Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı "Göy üzünü bir günlük kirayə istəyirəm" - söyləyən gənc şairimiz Ruslan Dost Əlidir.
Xoş gördük, Ruslan bəy. Bilirik ki, şairlər sözlərdən poeziya ocağı qalayanlardır. Dünyanı dərininə elmlə öyrənirik, amma dünyanın incəliyini duymaq üçün poeziyanı hiss etmək lazımdır.
Ruslan bəy, elə bu an üçün söyləsək ki, "Sevdiyin şeiri gəl mənə söylə" bizə hansı şairdən şeir söyləyərsiniz?
-Mənim üçün şeir İlahi nəsnədi. İlahidən qeyri heç bir qüvvə onu yaratmaq gücünə, sehrinə malik deyil. Demək olar, bütün şeirlərimdə bunu hiss eləmişəm - bu hissi yaşamışam... Elə paylaşmaq istədiyim bu şeirimi də İlahi yaradıb - göndərib, yazdırıb...
Gəlin, onu dinləyək...
Qoy İlahi şeirlərin sayı çox olsun...
siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.
hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.
yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.
yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar.
nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.
azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...
gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.
...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.
baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)