Poetik Qiraətdə Elxan Yurdoğlunun “Aprel gəldi, sevgili” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalı Poertik Qiraət rubrikasında bu dəfə sizlərə   Elxan Yurdoğlunun növbəti şeirini təqdim edir. Şeir “Aprel gəldi, sevgili” adlanır.

Aprel gəldi,

Sən də gəl, sevgili.

Aprel gedəndə gedərsən,

Özünlə apararsan sevgimi.

 

Şair belə deyir. Aprel getdi. Artıq mayın ilk günləridir. Ümidvarıq ki, sevənlər apreldə getməyiblər və sevgini də özləriylə aparmayıblar.

Xoş mütaliələr!

 

 

APREL GƏLDİ, SEVGİLİ...

 

Aprel gəldi, sevgili...

Sevgi kimi gəldi.

Yasəmənlər açacaq,

Gilənarlar çiçəkləyəcək...

Uçacaq kəpənəklər,

Qızlar daha da gözəlləşəcək...

Gözüm görməyəcək heç nəyi, heç kimi,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi, sevgili...

Sən gəldin elə bil...

Nə xoş qoxular doldu içimə,

Nə gözəl gülümsədi günəş,

Nə gözəl oxuyur sərçələr,

Yaşıl-yaşıl yarpaqlayır göycələr.

Amma nə vecimə, kim nə düşünür, nə bilir,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi, sevgili...

Bir bahar da gəncləşər ölüm,

Bir boy da böyüyər ömür.

Üstümdən

Üç yüz altmış beş gün keçər,

Yanımdan şeirə vurğun qadınlar

Alnımdakı qırışlar kimi düzgün keçər.

Torlanan gözlərimdən yayınarlar deyə,

Məyus keçər, üzgün keçər,

Baxışları süzgün keçər.

Tutular şeirimin ərköyün dili,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi,

Sən də gəl, sevgili.

Aprel gedəndə gedərsən,

Özünlə apararsan sevgimi.

 

 “Ədəbiyyat və incəsənət”

(03.05.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.