“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayəsini təqdim edir.
Səhər pəncərədən evin içinə elə boylanırdı ki, sanki kimisə axtarırdı. Üzünə Günəşin şüası düşmüş kitablar qıpqırmızı qızarmışdı. İnanmazdım, öldüyümün onuncu günü öz evimə Günəş şüasında gələcəm.
Evdə çoxlu qonaq var idi. Yad üzlər, adamlar. Ərim bükülüb körpə uşaq kimi yatmışdı. Corabının ortasında böyük bir qara dəlik var idi. Tənbəl-tənbəl gözlərini açıb dik atıldı. Gözünə düşən Günəş şüası onun əslində mənə son dərəcə yad olduğunu göstərirdi.
Üşüdüm. Sonra yadıma düşdü ki, mənim duyğularım yoxdur, sevinməyə başladım. Yaşadığım dövrdə ətrafda baş verənlərə çox baş qoşardım. İnsanlara laqeyd deyildim. Hətta bir müddət dara düşən insanlara kömək edib sanki bu yolla qidalanırdım. Özümü tamam yormuşdum. İçimdə sızıldayan ürəyimi hiss etmirdim deyə sevincimi gizlədə bilmədim.
Ərim bunu hiss edib ayağa qalxdı. Gözləri çuxura düşmüşdü.
Yaxşı ki, bu dünyada sevgi yoxdur. Mən onun nəyə görə belə fikirli olduğunu anlamırdım.
Anası onu səslədi. Qonşu otaqda qonaqların içində bir orta yaşlı qadın var idi. O da yerə, göyə, mənim əşyalarıma qəribə nəzər salırdı. Yanında əyləşən anası qulağına nəsə pıçıldadı. Deyəsən pəncərəni göstərdi. Qadın nəzərləriylə evin dörd divarını necə çəki düzənə gətirəcəyi haqqında düşünürdü. Kimsə ərimin qoluna girib bir yana çəkdi...
Oğlum mışıl-mışıl yatırdı. Günün qürubu ilə gözdən itdim...
Ölümümün onuncu günü evimdə gördüyüm mənzərə bu idi.
Yaşayarkən nədən və hardan yıxıldığımı yadıma sala bilmirdim. Bilirəm ki, günlərlə xəstə yatdım. Bir gün də səhər açılmadı. Evimin çəki düzəni tamam itmişdi. Ölərkən belə bu barədə düşünürdüm. Bu zülmün içindən nədən çıxa bilmədiyimi, əslində bu qədər güclü ola-ola adi bir ayrılıq sarsıntısından öləcəyimi təsəvvür edə bilməzdim. Amma bu, belə də oldu.
Mərhəmət acı hissdir. O, insanı ölümə qədər gətirirmiş demək. Hardan-hara gəlir insan. Bitməyən missiyalarımın birində böyük bir acı çəkdim. Düşündüyüm icrası yüzdə-yüz olacaq olan layihədə çoxlu itki olmuşdu: adam ölümü, ayrılığı.
Fikirdən, peşmanlıqdan yatağa düşdüm. Bir kimsə məni qınamasa da, hamıdan üzr istəyə-istəyə. Bir də gördüm xəstələnmişəm. Artıq hər gün canımda bir sancı idi. Bir gün də canım bu ağrıdan azad oldu.
O gözəl günü belə xatırlayıram. Azadlıq günü: canımda olan bütün sızıntılar bitmişdi. Ən son yadımda qalan dostumun monitorun o tayındakı üzgün üzü idi. O ağlayırdı. Yalnız onun üçun yeni başlanğıclar gələcəkdi, o, hələ çox yaşayacaqdı. İtkilər onun ürəyini mənim qədər sarmadı.
Biz bütün gözəllikləri birgə yaşayıb itirmişdik. Və sonu...
