Uzaqda bir kənd var - MƏZAHİR HÜSEYNZADƏNİN ŞEİRLƏRİ Featured

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Məzahir Hüseynzadənin şeirləri təqdim edilir. 

 

Uzaqda bir kənd var

 

Uzaqda bir kənd var, çinarlı bir kənd,

Yoluna, izinə gözüm dikilər.

Cığırlı dağlara atılan kəmənd

Suları qayadan, daşdan sökülər.

 

Zirvədən yarıxan küləyi kimi,

Yorulub döşlərə döşənər eniş.

Kişi adamların ürəyi kimi,

Həyət-bacaları genişdən-geniş.

 

Uzaqda bir kənd var,

Dağətəyi kənd,

Ulduzlu qoynuna ulduz tökülər.

Kəhər nallarının şəklini çəkən,

Yoluna-izinə ay gümüş çəkər.

 

Nəvələr diz üstə oturar, çökər,

Nənə dillərində ev nağıllaşar.

Qarı çalma kimi başına çəkər,

Saqqalı ağarar, kənd ahıllaşar.

 

Uzaqda bir kənd var,

Müdrik qocalar

Bir ocaq başından min yerə gedər.

Tüstünü göylərə səpən bacalar

İstini çörəyə, saca bəxş edər.

 

Dilavər çayları qına çəkilib,

Qoynunda çiləşən qızları anar.

Doğma qızlarını bir qonaq bilib,

Təzə ad gözləyən ata, ana var.

 

Uzaqda bir kənd var,

Nə səsim çatır,

Nə də gücüm çatır yolunu keçim.

Bir ev var, qapısı gündoğanadır,

O yurddan-yuvadan doğur günəşim.

 

O evin yanından keçim deyə mən,

Hazıram gözümlə od götürməyə.

Hazıram bir kərə "of" da demədən

Xəlbirlə çaylardan su götürməyə.

 

Uzaqda bir kənd var,

Dağlara yaxın,

Uzaqda bir kənd var,

Tutub buz onu.

Uzaqda bir kənd var,  

Gözümə baxın,

Bəlkə ürəyimdə gördünüz onu.

 

Belədir

 

Dünyanın ən uzun yolları qısa,

Nadanın sevinci xortdayıb gordan.

Sadə erməninin günahı yoxsa,

Bu iyrənc naqislər törəyib hardan?!

 

Dilləri uzanıb yalançılığa,

Həqiqət önündə söz aça bilmir.

Əlləri uzanıb dilənçiliyə,

Qozbel süysününü düz aça bilmir.

 

Guya yerdə uçan quşu əzməyə,

Guya ley etdilər qarğalarını.

Erməni qan gördü,

Sözü kəsməyə

Qırğına verdilər dığalarını.

 

Hər yanı şil-kütdü, hər tərəfi kəm,

Bu görkəm aləmə ayıbdı, ayıb.

Teymurləngimizin özü demişkən,

Onu yer üzündən silmədim hayıf.

 

İti-pişiyi də quduzdu, quduz,

Dünyada insan yox, məxluq kəsdilər.

Burnunu hər şeyə soxurdu donuz,

Burnunun ucunu dibdən kəsdilər.

 

Daha para deyil bütövük, birik,

İndi hər ovcumuz döyüş yeridi.

Biz uşağa "xortdan gəlir" deyirik,

"Türk gəlir" dedilər, uşaq kiridi.

 

Bir az oxşayırlar hələ adama,

Dil tökən idilər, çəngi idilər.

Heç sağ olmasınlar, düz deyib, amma

Adımı həmişə türkdü dedilər.

 

Uşaqdan-böyüyə, hamısı xəstə,

Bu qara yaranın səhəri yoxdu.

Bir yumruq ucalıb başları üstə,

Hələ min yumruqdan xəbəri yoxdu.

 

Titrəyən başları çıxıbdı səmtdən,

Əyri addımları laxdı elə bil.

Daha yıxılıbdı yalan səhnədən,

Allah haqqı belədir.

 

Gözəl-gözəl

 

Qıyma gözəlliyə baxa yad gözlər,

Saçını çiyninə yay, gözəl-gözəl.

Sən köhnə yarama duz basdın, gözəl,

Görürsən, demirəm oy... gözəl, gözəl.

 

Üşüyə bilməzsən, qaynar gözdəsən,

Qışda qar çiçəksən, yazı gözlə, sən.

Özünü nə zaman tapmaq istəsən,

Bağrımın başını oy, gözəl-gözəl.

