“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Abbas Səhhətin “İki uşaq” əsəri təqdim ediləcək.
Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər.
Gedək görək uşaqlar
Bağda nə cür oynaqlar.
Yoldaş dedi: – Qardaşım,
Dinmə, ağrıyır başım.
Açılsa gül, olsa yaz,
Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,
Oynamağı neylərəm.
Bunu dedi o birisi:
– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,
Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,
Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:
– Danışma bəd-bihesab,
Sübhə bugünkü işi
Qoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,
Sonra gedib oynaram.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)