İntizar ədəbiyyatı - Balaş Azəroğlu, "Təbrizim mənim" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Başı Səhənd çalmalı, 

Ətəyi Acıçaylı, 

Quzeyi qar ətirli, 

Güneyi çoban haraylı, 

Yayı firuzə köynəkli, 

Qışı bulud örpəkli, 

Yazı neysan yağışlı, 

Payızı ay yanaqlı, 

Ulduz baxışlı, 

Sinəsi ayna göllü, 

Bulaq zümzüməli, 

Dupduru kəhrizim mənim, 

Təbrizim mənim. 

 

II 

 

Bir zaman qala divarı tək 

kərpic-kərpic hörülən, 

Sonra küçə küçə, 

Məhəllə-məhəllə bölünən, 

Bağmeşə hüsnlü, 

Qarağac təravətli, 

Əmrəxiz vüqarlı, 

Sirxab sənətli, 

Ərk əzəmətli, 

Şəmsülimarə saraylı, 

Gecələri sakit, 

Gündüzləri harayı, 

Ay selim, ümmanım, 

Dənizim mənim, 

Təbrizim mənim. 

 

III 

 

Neçə ölkə, neçə şəhər dolaşan, 

Bir ucu hicrətdən o taya aşan, 

Tarixə qovuşan, 

tozlu, daşlı yolların 

görüşdüyü şəhər. 

Karvan-karvan qumrov səsilə oyamb hər səhər, 

Axşamlar aypara işığında yatan. 

Sinəsini güllə qabağına verib tarix yaradan. 

Məşrutə niyyətli, 

Azadlıq soraqlım, 

günəşim, gündüzüm mənim, 

Təbrizim mənim, 

 

IV 

 

Babamın babasının yadigarı, 

Qara gözlü, 

şirin sözlü 

gözəllərin, 

Qəhrəman oğulların diyarı. 

Keçmişi əzəmətli, 

bu günü həsrətli, 

gələcəyi ümid dolu, 

Bir əli yaraqda, 

Bir əli torpaqda, 

döyüşə-döyüşə yaşayan, 

həyatını, nemətini qoruyan, 

Şərəfini, şöhrətini qoruyan, 

iki gözüm mənim, 

Təbrizim mənim.. 

 

 

Nə vaxtdır, 

Gülüstan bağında olmamışam,. 

Ərkin tamaşasına dalmamışam, 

Gözlərimin önündədir 

Əmirbazarı, 

Şişəgər meydanı, 

Kəcil qapısı. 

Yadımdadır gördüklərimin hamısı. 

Gecələr xəyalımda, 

gündüzlər fikrimdəsən, 

hər dəqiqə, hər an. 

Yəqin sən də məni unutmamısan. 

Neçə xiyabanında, 

neçə meydanında 

Hələ də qalır izim mənim, 

Təbrizim mənim. 

 

VI 

 

Nağıllar nağılı, 

Həqiqətlər həqiqəti, 

Ömrümün acısı, şirini, 

kədəri, sevinci, 

şadlığı, möhnəti. 

Göz yaşıma şərik. 

gülüşümə ortaq, 

Gəncliyimi. 

dincliyimi 

əmanət qoyduğum, 

Hər zaman nəfəsini duyduğum, 

arxam, köməyim, dayağım, 

dünənim, bu günüm, sabahım, 

hamıdan doğmam,

Hamıdan yaxınım, 

əzizim mənim, 

Təbrizim mənim. 

 

VII 

 

Dünən döyüşdüm səninçin, 

cəbhə cəbhə, səngər-səngər. 

Sabah da döyüşərəm, 

əmr etsən əgər. 

Dözmərəm ürəyi nisgilli, 

alnıkölgəli olasan. 

Axı sən arxamda bir qalasan. 

Sənsiz mən kiməm? 

Mən nəyəm? 

Nə adım var, nə sanım var. 

"Üzüyü qaşıyla tanıyırlar",

Sənsən dünyaya tanıdan məni. 

Elimin, dilimin vətəni.

Harayım, səsim, sözüm mənim, 

Təbrizim mənim,

Təbrizim mənim.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.