“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Xosrov Barışanın şeirləri ilə tanış edəcək.
YENİ BİR RİTM
Qaranlığı mən yazmadım gecəyə,
Gözlərin yazdı...
Bax... Həkk olunur ürəyim bu tıxaclarda.
Sol döşümə mayın qoydu səsin.
Səsin ortadoğuda gurultudur
Savaş uçaqları tanrısı.
Toxunduqca sənə çatan yolların nəbzinə
Şeir olub partlayıram.
Dilim məsum,
Anasız bir uşaqdır, itkin olub.
Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.
Susuz quyuların dibində səsləndi kəlmələrim!
Sözlərin gözlərindən su içirdilər.
Yox sən Yusif deyilsən ki...
Səni göstərən barmağımı kəsdilər,
Ah... barmağım kimliyimi qanıtlayardı.
Güzgülərdəki üzlərdə itdi gözlərim.
Əh nə qədər əlləşsəm də
O müqəddəs adını
Şeirlərimdə səsləndirə bilməyirəm
Kəlmələri pozaraq tükənən silgilər şahid.
Hanı, hanı mənim izlərim?
Söz vermişdim
Bu şəhərdəki tabuları birlikdə
Sındıracağıq sevgilim
Ancaq yolumuzun tabloları sındı, nə yazıq!
Bura Təbriz
Min üç yüz doxsan beşin ikinci ayı
Qar yağır, qar...
Şəhərin üzü ağarır, ağarır hey
Qar danaları göyərçinlər
Yuxularımı sənə aparırlar.
Çürüyür ürəyim bu vicdansızlıq havasında
O qədər qışsan ki,
Tüpürsəm üzünə donar arzularım.
Sən bir qar adamı
Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.
Qələmim pomada vurar məni çağıran dodaqlarına.
Qələmim al-qırmızı...
Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.
Sus... Sus...
Danışsan genişlənər ölümün sərhəddi!
Artıq qucağımdasan, qollarımdasan.
Böyüdüm otuz üç yaşındayam.
Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!
Yatağımdasan
Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...
Əmir...
Əmir...
Əmir bazarından sənə sırğa alanmadım.
Pulum yox,
Axı şairəm. Tacir deyilim ki səni satanmadım.
Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.
Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.
Təbim var.
Sən Təbrizim ola bilməzsən.
Əriyəcəksən, itəcəksən.
Yenidən göyərməyəcəksən!
Və bu şeir sonsuzadək
Islaq qalacaq göz yaşlarımda!
Yorğunam. Çox yorğunam, artıq
Gecənin saçlarını daramaqdan.
Hörüklərinə ilişib ayaqlarım.
Kimliksiz bir dəliyəm.
Sən Leylam deyilsən ki...
Məni torpağımın ürəyinə quylayın lütfən.
Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,
Ürəyimə su səpir,
Şeir gələndə toz olmayır.
Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...
Xış... xış... tap... tap...
Yeni bir ritmdir bu
Səni sevirəm musiqisindən.
AYRIC
Səni sevmək
Cəhənnəmdə cənnəti
Yaşamaq kimi bir zad
Məni sevmək,
Həmişə, güclünün
Haqlı olduğunu
Bilə-bilə,
Yenə də,
Məhşər məhkəməsinə inanmaq kimi bir zad!
PƏNCƏRƏM
Göm-göy gözlərini asdım pəncərəmə!
Bir quş çəkdim
Göy üzünə,
Bir qanadı sən..,
Bir qanadı mən;
Uçduqca həyat gerçəkləşir.
Qovuşuruq, ayrılıq.
İndi bütün yollar baxışından keçir.
Umudumuz ölməyəcək.
Uşaqlığım yenə
Kamiyon sürür önümdə;
Sözcüklər daşıyır içimdən dışıma;
Qocalıb şeir yazıram sənə.
“Gəcil”də qurdlu meyvədir ürək;
Satılır alanın gözündən gizli!
Buna görə quşğularım quşların qanadında gəzər.
Qızıl qanınızdır “Əmir”də vitrinlərdən axır!
Hər tükan bir həbs selluludur satana!
Buna görə saat qabağında
Tükan olar yazdıqlarım aldıqlarınıza!
Buna görə insan seçdiyinin toruna düşər!
Buna görə yaxşılıq edincə borclu düşürəm!
Bu şəhərin acları
Zibil qabılardan axtarırlar diləklərini!