Tez -tez gəlirdim evimə. Çox keçmədi evimə gələn yeni gəlin evimdə çox əşyaları atdı. Xatirələrin əlində yanıb tökülməyindən qorxmadan. Çünki bu evin keçmişi onun keçmişi deyildi. Ərimi də elə bu cəlb edirdi. Onun keçmişi olmaması, bir də bişirdiyi yeməklər.
Biz evlənən gün ilk soruşduğu bu olmuşdu, dəcəl bir uşaq kimi mən “yemək bişirə bilmirəm ki” demişdim. Gülümsünmüşdü. Sonradan başa düşdüm ki, acığı gəlibmiş.
Bütün ömrümü mənim yaşamıma təəccüblə baxdı. Bir qadın bu qədərmi qadın olmaya bilərdi?!
İndi çox xoşbəxt idi. Onun səhvlərini üzünə vurmayan, dadlı yeməklər bişirən yeni arvadı, sakit həyatı vardı.
Oğlum öldüyümün onuncu günü getmişdi şəhərdən. Oxumağı bəhanə edib getmişdi. Onun üçün çox narahat idim. 20 yaşlı bir gəncin nə düşündüyünü, nələr edəcəyini, dostlarıyla necə bir ortamda yaşayacağını düşünüb dururdum. Yalnız oğlum evdə deyildi.
Uzun-uzadı bu evdə məhkum qaldım.
Mələk fiqurları ilə dolu olan kitablığımı yerə töküb yığışdıran yeni gəlin birdən kitab arasında qəfil yerə sıçrayan gülümsəyən şəklimlə qarşılaşdı. Şəkillər yerə səpildi. Gəlin yerdən şəklimi götürüb gözlərimə baxdı. Bu an mən də onun gözlərinə baxa bildim. İri qıy gözləri uşaq məsumluğu ilə baxırdı. Nazik dodaqlarını bir-birinə sıxıb üz cizgilərimə diqqətlə baxdı. Şəkildən elə gülümsəyirdim ki, onun ürəyində həsəd içini didməyə başladı. Qadın ədasıyla şəkli stolun üstünə tulladı. Bir küncdə oturub fikrə getdi. Ərim yerində donub qalmışdı:
- Bağışla, şəkilləri hər yerdən yığmışam, bir bunları unutmşam.
Ərim onun yanında oturub bir nöqtəyə baxdı.
- Sevirdin onu? - qadın acıqlı dilləndi.
- Öldüyünün onuncu günü başa düşdüm ki yox. Onu heç bir vaxt sevməmişəm. Qeyri-adi düşünən qadınlardan həmişə qaçmışam. Çox vaxt ayrılmaq istədim, bacarmadım. Uşağa görə dözdüm. Baş qoşmadığı yer qalmadı bu qadının. Axırda alpinist dəstəsinə də qoşuldu. Evdə buna görə davamız oldu. Qapını çırpıb getdi. Elə o gəzintilərinin birində də xəsarət aldı, bir ayın içində öldü. Ona qulluq edirdim. Heç məni hiss etmirdi. Kiminsə, yəqin ölən dostunun adını sayıqlayıb ağlayırdı. Yaşaya bilmədi, bədbəxt adam idi. Xəyanətini görmədim, deyə bilmərəm, yalnız onun üçün yadlar bizdən önəmli idi. Mənim varlığımın, yoxluğumun bu insana bir təsiri olmazdı. Günlərcə kitab oxuyub, sonra o kitabı izah edər, tapıntılarını yazardı, ətrafında bir sürü qəribə rəfiqələri var idi. Bir dəfə onu təqib etdim. Gedib hansısa kafedə oturub xeyli güldü-danışdı. Rəfiqələri rəssamlar, aktyorlar, musiqiçilər idi. Onların içində elə gülürdü ki! Evə dönəndə bütün yolu onunla getdim. Evə çatanda isə səssiz oldu, yenə içinə qapandı. Onun sanki evdən uzaqda bir həyatı var idi. Ev adamı deyildi.
Qadın bir az da fərəhləndi.
