Aprel ayı olmasına baxmayaraq, havadan zəhrimar yağırdı. Üz-gözünü elə bozartmışdı ki, adamın lap zəhləsi gedirdi. Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı. Hamının əynində pencək, gödəkçə, jaket vardı. Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.
İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi. Maşınlar da ki tıxac yaratmışdı. Siqnal səslərindən, çığır-bağırdan qulaq batırdı. Havadan benzin, tütün, mazutqarışıq qəribə iy gəlirdi. Daha doğrusu havada hava yox idi.
Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu. Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın. Çantasını çiynindən aşırıb (adətiydi, çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi. Nə yaxşı ki, evi yaxınlıqdaydı. Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə? Nə maaşı vardı ki? 450 manat. Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.
Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki, axı əvvəllər Bakıda bu qədər adam yox idi. Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü. Avtobusda da bu boyda basa-bas nə gəzirdi. Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi. Bax onda bir az tünlük olurdu. Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi. Vəssalam. O da tələbələrin dərsdən çıxdığı vaxtlarda. Başqa saatlarda əminlik idi.
Sonra ağlından keçirdi ki, əksər rayonlarda, bölgələrdə işsizlikdi axı. İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən, eşiyindən, gəlib Baklya. Sıxlıq, tıxac da bu üzdən yaranmışdı şəhərdə.
Tikintidə fəhlə işləyən kim, küçə süpürən, maşın yuyan, evlərdə qulluqçuluq edən kim. Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.
Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi. Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi. Evsiz, eşiksiz, küçələrdə, vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi. Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də. Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki. İşsiz adama mağazalar nisyə mal da vermirlər. Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu.
-Salam, qonşu. Necəsən?
-Salam, Rizvan müəllim. Şükür. Dığırlana-dığırlana yaşayırıq. Siz necəsiz?
Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya:
-Şükür, bu günkü günümüzə, qonşu, - deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı. Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün.
Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra: -Qonşu, yaz dəftərə. İnşallah ayın axırında hamısını birdən ödəyəcəm, -deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı.
Ürəyində fikirləşdi ki, görəsən qonşusu söyüb söylənmədi ardınca? Axı niyə söylənsin? Mən ki maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm?
Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı. Qapını oğlu açdı.
Adəti idi. İşdən gələndə həmişə öpüşüb görüşürdülər. İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi.
Təngnəfəs olmuşdu. Töyşüyürdü. Üzünə su vurdu. Gözü güzgüyə sataşdı. Boğulmuşdu sanki. Qapqaraydı.
Ordan çıxıb yataq otağına keçdi.
Yoldaşı ütü ütüləyirdi. Salam vermək də yadından çıxdı.
-Gəldin? Əynini dəyiş, keç mətbəxə. Yemək hazırdı.
-Yox. Nəsə özümü pis hiss edirəm. Bir az uzanacam. Bir-iki şey almışam. Sən onları yerbəyer et -deyib yerinə uzandı.
Fikirləşdi ki, yəqin işdə çox yorulub. Uzansa keçər. Baxdı ki, gödəkçəsi də əynindədi. Halsız-halsız düymələrini açdı. Əynindən çıxarmağa heyi olmadı. Sinəsi göynəyirdi. Otaqda hava yox idi sanki.
Durub pəncərəni açmaq istədi. Qalxa bilmədi. Tumbanın gözündəki dərmanını tapıb atdı. İstədi Nazlını (həyat yoldaşını) çağırsın. Sonra fikirləşdi ki, bir az da gözləsin. Niyə təlaş yaratsın? Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.
Ölümdən qorxan adam deyildi. Bircə oğlunun, yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə. Vəssalam. Oğlu sonuncu kursda oxuyurdu. Universiteti bitirib əsgər gedəcəkdi. Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi. Yoldaşı isə tibb bacısı idi. Amma işləmirdi. Arada qonşuların iynəsini vururdu. Azdan çoxdan pulu olurdu. Allah bərəkət versin.
Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi. Yuxuda kəndlərini, anasını, bacılarını gördü. Hər yer çiçək açmışdı. Anası səhənglə su daşıyırdı Axmazdan. Bacıları da tullana-tullana, gülə-gülə onun ardınca gəlirdilər. Bir yanda toyuq cücə küllükdə eşələnirdi, bir yanda da qoyun quzu mələşirdi. Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın. Görünür o ki var, qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı. Təzə motal pendiri, nehrə yağı, qaymaq, təndir çörəyi adama gəl-gəl deyirdi. Nə gözəl mənzərəydi, İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən:
-Süfrəni sən yığışdırarsan, oğlum- deyib tələsik evdən çıxdı.
Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı:
-Yox, oğlum. Mən getdiyim yerə uşaqları aparmırlar. Gələn dəfə mütləq səni də özümlə aparacam. İndi olmaz.
Sonra anası gözdən itdi.
Rizvan diksinib yuxudan oyandı. Qanın-tərin içindəydi. Bir müddət yuxunun təsirindən qurtara bilmədi. Əl atıb sinəsini ovuşdurdu. Bir az ağrısı azalmışdı.
