Şərur rayonundakı Aralıq kənd orta tam məktəbinin 11-ci sinif şagirdi Sabrina Gültəkin barədə sizlərə danışmışdıq. “Mənim anam bir mələkdir” adlı ilk şeirlər kitabı hələ o, 7-ci sinifdə oxuyarkən işıq üzü görüb. Həmin kitabdan sonra bir sıra rayon, respublika səviyyəli böyük tədbirlərdə Sabrina Gültəkin də şair kimi iştirak edib, şeirlərini oxuyubdur. İndi isə o, daha da püxtələşib, hətta Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Qurtuluş” poemasını da yazıb.
Naxçıvan ədəbi dairələrində kifayət qədər tanınan yeniyetmə şairənin arzusudur ki, onun yaradıcılığı ölkə oxucusuna da əlçatan olsun. Bu arzuyla da o, yaradıcılığından bəzi nümunələri “Ədəbiyyat və incəsənət” portalının redaksiyasına təqdim edib. Bu gün biz sizlərə Sabrina Gültəkinin “Qurtuluş” poemasından bir parçanı təqdim edirik.
Qədim Naxçıvanda bir günəş doğdu,
Adı Heydər oldu, üzü nur dolu.
Vətənini sevdi, daim qorudu,
Xalqa şərəf oldu həyatı, yolu.
Sadə ailədə doğulmuşdu o,
Halal çörək yeyib böyümüşdü bax.
Ailədə sevilib, seçilirdi o,
Xoşbəxt yaratmışdı bax, onu Allah.
Hələ uşaq ikən balaca Heydər,
Hər kəsi özünə heyran edirdi.
Ağılı, zəkası, elmi ilə o,
Öz yaşıdlarından öndə gedirdi.
Adi insan kimi gəldi dünyaya,
Amma insanlardan seçildi Heydər.
Ağlı, zəkasıyla Azərbaycanı
Dünyada tanıtdı O, Ulu Öndər.
Vətənə bitməyən sevgisi vardı,
Ürəyi vətənlə birgə vurardı.
Naxçıvan yurdunun igid övladı,
Daima vətənin o qoruyardı.
İstərdi ana yurd bölünməsin heç,
Daim bütöv olsun, o həmrəy olsun.
Üçrəngli bayrağım dalğalansın hey,
Daima ən yüksək zirvədə dursun.
Naxçıvan yurdunun igid övladı,
Naxçıvanı sevdi, burda yaşadı.
O, əzəl bildiyi, o, çox sevdiyi
Naxçıvan yurdunu heç unutmadı.
Onun böyük qəlbi, ürəyi vardı,
Elini qoruyar, xalqa yanardı.
Ağılı, hünəri, siyasətiylə,
Vətənə həmişə dayaq durardı.
Taxt qurdu qəlblərdə Ulu öndərim,
Sevildi, sevilib, seviləcək də.
Vətənə sevgisi dillərdə dastan,
Deyildi, deyilib, deyiləcək də.
Ömrünü xalqına fəda eyləyib,
Yurdunda illərlə yaratdı, qurdu.
Vətənə ömrünü o, həsr edərək,
Onun keşiyində oğultək durdu.
Gördüyü işlərlə o, yadda qaldı,
İllərlə Vətəndə qurdu, yaratdı.
Müstəqil bir dövlət banisi oldu,
Üçrəngli bayrağı göyə ucaltdı.
Xalqın dar günündə, çətin anında,
O, çatdı xalqının tez imdadına.
Xalqını qorudu, yurdu qorudu,
Xalqım da Xilaskar!- söylədi ona.
Onun sayəsində vətən qurtuldu,
Xalqım azad oldu, yurd azad oldu.
Onun xoş işləri xoş əməlləri,
Xalqının ürəyinə tam həkk olundu.
Qayıtdı elinə, doğma yurduna,
O, çətin günlərdə, çətin illərdə.
Elin çağrışına cavab verərək,
Öz doğma xalqıyla oldu bir yerdə.
Elə bir zamanda, elə bir anda,
Xalqının qəlbinə vurmuşlar yara.