Ərim bu sözü deməyindən sanki utandı, başını aşağı saldı:
- Yaxşı ana idi o. Uşaqla elə oynayırdı ki, sanki özü də uşaqdı. Hər şey edərdi uşaq üçün. Oğlumuzu böyütdü, oxutdu. Bir də incitməzdi məni, yorğun oldummu, ürəyi yanardı. Bu yadımda qalıb.
- Sevmədiyin qadın haqqında elə danışırsan ki! – deyib, qadın hirslə otaqdan çıxdı.
Ərim şəkilləri stolun üstündən götürüb cibinə qoydu. Götürərkən şəklimə bir də baxdı. Gözləri tamam çuxura düşmüşdü, sanki bir az da qocalmışdı. Sakit gözlərini gözlərimə zilləyib:
- Əzizim, - dedi. - Səni çox sevirəm. Elə darıxmışam ki! Gülüşün, səsin, dağınıq əşyaların, zarafatların üçün! Sən mənim ucalığım idin. Hardasa uzaqda sənə baxar, xoşbəxt olardım. Mənim sənin həyatından uzaq bir dünyam olsa da, sənə həsəd aparırdım. – Gülümsündü. - Ölümün üzü qara olsun. İndi ev-eşik tər-təmiz, evdə isti yemək, hər şey var. Amma mən boğuluram. - Gülümsündüm. - Ölümünün onuncu günü bunu dərk etdim.
Gözündən iki damcı yaş axdı. Ürəyim sıxıldı. Onun az əvvəl qadının könlün alanda dalımca dedikləri indiki halını inkar edirdi. Amma mən onu anlayırdım.
“Həyat çirkli yerdi. Heç nə göründüyü kimi deyil. Əsas içindəki mələyi oyat. Bir də bir gün görəcəksən ki, qanadın da çıxdı, mələyim”.
Kimsə sanki pıçıldayırdı.
“Əsas bu dünya dərdindən yuxarıda durmaq və ölümündən sonra da, əvvəl də mələk qala bilmək. Doğru səni aparacaq. Sən qanadını çırp”.
Evim mənə yad görünürdü. Qollarımı yana açıb işıq selinə düşdüm. Yer üzü, göy üzü ayağımın və düşüncəmin altında idi. Yer üzü mənim ürəyimi yaralayan, incidən insanlarla dolu idi. Amma mən bunu duymurdum. Hər şeydən yuxarda və elə gözəl həzin bir aləmdə idim ki! Sərin meh üzümü xəfifcə qıdıqlayırdı. Yer üzündə dadmadığım xoşbəxtliyi hiss edirdim. Sanki böyük bir sevgi selinin içinə gedirdim. Təkcə oğlumdan nigaran idim. Ona sevgidən qoparıb işıq seliylə göndərib yoluma davam etdim.
Həyat gözəldir. Və biz bu gözəlliyi yaşayarkən duymağa məcbur deyilik. İnanırdım ki, insan övladının heç bir məcburiyyəti yoxdur. Bütün sərhədlər, sədlər, qanunlar insan beyninin axmaq məhsuludur.
Yaşayarkən özünü bir modelin içinə qapamaqdan ziyadə günah ola bilməz. Günahkar olmaq budur. Yaşamağa məcbur deyilik.
Gözlərimi yumub ölümümün onuncu günü məndən bu dünyada qalmayan heç nəyi sevməyə başladım. Heç nə böyük bir dağ kimi məni qoruyurdu. Mən o dağı çıxmırdım, onun içində gizlənirdim.
Evimi tapmışdım.
Mən azad idim. Qu tükü kimi yumşaq bir həyat idi. Düşüncə, həsrət, ayrılıq, sevgi dadmamaq qədər azadlıq idi bu.
Mən bunu öldüyümün onuncu günündən hiss etdim.
O gündən ki insanlar özlərini məni unutmağa məcbur etdi, mən azad oldum.
Çox sevinirdim.
Xoşbəxt idim.
Öldüyümün onuncu günü...
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)