Otaq qapqaranlıq idi. Görünür axşam düşmüşdü. Yavaş-yavaş ayağa qalxdı. Hiss etdi ki, acıb. Paltarını dəyişib təzədən vanna otağına keçdi, əl üzünə su vurdu ki yuxusu qaçsın. Həm də bir növ adət etmişdi. Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu. Günün hansı hissəsində olur, olsun.
Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı. Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi. Sakitcə qapını çəkdi ki, fikri dağılmasın. Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı:
-Birinci çay verim, yoxsa..
-Yox yemək yeyəcəm. Acmışam.
Stolun üstündə göy-göyərti, duzlu xiyar, duz, istiot, bir də çörək vardı.
“Allahın evi avadan"
Adəti idi. İlahinin verdiyi hər nemətə görə şükr edərdi.
Sonra yoldaşının çəkdiyi bir qab mərci şorbasını qaşıqlamağa başladı.
Yuxu heç yadından çıxmırdı. Mütləq anasının qəbrini ziyarət edəcəkdi. “Görünür arvad darıxıb. Haçandı ziyarət etmirəm"
Bir də maaşı alan kimi həkimə gedəcəkdi. Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu. Canını pula satmayacaqdı. Hələ işləri vardı. O işləri görmədən ölməyə haqqı yox idi.
Yeməyi bitirəndən sonra sakitcə yoldaşına "Şağ ol. Dadlı idi. Əlinə sağlıq" deyib süfrədən durdu. Halsız idi bir az. Həm də yorğun. İstədi götürüb bir kitab oxusun. Sonra fikrindən vaz keçdi. Dincələcəkdi bu gün. Yataq otağının pəncərəsindən çölə baxdı. Yağış yağırdı. Həyətdə heç kim görünmürdü. Heç itlər, pişiklər də gözə dəymirdi.
"Hamı yuvasına çəkilib. Görəsən yuvası olmayanlar neynir, İlahi?"
Ağlından keçirdiyi bu fikirdən üşüdü. Yerinə uzandı, yorğanı başına çəkdi. Nəsə narahat idi. Bədəni uçunurdu.
"Bircə səhər açılsaydı".
Ömründə səhərin açılmasını bu qədər istəməmişdi. Qaranlıq bu qədər qorxutmamışdı onu. Bircə onu bilirdi ki, yatmayacaqdı. Yuxusu da yadından çıxmırdı.
O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü. Yenə götürüb bir dərman atdı. Mətbəxdən səslər gəlirdi. Yoldaşı idi yəqin. Gecə keçənəcən sil süpürlə məşğul olurdu.
“Zalımın qızı bir dəfə kitab oxumur. Həyatı, evliliyi ancaq yır-yığışda, biş-düşdə görür. Zərrəcən romantikası yoxdu. Heç mənim hansı rəngi, hansı musiqini, hansı fəsli sevdiyimi belə bilmir"
Ömründə ilk dəfə özünə yazığı gəldi. Tələbəlik illəri, eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü. Sevgisinə yiyə dura bilmədi. Anası qoymadı.
“Nə tanıyırıq xalxın qızın "deyib sevdiyi qızı ona almadı. O da susdu. Anasından keçmədi, sevdiyindən keçdi. Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.
Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi. Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu. Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu. Allah tərəfi pis qız deyildi. Hər şeyə qane olan, başını aşağı salıb öz işini görən qız idi.
Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki, 50-ni haqlayıb. Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına. Başı işinə, problemlərinə elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbəri olmamışdı. Ara-sıra keçmişi, gəncliyi, tələbəlik illəri, Nüşabə yadına düşsə də işin, qayğıların çoxluğu onu göz açmağa qoymamışdı. Hissizləşmişdi sanki. Elə bil o duyğulu, sevgisindən ötrü ölümə getməyə hazır olan, kitablarla yatıb duran, özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi.
...."Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən. Hələ gecə saat birdi. Zamandan daş asılıb elə bil. Ürəyim də ki, rahatlana bilmir. Görəsən bu gün nə olub bu çər dəymişə?"
Gecə keçdikcə hiss edirdi ki, gözləri qapanır. Kirpiklərindən daş asılıb sanki. Öz- özünə bağlanır. Artıq yuxuya gücü çatmırdı. Almışdı gözlərini cənginə.
....Yenə anası əlində səhəng su gətirməyə gedirdi:
-Ana qurban, gəl gedək su gətirək. Yorulmuşam. Bir az mənə kömək elə.
İstədi etiraz edə. Səsi çıxmadı. Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü. Hər yer qaranlıq idi. Göz -gözü görmürdü. Kol-kosu yara-yara gedirdilər. Heç yer tanış gəlmirdi Rizvana. Bu yol hara aparıb çıxaracaqdı onları? Bilmirdi. Eləcə diqqətlə baxırdı ki, anasını itirməsin. Geriyə qayltmaq gözünə durdu. Bu yolu necə qayıdacaqdılar, İlahi?
"Bircə səhər açılsaydı…”
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)