Gecəylə vətəni viran qoyaraq,
Vətəndə xalqını çəkiblər dara.
1990-cı il, qanlı yanvarda,
Qorxmadan sözünü O, şax söylədi.
Dözməyib ürəyi bu olanlara
Düşməni sözüylə o məhv eylədi.
Yox, göz yummayırıq bu olanlara,
İnsanın qanına susayanlara.
Görmədən gəlməyin bu faciəni,
Deyə hayqırırdı bütün dünyaya.
Dünyanı lərzəyə saldı sözləri,
Dünya sözlərindən heyrətə gəldi
Çox keçmədi ki, o, bütün dünyanı,
Haqqa səsləyərək, ədalət dedi.
O, gəldi, gələli güldü üzümüz,
Yurdumun üzünə güldü azadlıq.
Onun sayəsində müstəqil, vahid,
Bu azad dövlətin vətəndaşıyıq.
Əgər ki, soruşsan sən bir kimsədən,
O da bu sözləri deyəcək inan.
Ulu Öndərimin bizlər haqqını,
Ödəyə bilmərik heç vaxt, heç zaman.
Siz olduz dövləti yenidən quran,
Min dərddən, bəladan xalqı qurtaran,
Fəxr edir sizinlə bütün el-obam.
Fəxr edir sizinlə bu Azərbaycan!
Siz bir vaxt demişdiz məhz bu sözləri,
-Müstəqillik qədər çətin yol yoxdur!
Amma siz bu yolu çoxdan aşmısız,
Azadıq, bununla duyuruq qürur.
Xalqın xilaskarı, xalqın öndəri,
Cənnətə çevirdiz hər bir məkanı.
Sizin sayənizdə tanıdı, sevdi
Bütün bu yer üzü Azərbaycanı!
Xalqın haqq səsiydi, haqq yoluydu o,
Xalqı haqq yoluna o səsləyirdi.
Həmişə deyirdi:- Can Azərbaycan!-
Yurdu belə sevib, əzizləyirdi.
Hərdən öz-özümə deyirəm görən,
Niyə o, dövrdə doğulmadım mən.
Onun kimi dahi, ulu insanı,
Niyə görəmmədim sağ ikən nədən.
Naxçıvan yurdunun çətin günündə,
Xalqını qoruyan, yurdu qoruyan.
Sədərək elimə zülm ediləndə,
O idi xalqının yanında duran.
92-ci il soyqırım edib,
Xalqın göz yaşına baxmayıb onlar.
Körpəni, qocanı qətlə yetirib,
Bütün Xocalıya divan tutdular.
Bir qara gecənin qaranlığında,
İnsan fəryadları qulaq dəlirdi.
Bir şəhər üstünə od ələnirdi,
Körpə iniltili səslər gəlirdi.
Bir ana bağrına basıb körpəsin,
Qaranlıq gecəni yarıb gedirdi.
Azğınlar əlinə düşməsin deyə,
Ana ağrılara sinə gərirdi.
O əli qanlılar, o vicdansızlar,
İnsanlıq adına ləkə olanlar.
O gəda dığalar nə biləydilər,
Qeyrətin tac edən Qadınlar da var.
O zülmət gecənin qaranlığında,
Nalələr, fəryadlar göyü dəlirdi.
Neçə anam, bacım, neçə qardaşım,
Qarabağ uğrunda canını verdi.
İllərlə süfrədə oturtduğumuz,
Yaxın bildiyimiz, o namərd düşmən.
Yurduma göz dikib namərdcəsinə
Bizi vururmuşlar kürəyimizdən.
O insan cəlladı- bax o canilər,
Gecəylə yurdumu viran etdilər.
Uşağa, qocaya baxmadı onlar,
Xalqımı qanına qəltan etdilər.
Qaranlıq gecədə, soyuq havada,
Hər kəs meşələrə axın etmişdi.
Biri ayaqyalın, biri başaçıq,
Hərə bir tərəfə qaçıb getmişdi.
