“Ədəbiyyat və incəsənət” portalı ölkə hüdudlarından kənarda mütəmadi dərc edilən Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir.
MƏN QADINAM
Mən rəssam deyiləm,
Amma çox rəssamın tanımadığı
rəngləri tanıyıram.
Sevgi rəngi, həsrət rəngi, dərd rəngi…
Mən bəstəkar deyiləm,
Amma hər bəstəçinin
eşitmədiyi səsləri eşidirəm.
Ayrılığın, vüsalın, ümidin səs ahəngi.
Mən bağban deyiləm,
Amma çiçəklər kimi
ətrini tanıyıram
ayların, günlərin.
Ömrümü bəzəyir
al-əlvan duyğuların ətirli çələngi.
Mən rəssam deyiləm,
Bəstəkar deyiləm,
Bağban deyiləm…
Mən qadınam,
Allahın xoş saatda yaratdığı.
Gözümdə, könlümdə
Allah sevgisinin işığı.
YENƏ YUXUM QAÇAQ DÜŞÜB
Yenə yuxum qaçaq düşüb,
Bu gecə - dözüm gecəsi.
Yeyib bitirəcək məni
Ömrün ən uzun gecəsi.
Oyanacaq xatirələr,
Elə ki, oyaq biləcək.
Keçmişin künc-bucağından
Kimlər tökülüb gələcək.
Fikrim, beynim tutmayacaq
Bu qədər qonaq-qaranı.
İçindən bir cığal çıxıb
Qarışdıracaq aranı.
Yenə üzü bozaracaq
Gün görməyən ayın, ilin.
Qılıncı qından çıxacaq
Sözünü kəsdiyim dilin.
Ölüb gedən arzuların
Qanı üzümə duracaq..
Bu gecənin şimalında
Bir şeiri ayaz vuracaq.
BÖYÜDÜM
Qaldım yollar ayrıcında,
Yolumu seçib böyüdüm.
İçimə dolan ağrının
İçindən keçib böyüdüm.
Düşdüm bir qərib həvəsə,
Üz tutdum işığa, səsə,
Çəkdim başa birnəfəsə
Bu eşqi içib böyüdüm.
Girdim həsrətin qoluna,
Daldım ömrün sağ-soluna.
Dərdi geninə-boluna
Boyuma biçib böyüdüm.
Ruhum yüz kərə talandı,
Misralarda daldalandım.
Köksümdə tonqal qalandı,
Yanmadım, bişib böyüdüm.
SƏN MƏNİM ŞƏKLIMI ÇƏKƏ BİLMƏZSƏN
Ağacı çəkərsən, daşı çəkərsən,
Yazda beli sınan qışı çəkərsən,
Dünyada nə var pis yaxşı, çəkərsən,
Sən mənim şəklimi çəkə bilməzsən.
Oxşada bilərsən qaş-gözümü də,
Rəngini taparsan hər sözümün də,
Çəkərsən içimdə kor dözümü də,
Sən mənim şəklimi çəkə bilməzsən.
Bu qərib ürəyi çəkərsən bəlkə,
İçimdən həsrəti sökərsən bəlkə,
Ruhumu rənglərə tökərsən bəlkə,
Sən mənim şəklimi çəkə bilməzsən.
Gözünün önündən surətim getməz,
Özümü görməyə qüdrətin yetməz,
Ömür payın bitər, o şəkil bitməz,
Sən mənim şəklimi çəkə bilməzsən.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)