Təqdim edir: Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
1.
Həyətdə kölgəmə qılınc atır birisi
Qanı içimə damılır mənim...
Yuxudan atılıram...
Adamlar yerə atılırlar sümüklərimin yorğun binasından...
Ayağıma dolaşır
Qıçlarımdan, belimdən, boynumdan yuxarı gedir saçımın buruqluğu...
Rəngim qaçır...
Rəngi qopuq divarlara bənzəyirəm get-gedə
Yediyim işarə barmağımın dərisi ilə
Soyulur bütün varlığım.
Silinirəm
Toxunduğum bütün əşyaların barmaq izlərindən
Əllərimin hafizəsindən silinirəm yavaş-yavaş
Kimliyimdən
Ailə tabutumuzu kefsizlədən iradi
Gülüşlərimdən.
İtirmişəm əllərimi!..
Barmaqlarım piyanoda qalıb...
Əllərim işdə qalıb...
Bu bədəndə başqa insanlar yaşayırmış görən?
Üzümü çimdikləyirəm ki, inanam diriyəm hələ...
Kədərliyəm
Kədərliyəm ki, heç bir qucağa qırılmadı düymələrim
Buraxın unudum tənimdə göynəyən qopuq qanadlarımın yerini...
Buraxın unudum özümü...
Yerimin hara olduğu da bəlli olmasın...
Yaxamdan əl çəkin
Susun soyuq divarlar!
Mat baxış, quru gülüşlərinizdən zəhləm gedir...
Birisi otağıma girir
Deyir ki,
İxtiyarsız işəmək
İradi gülüşlərin etkisidir!
2.
Qanlı bıçağı dənizə atar
Barmaqlarını qoxulayar bənd-bənd
Əski albomları, kitabları zibil qabına atmadan
Öncə doya-doya baxıb əzbərləyər onları...
Qarlı axşamlarda əlvida deyib taksilərdə düşürər ruhunu
Ancaq yenə də sevişər soyuq röyalarla...
Evə dönər...
Kirli xatirələri suya çəkər qab-qaşıqla birlikdə
Yaşadıqları film kimi pərdəyə enər!
Ölüm qorxuların aynasıdır
Bütün xarakterlərin sonuncu sekansı!
"İnsanları öldürən qorxulardır" - deyir.
3.
Danış mənə
Qışın amansızlığında
Ayaqqabıların necə daşıyır gövdənin ağırlığını
Hansı paltonla şaxtadan qoruyursan darıxmanı?
Hansı uçaqlara gec qalırsan
Özündən qaçmaq üçün?
Əllərin cibində hansı baharı düşünürsən?
Düşüncələrin evinizə sığmayan neçənci uşaqsan?
Söylə! Uca boyluqda neçə bacı-qardaşsınız?
Yabancıları nə ilə qandırırsan yalın ayaqlı gedişini
Kibrit çəkdiyində nə şəkilə düşür kimliyin?
Getmək zorundasan, bilirəm
Əslində bu məmləkət daşıya bilmir səni!
Yazdığın dəniz şeirlərinə balıqsızdır Təbriz
Sevgiyə yazdığın şeirdə boğulur qadınlar...
Söylə Səmədin qara balığını
Hansı bankada üzdürürsən?
4.
Nə olar doktor
Bunlara inandır ki,
Xəstə deyiləm!
İnandır ki, skripka səsi yaranır
Tavanda cızdığım dırnaqdan!
İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır
İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar
Doğru həyatda deyil...
İnandır ki, pəncərədən dışarı qovduğum
Canavar doğal kölgəmdir
Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...
Doktor, hər gün birini öldürürəm beynimdə
Əl-ayağını sapa düzürəm
Boynumdan asıram bənd-bənd...
İnandır ki, bacarıqlıyam
Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...
İnandır ki, öz ovcumda ölə də bilərəm...
Bilirsən
Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...
Bədənimi qaşındıran allergiya deyil
Bu bir adsız dəri xəstəliyidir
Onu soymaq, şəritə sərmək gərəkdir...
De bilsinlər ki, yatağım qorxuncdur
Saqın girməsinlər otağıma!
İnandır ki, üşüyəndir
Yatağımda yatan boşluq
Yorğansız qaldığında
Dişi dişinə dəyir..
Nə olar doktor bunlara anlat
Yatağımdakı canavar mənəm...
5.
Unut məni
Fərz et gecələrində gözlərinə dolan acı yuxudaydım!
Unut məni, hər gün məscidlərdən dışarıya atdığın mürgülü əyyaşlığın kimi
Saqqalını oxşayaraq neçə qadını öpdüyünü belə xatırlamadığın kimi...
Hər sabah fərqli çiçəkli donlarla
Balaca balkonumuzda azan səsi ilə oyandığını
Sənə çay süzdüyümü...
Səni görcək üzümə dolan təbəssümü...
Dodaqlarıma çəkilən qırmızı pomadamı gözəllədən üzümdəki qara xalımı...
Anladım bunlar da yetməyir sənə!
Unut
Sənin üçün paltarlarıma sıxdığım odekolonu...
Qorxaq gözlərimlə, sevirəm söylədiyimi
Telimi qulağımın dibinə vurub şirin yalanlarına aldandığımı...
Güzgü qarşısında oturub
Hər gün qıvrım saçlarımı sən sevdiyin rənglərə boyayıb
Özümü qoynuna aldığın qadınlara bənzətdiyimi də unut.
Heç sevilmədiyimi unut!
Onlara darıxdığında inad edib
Mətbəxdəki bardaqların səslərinə
Dilimin altında sevdiyim mahnını mırıldanmağımı da unut...
Yatağına ölü düşən qadın ruhumu
Göylün olmadan sevişdiyimiz gecələrdə
Qıçlarımdan ayaq barmaqlarıma sızan sərin qanımı
Ovuda bilmədiyin yalqızlığımı
Bağrına basmadığın ağ gövdəmi unut...
İndi alnına bir öpüş
Adına söyüş deyirəm sevginin!
Bilirəm
Yoxluğum darıxdırmır səni!
Nə çoxdur səni sevənlər
Alnının damğası etibarındır!
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)