“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə SƏBİNƏ NAMAZOVANIN şeiri təqdim edilir.
Niyə yaşayıram, məramım nədi,
Nələr susayıbdı qanıma, Allah?
Mən hardan gəlmişəm, hara gedirəm?
Bəlkə Sən çatasan dadıma, Allah?
Görən, yuxuluyam, yoxsa oyağam
Bura mənə evdi, yoxsa qonağam?
Havayam, buludam, suyam, torpağam,
Heç kim çəkə bilmir nazımı, Allah!
Qurumur gözümdən tökülən yaşlar
Yerinə oturmur bu tanış daşlar,
Kim deyər bu alov haradan başlar?
Niyə sönmür odum, alovum Allah?
Özüm qarışqayam, nəfsimsə fildir
Mən nəfsimə qulam, mənə hakimdir.
De, görüm hansı söz mənə həkimdir?
Hansı ayə çatar dadıma Allah?
Əgər zərrəyəmsə bu yer üzündə
Mənəm bünövrəsi səhvin, düzün də...
Şeytanı, günahı, yalanı, pisi
Bəs niyə qoşmusan yanıma, Allah?
Tamaham, bir qarış kəfənə sığan,
Bir laxta qan ikən torpağa baxan.
Ölüykən yenidən ayağa qalxam,
Nədir bu nizamın məramı Allah?
Əgər məqsəd Sənə qovuşmaq isə,
Bütün pisliklərdən sovuşmaq isə,
İstəklə, nəfslə boğuşmaq isə
Bəs niyə tapmıram məqamı, Allah?
Bilirəm zərrəyəm, bilirəm heçəm
Sənə qovuşmağı çox istəmişəm.
Düzə zaval gəlməz, düzə dərd dəyməz,
Bəs nədən asdılar İsanı, Allah?
Ruhuma soruram nədir diləyi?
Sənə qovuşmaqmış bütün istəyi.
Əgər gec deyilsə qorxu bilməyib
Üzüağ qoy gəlim hüzura, Allah.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)