“Ədəbiyyat və incəsənət” portalının uşaq ədəbiyyatı barədəki silsilə yazıları davam edir. Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızıdır bu gün təqdimatda. Sevinc xanım Sem Makbratninin “Bilirsən, səni necə sevirəm...” adlı çox məşhur uşaq hekayəsini balaca oxucuların diqqətinə çatdırır. Eləcə də öz maraqlı fikirlərini ortaya qoyur.
Mən hər zaman böyük sevginin tərəfdarı olmuşam. “Sevgi varsa, hər şey var!”, – deyə düşünmüşəm. Elə mənim kimi düşünənlərin sayəsində, yəqin ki, Yer üzü bütün pisliklərə baxmayaraq, gülümsəyib, yaz gələndə çiçəklərə bürünüb, yay başlayanda uçuşan kə pənək lərlə qanadlanıb, payızda sarı-qırmızı yarpaq yağışında yuyunub, qışın bəmbəyaz qarına bürünüb. Bütün baş verənlərə rəğmən, gözlərini yumub və sakit-səssiz yuxuya gedib. Məncə, bütün bunlar məhz SEVGİnin varlığından doğan bəxtiyarlıqdır.
Uşaq ədəbiyyatı hər zaman böyük-kiçik sevgilərin etiraf meydanı olub. Bəlkə də, yanılıram. Kiçik sevgi olmur. Bütün böyük sevgilərin, desəm... Amma sevgi ölçüyə gəlməz ki... Onun çəkisi də yoxdur. Bir damcı kimin ürəyinə düşsə, bir ümmana dönər, bitməz-tükənməz... Cəmi iki hekayəsi ilə tanıdığım Sem Makbratni, bəlkə də, dünyanın ən gözəl sevgi hekayətlərini yaradan uşaq yazıçısıdır... “Bilirsən, səni necə sevirəm...”
Yəqin ki, Yer üzündə bundan gözəl sevgi etirafı olmayıb.
Sem Makbratni - “Bilirsən, səni necə sevirəm...”
“ Yatmaq vaxtı idi... Dovşan balası anasının uzun qulaqlarından bərk-bərk yapışıb üzünü onun yanağına sürtdü. Sonra gözlərinin içinə baxdı. Anasının onu dinlədiyinə əmin olmaq istəyirdi:
– Ana, bilirsən, səni nə qədər sevirəm?
– Körpə balam, əlbəttə, bilmirəm. Haradan bilim?
– Mən səni bax bu boyda sevirəmmmm!– və bala dovşan pəncələrini gücü gəldikcə
yanlara doğru açdı.
Amma ana dovşanın pəncələri daha böyük idi.
– Mənsə səni bax bu boyda.
“Ux, çox böyükdür”, – bala dovşan həyəcanlandı.
– Onda mən səni belə – bax bu boyda, – deyə, o, barmaqlarının ucunda dayanıb var
gücü ilə dartındı.
– Mən də səni – bax belə, – ana dovşan da barmaqlarının ucunda dayanıb dartındı.
“Ay aman, nə hündürdür, mən də belə edə bilsəydim!”
Birdən bala dovşanın ağlına maraqlı bir fikir gəldi. Qabaq pəncələri üstə qalxıb arxa pəncələrini ağacın gövdəsinə dirədi:
– Anacannnnn, mən səni arxa pəncələrimin dırnaqlarının ucuna qədər sevirəm.
– Elə mən də səni sənin arxa pəncələrinin dırnaqlarının ucuna qədər sevirəm, – deyib, ana dovşan pəncələrindən tutub balasını yuxarı qaldırdı.
– Hə, onda... Onda... Mən də səni... Bilirsən, necə sevirəm? Bax belə, – bunu deyib, bala dovşan talada hoppandı, diyirləndi.
Ana dovşan gülümsündü: -Bax mən də səni belə, – o elə hoppandı ki, qulaqları ağacların budaqlarına dəydi.
“Gör bir necə tullanır. Başı ağaclara dəyir. Mən belə bacarmıram!”
– Ana, səni uzun-uzun, çox uzun – bu tala uzunluqda, ya da bizim yanımızdan çaya
qədər sevirəm!
– Mən də səni çaydan da o yana, bax o təpələrin o üzünə qədər...
“Çooox uzaqdır”, – yuxulu bala dovşan düşündü. Əsnədi. İşə bir bax, ağlına daha heç nə gəlmirdi. Birdən yuxarıda, kolluqların arasından boylanan ayı və ulduzlarla dolu böyük qapqara səmanı gördü. Tapdım...
Səmadan uzaq heç nə yoxdur!
– Mən səni səmadakı aya qədər sevirəm, – dedi və gözlərini yumdu.
Ay səni, gör bir gedib hara çıxdı, – ana dovşan onu qucağına götürdü, qolları üstə alıb yarpaq döşənmiş yatağına qoydu. Yanına uzanıb onu sinəsinə sıxdı. Yanağından öpüb pıçıldadı. – Balam, mən də səni aya qədər sevirəm... Aya və aydan yerə qədər... “
-----
Mən sevginin gücünü və gözəlliyini anlatmağa Sem Makbratninin “Bilirsən, səni necə sevirəm...” hekayəsi ilə başladım... Körpə ürəklərdəki böyük sevgini nə ilə anladacağımı düşünəndə bundan ilıq və isti bir nümünə ağlıma gəlmədi. Sadəcə, düşündüm ki, bu hekayə SEVGİnin ƏLİFBAsı ola bilər. Amma məqsədim tamam başqa bir əsər haqqında müfəssəl məlumat verməkdir. Bu, Sergey Kozlovun “Kirpi dumanda” əsəridir.
(Əziz balaca oxucularımız. Əsərlə sabah sizləri tanış edəcəyik)
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)