“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərhad Fərhadlıya həsr edilmiş şeirlə tanış olacaqsınız.
FƏRHAD VÜQAR OĞLU FƏRHADLI
(08.12.1993.-20.10.2020.)
Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhər 12 nömrəli orta məktəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (magistr) məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Cəbrayıl rayonu
Dəfn yeri: Sumqayıt Şəhidlər Xiyabanı
Allah rəhmət eləsin!
QƏLBLƏRDƏ YAŞAYIR FƏRHAD
Düşmən sifətində şillə olubdur,
Yağının köksünə güllə olubdur,
Kafirin başına zərbə olubdur,
Qazanıb dünyada ən şərəfli ad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Güc alıb Vətənin üfüqlərindən,
Torpaqdan, Günəşin şəfəqlərindən,
Nənələrin arzu-diləklərindən.
Olub bu diyara ən əziz övlad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Sumqayıt onunçun ən gözəl şəhər,
Şirin laylasını çalar göy Xəzər,
Parklar, xiyabanlar, güllük, laləzər,
Xəyala necə də verir qol-qanad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Necə də pozuldu sakitlik, sükut,
General Həşimov olanda şəhid,
Bəsdir, göylərimdən çəkilsin bulud,
Bizim torpaqlarda qalammaz bir yad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Fərhad bank işçisi, kamil insandı,
Əsgərliyin çəkib xeyli zamandı,
Məqam yetişibdi, bu imtahandı,
Torpağı oğullar edəcək azad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Yazıldı orduya, dedi, - İnşallah,
Haqqa qüvvət verər Yaradan-Allah,
Doğar üzümüzə işıqlı sabah,
Təpəgözün başın əzəcək Basat,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Günlərdi almırdı Fərhad dincini,
Ayrılıq zamanı öpdü İncini,
Sonsuz arzusunu, min sevincini,
Gözləri nəmləndi, dinmədi heyhat,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Vətən sevgisidir ülvi məhəbbət,
Vətən adı gəlsə, yox başqa söhbət,
Vətən namus, vətən təmiz ad, qeyrət,
Yadlar torpağımda oynadammaz at,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Fərhadgil düşməni salıb lərzəyə,
Bəsdir, güzəşt olmaz qorxunc gürzəyə,
Son qoymaq zamanı çatıb fitnəyə.
Tarixdən üzüağ çıxammaz fəsad,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Necə ağır döyüş keçdi, həmin gün,
Fərhad düşmənləri biçdi, həmin gün,
Tanrı da Fərhadı seçdi, həmin gün,
Başladı cənnətdə müqəddəs həyat,
Qəlblərdə əbədi yaşayır Fərhad.
Yurduma gəlibdir günəşli bahar,
Uşaqlar böyüsün xoşbəxt, bəxtiyar,
Fərhadın atasın tanıyın – Vüqar,
Qarabağ uğrunda vuruşub o da,
Özünü atıbdır alova-oda.
Fərhadın ətrini alır İncidən:
-Balam qiymətlidir ləldən, incidən.
Fərhad, mən şeirimi çatdırdım sona,
Var olsun qəhrəman yetirən ana.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)