş sözləri də görməyə öyrəşmişik,
danışılmamış hekayələri eşitməyə,
boğazda düyünlənib qalan
səsləri qucaqlamağa…
Biz tək deyildik.
Öz-özümlə danışdım,
şübhə ilə bədənimdən soruşdum:
“mən gördüyümü sən də görürsən?”
Mən könlümdə gəvəzəlik elədiyimi görürəm,
sənin heçmi gözünə sataşmır?
Soruşdum: “Dünəndə nə unutduq?”
Soruşdum: “Bugündən nə qazandıq?”
Sonra öz-özümə cavab verdim.
Gələndə tək deyildik,
amma artıq yalnız qayıdırıq.
Məğlubiyyət
Mənə maraqlıdır,
kim qabağına çıxa bilərdi ki
tarix yazmış ordunun?!
Cavabı bilinmir,
çünki tarixi yalançılar yazır.
Və hətta dillər belə
irs oğruları ilə doludur.
Əl Həllac[1]
Sürgündə yuxu görəndə
insan Vətənə yaxınlaşır.
Bəs bizi
düşüncələrimizin yolundan
kim ürkütdü?
Ah, sən özün,
qorxu ilə barışmısan?
Cavab ver mənə!
Dünyadan köçmüşlərin adları,
ünvanları,
işarələri
bizim hekayələrimizin
final qapılarında rəqs etdi.
Və bu qabaran sularda
mən də çarmıxa çəkilmiş bədənimi gördüm.
[1]Əl Hallac (858-922-ci il) Sufi təriqətinin güclü öncüllərindən olan şair.
Aludəlik
Nigaranlıqla dərindən nəfəs aldım,
uçaraq geniş çöllərə səsləndim.
Düşündüm, bəlkə, bu yolla
fəryadım sənə çata.
Sənə olan həsrətim
okeanların suyunu da qurutdu.
Şeirlərimdə yadların cənazəsini qucaqladım,
bircə sənin həsrətinin faciəsini
sözlərlə ifadə edə bilmədim.
Dərdlərim də sənə həsrətdir,
eşqin bir yana,
güldanıma qoyduğun güllərin də hələ solmayıb.
Babilsayağı dəfn mərasimi
Bu kimin cənazəsidir?
Bir tərəfdə müharibə meydanına çevrilən,
o biri tərəfdə canını götürüb qaçanlar ölkəsi.
Bu kimin cənazəsidir?
Allahım, bəlkə, sən deyəsən,
bu kimin cənazəsidir?
İlğım
Bu ruh bir məzardır,
min qapısı var onun.
Haçan qapıya çatmağa addım atsam,
cırıldadı, – yoxluğumu gizlətdi.
Beləcə, ikimiz də yorğunuq.
Oy, daha mənim üçün
bu ruha çevrilməkdən başqa
bir seçim imkanı yoxdur.
Bu göz yaşlarım mənim ilğımım olub –
heç yanı görə bilmirəm.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)