Yox karıxdırıldım
Bu şəhərin toxları
Zibil qabılardan axtarırlar diləklərini!
Kitablarda itib-itib özümü tapanmayıram!
Ah bu şəhər əynimə dar gəlir!
Buna görə səni geyirəm sözlərimə.
Xoşbəxtlik doğulmaz ətənədir,
İçimdə çabalar...
Çabalar...
Çabalar...
Bunca çaba
Sifirə çarpılar!
Gizlin bir yalan kimiyəm!
Buna görə təkamül qatarı gedə-gedə şairliyim qatardan düşür!
Sevgi bir qar topu idi, nəmkim atmışdı!
Uşaqlığım
Dığırladıb-dığırladıb böyütdü onu,
Yaşamağın boranında.
Hə sonunda,
Son anda
Anladım
Baxışmamız
Aydınlığın partlaması...
Dünyayı uşaqlara verək, yönətsinlər.
KİBRİT SATAN QARI
Əllərində kibrit,
Ah... kibrit satan qız;
Ahın yaman yandıracaq...
Yanır...
Yandı...
Dingələn bir gecə olacaq...
Olur...
Oldu...
Bəxtin avrupada
“Hans krestian anderson”un
Qələminin cövhərindən də qara.
Və əlbəttə dəlisov bir qar yağacaq...
Yağır...
Yağdı...
Artıq rahat ol, utanma, aç ləçəyivi;
O qədər saçların ağarmış ki
Naməhrəm də görənməz saçlarıvı.
Tanrıların başı nəm-harda qarışıb!!!
Bura Təbriz;
Şair adlı bir pasaj önündə döşən.
Fasilələrdə mi bəzənib qadın oldun sən!?,
Şeir oldun sən!
Dinmə,
Dil tökmə,
Sus...
Sus...
Sayqı duruşundayam mən.
Danışır gözlərində bir sukut!
Oxunur ölkəmin milli marşı...
Bax...
Bax...
Bax...
Çırpınır bir şəhər..,
Çırpınır ürək..,
Titrəyir əl...
Qocalığıvı yazmaq
Mənim payım olur.
Və nəfəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Həvəs...
Həvəs...
Səs...
Səs...
Səs...
Xiyavan!!!
Hə
Hər kəsi ilgiləndirən bir sov:
“Şəkilla məməsini eşiyə qoymuş,
Orasından yapışıb oynayır Maykel cəkson.”
Ehey şu şəhərdə şeirlərivə şişən şeyi şişmiş şair
Sən tükətdir,
Tükətdirsin muxatəbin:
Oh my god...
Yee... yee...
Oh yee...
Yerikləyirəm zirhov...
Post modern doğam!!!
Pəhov
Hələ təxt üstünü götüm görməmiş.
Yox
Yol getməyirsən yuxuda,
Yuxundan yollar geçir!
Bir mən gedir səndən
Bizə həsrət
Kibrit satan qarı;
Sən darvinism təbiəti tək,
Sən kapitalism cəmiyəti tək
Qat-qat
Qat içində uyumlu,
Qat dışında mütəzad!
Ah... əlbəttə bir
Şıdırğı yağış yağacaq,
Yağır,
Yağdı.
Dur gizlət
Gözyaşlarıvı yağmurda
Və sonra son kibritivi çax,
Qızışsın,
Işıqlansın,
Arınsın
Bu son şeirimi yazım.
5.
İynəsinə tikildik dünyanın
Aydınlığımız
Bulanlıq gözlərə batdı.
Qanatmayaq deyə
Ayıran bir çay kimi
Hep qanadıq,
Qanadıq...
Anaydıq, biz ana...
Dərdlərə köynək olub
Ömrümüzü sınırdaki güllərə kəpənəklər toxuduq.
Sınırlar pul-pul pul kimi...
Pullar zaman kimi...
Zaman diktatör kimi
Bu beyti mızıldayır qulağıma:
- Çalxandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Ah açılıb bağrıvı dələr
Bu dumanlı günlər
Güllələr..,
Güllələr...
Güllər, güllər
Ozon üzlüm
Səni görməyincə açılmayırlar.
Nəfəs qıtlığıdır buralarda.
Hər şairin köynəyidir şeir, qəfəs edilib!
Gəl.
Gəl artıq sevgilim.
Gəl bu sınırları sil.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)