GÜNEYDƏN GƏLƏN SƏSLƏR: Əbasət Purhəsən, “Biz beş yoldaşıydıq” Featured

“Ədəbiyyat və incəsənət” portalı Güney şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir. Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik. Rubrikanın aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağladır.

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan əhərdən dünyadan köçüb,

Dörd oğlan təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

 “Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.