Neçəsi meşədə donaraq öldü,
Neçəsi düşmənə əsir düşdü bax.
Körpələr anadan, atadan ayrı,
Bu zülmü, dəhşəti görmürdü Allah?
Budur faşistlərin gerçək üzləri,
Bütün vəhşiliklər bax ortadadır.
Xalqıma edilən zülm, soyqırım,
Terror faşizminin ünvanındadır.
O çətin günləri biz salsaq yada,
Xalqımı əyilməz, igid görərik.
Bir qarış torpaqçün canından keçər,
bu eldə hər oğul, hər qız deyərik.
Gərək mən danışam qəhrəmanlardan,
Onlardan söz açam hər vaxt, hər zaman.
Düşmən qarşısında heç əyilməyən,
İgid oğullardan, mərd oğullardan.
Bir qeyrət simvolu olub oğullar,
Vətəni, torpağı dara düşəndə.
Elin dar günündə candan keçərək,
Şəhidə dönüblər onlar vətəndə.
Canını Vətənə fəda eyləyib,
Vətəni qoruyan min-min oğul var.
Koroğlu nərəli, Polad hünərli,
Mübariz qeyrətli igid oğullar.
Unutmaq olarmı heç şəhidləri,
Vətəni canından çox sevib onlar.
Gözünü qırpmadan ölümə gedib,
Vətəni yolunda şəhid olublar.
Amma bu düşmənlər əl çəkməmişlər,
Xalqımın Bakıda min oldu dərdi.
Xalq ayağa qalxıb, Heydər söylədi,
Azadlıq istədi, yardım istədi.
Xalq Heydər söylədi, xalq Heydər dedi.
O da səs verdi bax xalqın səsinə.
Xalq bələd olmuşdu, şahid olmuşdu,
O Ulu Öndərin cəsarətinə.
Əmanət eyləyib Ulu Öndərim,
Güvənli əllərə o, Naxçıvanı.
Qayıtdı Bakıya, gəldi Bakıda
Bəladan qurtara Azərbaycanı.
O, 93-də Bakıya gəldi,
Bütün zorluqlara o, sinə gərdi.
Xalqının səsinə o səs verərək,
Düşmənə sinəsin sipər eylədi.
Elə bir dövrdə gəldi vətənə,
Bax, xalqı içindən parçalanırdı.
Yara vurmuşdular onda vətənə,
Vətən oda düşüb, odda yanırdı.
Yad dəyirmanına su tökürdülər,
Sapı özümüzdən olan baltalar.
Talayıb xalqının sərvətlərini,
Özü üçün mal-mülk yığanlar da var.
Amma çox çəkmədi tülkü bəyliyi,
Öndər öz sözünü açıq söylədi.
Heç kəs bölə bilməz mənim xalqımı,
Talaya bilməzlər varını dedi.
Oturtdu yerinə o, gədaları,
Dövləti, ölkəni yenidən qurdu.
Dədəm Qorqud kimi haray qopardı,
Bütün Azərbaycan ayağa durdu.
Vətənin bax bütün sərvətlərini,
Qorudu, saxladı, xalqındır dedi.
Bakı-Ceyhan kimi boru xəttini.
Bütün bu dünyaya bəyan eylədi.
Neçə layihələr yaratdı Öndər,
Xalqımı dünyaya tanıtmaq üçün.
Xalq xoşbəxt yaşasın, qoy azad olsun,
Yurdumu təzədən qurdu büsbütün.
Xalqı qurtuluşa bax, apardı o,
Nə qədər nadanlar yolun kəssə də,
Bir an da yolundan dayanmadı o,
Min bir çətinliklə yolu keçsə də,
Xalqının əlindən tutub Öndərim,
Üçrəngli bayrağı ucaltdı göyə.
Gecəli-gündüzlü qurdu, yaratdı,
Xalqımız firavan yaşasın deyə.
Xalq Heydər söyləyib, Heydər deyəndə,
O da səs verərək xalqın səsinə.
Dedi: -Bu yurd varsa, bax məndə varam,
Daim olacağam sizinlə yenə!
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)