“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Salatın Əsgərovaya həsr edilmiş şeirlə tanış olacaqsınız.
SALATIN ƏZİZ QIZI ƏSGƏROVA
(16.12.1961.-09.01.1991.)
Bakı şəhərində doğulmuş, Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbin və Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) məzunu, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın ilk şəhid qadın jurnalisti
Şəhid olduğu yer: Laçın rayonu, Qaladərəsi kəndi
Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı
SALATIN
I
Ali məktəbdə təhsil alan zaman Salatın
Maraqla öyrənirdi dahilərin həyatın.
Düşünürdü tələbə çox şeyi bilməlidir,
İnsanı kamil edən işidir, əməlidir.
Ara-sıra maraqlı məqalələr yazırdı,
“Za Neftyanıe Kadrı” da dərc etməyə hazırdı.
O, yazıb yaratmağa bir ehtiyac duyurdu,
Yazdığı məqaləyə “ ürəyini qoyurdu”
Ömrü boyu qəlbində yazmaq həvəsi vardı,
Yazdığı hər yazıda xalqın nəfəsi vardı,
Mühəndis olsa da o, jurnalistliyi seçdi,
Həqiqəti yazmağa qəlbində and da içdi.
II
Oxucular qəzetdə axtarırlar soyadın,
İmzasını tanıyın- Əsgərova Salatın.
-Doğrudan, mənalıdır, fikirləri rəvandır,
Gələcəyi öndədir, axı hələ cavandır.
Hamı onu sevirdi, mehriban, nəzakətli,
Azərbaycan qızıdır, ağıllı, ləyaqətli.
Erməni nankorları yollarını azanda,
Duz-çörəyi itirib, etibarı pozanda,
Bircə anda ahəngi pozuldu bu həyatın,
Necə də qəzəbləndi, hiddətləndi Salatın.
Tez-tez o, ön cəbhəyə, lap irəli gedirdi,
Əsgərlərlə ürəklə, qəlbən söhbət edirdi,
Deyirdi, sözünüzü söyləyin, çəkinmədən,
Həqiqət bizimlədir, axı qorxuruq nədən?
Gənc əsgərlər, zabitlər danışdıqca qürurla,
Salatının çöhrəsi sanki dolurdu nurla.
Söylərdi, bizə candan əzizdir torpağımız,
Qarabağsız ölərik, qana dönər bağrımız.
Döyüş meydanlarında, ən qaynar nöqtələrdə,
Soyuq nəmli səngərdə, dağlarda, təpələrdə,
Olmaq sanma asandır, bu hünər, cəsarətdir,
Gənc xanım-ana üçün bir şərəfdir, qeyrətdir.
Salatın çalışdığı qəzetin hər nömrəsi,
Oxunur sevilərək- onun da məqaləsi.
Bütün günü çalışır, üç-dörd saat yatırdı,
Məqam gəzir, özünü səfərlərə atırdı.
III
Rusdilli qəzetdə çıxıbdı reportajı,
Həqiqətləri yazıb faktlar olsa da acı,
“İmperiya qulları, çatacaqdır sonunuz,
İnsan qanı deyildir, it qanıdır qanınız.
Niyə anlamırsınız, pay olammaz torpaqdan,
Bəsdir, rədd olub gedin, müqəddəs Qarabağdan!”
Peşəkar bir jurnalist, əsil vətəndaş idi,
Bütün duyğularından yurd sevgisi baş idi.
Yenə ezamiyyətə yollanacaq Salatın,
Zaman keçir, hökmü var, hər anın, hər saatın.
Azyaşlı körpəsini qoyub getmək asandı?
Vətən pərvanəsiydi, bu sevgiylə də yandı.
Əyninə geyindi o, hərbçi formasını,
Qucaqlayıb sevgiylə Ceyhunu-balasını.
Atasına dedi ki, gedim, son səfərimdir,
Namərdlər at oynadır, bu mənim kədərimdir,
Qayıdaram, inşallah, yazaram gözəl yazı,
Sevinclə qeyd edərik, bu il Novruzu - yazı.
Salatının necə də möhkəmdir iradəsi,
Onun qəhrəmanlığı heyran etdi hər kəsi.
Erkək-dişisi olmur nə şirin, nə aslanın,
Həqiqətdir, namərdi, mərdi olur insanın.
Laçın-Şuşa yolunda, bir Qarabağ kəndində,
Hiyləgər terrorçular gizlənərək bir tində,
Birdən atəş açdılar, neçə-neçə silahdan,
Dinsizlər, şərəfsizlər qorxmayaraq Allahdan.
Vəhşilik törətdilər, Salatın oldu candan,
Fəxrlə danışırıq bu xanım qəhrəmandan.
Vətən məhəbbətini hər şeydən üstün tutdu,
Bu müqəddəs sevdadan özünü də unutdu.
Salatın qələmiylə yazdı haqqın sözünü,
Həqiqət yollarında qurban etdi özünü.
Xalq üçün candan keçib tarixə yazdı adın,
Əbədi yaçayacaq ürəklərdə Salatın.
“Ədəbiyyat və incəsənət”
(02.05. 2024)