Şəhidlər barədə şeirlər – Asəf Nəsibov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Asəf Nəsibova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

ASƏF SƏFƏRALI OĞLU NƏSİBOV

(25.02.1994.-29.10.2020.)

 

Qazax rayonunun Qaymaqlı kəndində doğulmuş, Qaymaqlı  kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer: Laçın.

Dəfn yeri: Qazax rayonu Qaymaqlı kəndi.

 

 

ASƏF:

Vətənimdə qala bilməz yağılar,

Qurtardı qondarma yalan nağıllar,

Az qalıb düşmənin səfi dağılar,

Döyüşə gedirəm, salamat qalın.

 

Doğuldum, böyüdüm Qazax  elində,

Dil açdım anamın şirin dilində,

Canımdan keçərəm Vətən yolunda,

Döyüşə gedirəm, salamat qalın.

 

Sevmişəm yurdumun dərəsin, dağın,

Qaymaqlı kəndinin bağçasın, bağın,

Xilas vaxtı çatıb can Qarabağın,

Döyüşə gedirəm, salamat qalın.

 

Gənc ömrüm  keçməyib boş-boş, mənasız,

Heç vaxt olmamışam yurda faydasız,

Yaşamaq olarmı elsiz-obasız?

Döyüşə gedirəm, salamat qalın.

 

Kimyaçı olmaqçın oldum tələbə,

Asan başa gəlmir heç vaxt qələbə,

Mühəndis olmuşam – çatdım mətləbə,

Döyüşə gedirəm, salamat qalın.

  

XƏDİCƏ ANA

Ana qucaqladı Asəf balasın,

Gizlədə bilmədi axan göz yaşın:

-Bala, uca olsun hər zaman başın,

Düşməni məhv elə, salamat qayıt.

 

Sən, mənim oğlumsan, böyüdün halal,

Qurmuşdum nə qədər şirin, bal xəyal,

Allah sənə verib boy-buxun, kamal,

Düşməni məhv elə, salamat qayıt.

 

HÜCUMDADIR ORDUMUZ

Budur hücumdadır yenə ordumuz,

Tezliklə çin olar şirin arzumuz,

Azad olacaqdır doğma yurdumuz.

O müqəddəs günə lap az qalıbdır.

 

Artıq məqam çatıb, sünbül dəndədir,

Asəf döyüşdədir, yenə öndədir,

Düşmən ittək qaçır, bax nə gündədir,

O müqəddəs günə lap az qalıbdır.

 

Torpaq azad olmur qansız-qadasız,

Qovulub məhv olur düşmən-həyasız,

Yaşamaq olarmı yurda sevdasız?

O müqəddəs günə lap az qalıbdır.

 

Haqq yolun tutanı Allah ucaldar,

Xalqım arzusuna yetişər, çatar,

Millət otuz illik nisgili atar,

O müqəddəs günə lap az qalıbdır.

 

DÜŞMƏNİN ÇIRAĞI SÖNDÜ

Düşmənin çırağı biryolluq söndü,

Asəfin hünəri nəğməyə döndü,

Bizə əziz olub doğmaya döndü,

Qarabağ uğrunda canından keçdi,

Bir yolluq əbədi cənnətə köçdü.

                                              

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.