“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Asif Kərimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.
ASİF MƏMMƏD OĞLU KƏRİMOV
(25.03.1989.-03.11.2020.)
Cəlilabad rayonunun Lazran kəndində doğulmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Şuşa rayonu
Dəfn yeri: Cəlilabad rayonu
CƏSUR ASİF
Yurdun igid balasıydı,
Topdağıtmaz qalasıydı,
Düşmənlərin bəlasıydı,
İgid zabit, cəsur Asif.
Lazran kəndində doğuldu,
Həmişə üzüağ oldu,
Yağını lərzəyə saldı,
İgid zabit, cəsur Asif.
Kitabları varaq-varaq,
Öyrənməyə vardı maraq,
Arzusu- torpağı alaq,
İgid zabit, cəsur Asif.
Qiyməti var hər anın da
Hərbi xidmət zamanında,
Oldu Poladın1 yanında
İgid zabit, cəsur Asif.
Gələndə savaş zamanı,
Tanıdıq yaxşı-yamanı,
Həqiqət etdi guümanı,
İgid zabit, cəsur Asif.
Şuşa uğrunda savaşda,
Gedirdi hamıdan başda,
İzi vardır, dağda, daşda,
İgid zabit, cəsur Asif.
Qardaş oldu əsgərlərə,
Arxalanaraq ərlərə,
Meydan oxudu şərlərə,
İgid zabit, cəsur Asif.
Mərd komandir, zabit oldu,
Hamı buna şahid oldu,
Göz qırpmadan şəhid oldu,
İgid zabit, cəsur Asif.
Bir örnəkdir ləyaqəti,
Bu Vətənə sədaqəti,
Gülay, Yusif əmanəti,
İgid zabit, cəsur Asif.
Vətən keşiyində durdu,
Azad etdi doğma yurdu,
Ürəklərdə məskən qurdu,
İgid zabit, cəsur Asif.
Qeyd: (1-Poladın- Polad Həşimovun)
“Ədəbiyyat və incəsənət”
(03.05. 2024)