 

Qaldın arasında əyri, düzün də,

Mənə simsar oldun gözəl dözümdə.

Gözünu yumanda qaldım gözündə,

Gözündən düşmədin, ay gözəl, gözəl.

 

Utancaq olmusan, neynək, olmusan,

Əlinnən üzünə ələk olmusan.

Xəbərin varmı ki, fələk olmusan?!

İndi saydığını say, gözəl-gözəl.

 

Dünyam nə gözəldi, varam səninlə,

Baş-başa da qoydun məni zəndilə.

Toyumuzdan qabaq naz-qəmzən ilə,

Tutdun Məzahirə toy, gözəl-gözəl.

 

Kəndin kolxoz sevdası

 

Günəşim sönməyib birdən-ikidən,

Günəş yandırmağa üfüq qızarır.

Bu kəndin şairi yazmır sevgidən,

Şəhərə tökülüb gözəl qızları.

 

Şənlikdə keçmişlər yığışır dilə,

O, belə gəlmişdi, bu, belə getdi.

Təklər hamılıqla, hamı elliklə

Beyinə vururdu birlik həsrəti.

 

Ambara yığıldı yığım da, var da,

Acgözlər yığıma yerikləyirdi.

Zəncirli itlər də qarqaralarda,

Ölçülü Azadlıq sürütləyirdi.

 

Oxlu başayaqlar zəmi urası,

Külək bərk əsəndə göyə sovruldu.

Torpağa yıxıldı bülbül yuvası,

Oğru siçanların kefi duruldu.

 

Kimlər o günlərə hayıl-mayıldı,

Bekara vaxt idi, o vaxt bekara.

Kolxoz kitabçası kimlik sayıldı,

Pasport verilmirdi kolxozçulara.

 

Qalmadı kolxozun nə izi-tozu,

Onu pay bölənlər tezbazar etdi.

Dirəkdə yellənən kolxoz radiosu

Daha dillənməyib, intihar etdi.

 

Məmməd Arazın

milyonçular küçəsi

 

Pulun bir üzü də qızıl külçəsi,

Burda hər adamın milyon suçu var.

Gözün aydın olsun,"Əmi"m küçəsi,

Sənin küçənin də milyonçusu var.

 

Həyat axardadı bir ayrı yöndə,

Sular sel olanda məcrada azır.

Piyada milyonçu heykəlinin də,

Ağ atlı göydələn başından basır.

 

Varlılar evindən boylanır varın,

Parıltı alışır hər otağından.

Həbs üçün yol alan cinayətkarın

Baxır pəncərəsi barmaqlığından.

 

Biri o birindən qalmır geridə,

Bir ev dikələndə, biri ucalır.

Heyrət edənlərin heyrətləri də,

Küçədən tərpənmir, donuxub qalır.

 

Demişdin, başından düşəcək papaq,

Sözümə baxmadı, o yenə baxdı.

Bu yerdə Kərəmi tutur ağlamaq,

Ağlayır, hayıf ki, göz yaşı yoxdu.

 

İstilər görmüşük, boran-qarlıdır,

Doğru havalar da dönük çıxdılar.

Məmməd Araz adlı küçə varlıdır,

Varlılar ona da şərik çıxdılar.

 

Adını çəkdilər milyona sarı,

Guya ki, girdilər haqqı-sayına.

Tez-tez dəyişəndi küçə adları,

Adın yazılıbdı Araz çayına.

 

Göyərir

 

Göydən ruzi səpir yağış,

Yerdən neçə pay göyərir.

Adam qalır yeddi qarış,

Ağacından boy göyərir.

 

Döyükəndi yolu azan,

Nə bilsin, gedir güdaza?!

Dəlixana, boş qalmazsan!

Qorxma, neçə səy göyərir.

 

Yükün altında çökərsən,

Dərdi açmayıb, bükərsən.

Ay yazıq, köhnə nökərsən,

Axı təzə bəy göyərir.

 

Yarpaqları külək sayır,

Saydığını fələk sayır.

Ayaq altda qalan çayır,

Saralsa da göy göyərir.

 

Uzaq görmək yaxınındı,

Tikan namərd toxumudu.

Göz yaşı dərd toxumudu,

Səpildikcə, hey göyərir.

 

Qanad çalan yazdı, quşlar,

Pərvazlanan sözdü, quşlar.

Mamırlayan qara daşlar,

Göyərir, gömgöy göyərir.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.