Poetik Qiraətdə bir neçə gün ardıcıl sizlərlə Faiq Hüseynbəyli görüşür.
Ruh və hissiyyatın poeziyası, dərin lirika, irfanilik - şairin şeirlərinə xas olan səciyyəviliklərdir.
Xoş mütaliələr!
*
Sənin gözlərində iki dünya var,
Dünya da gözəldi, sən də gözəlsən.
Gündüzlər işıqsan, gecələr röya,
Röya da gözəldi, sən də gözəlsən.
Sözlər yaşıllaşır nəfəsin ilə,
Hər yerdə sən varsan, hər şey nafilə.
Sanki sevdalanıb könül könülə,
Sevda da gözəldi, sən də gözəlsən.
Üzün bir ayədir, söz mənası var,
Hər hərfin öz sirri, öz mənası var -
İlahi kəlamın yüz mənası var,
Məna da gözəldi, sən də gözəlsən.
Səssizlik qoxuyur şəhərin adı,
Sənsizlik yolların tərsi, inadı.
Bütün gözəlliklər dibsiz dəryadı,
Dərya da gözəldi, sən də gözəlsən.
Yalqız və kimsəsiz, tənha bir ada,
Nə fərqi, təklikdən səhradır o da.
Yanıb kül olsam da sənsiz səhrada,
Səhra da gözəldi, sən də gözəlsən.
Ədəbiyyat və incəsənət”
(24.05.2024)