POETİK QİRAƏTdə Yusif Nəğməkarın “Lalələr”i

Poetik Qiraətdə bu gün sizlərlə yenidən daimi müəlliflərimizdən olan Yusif Nəğməkar görüşəcək, “Lalələr” deyəcək. 

Bu lalələr Qarabağda bitən, qanla suvarılan lalələrdir. 

Kədər motivləri güclü olsa belə sonda zəfərimizdən öyünmə gəlir, bu da şeirin nikbinlik notlu olmasına dəlalət edir.

Xoş mütaliələr!

 

QANDAN BİTƏN LALƏLƏR

 

Al seyrindən oldum ləlik,

Gül-çiçəklər boy-boyadı...

Xocalıda bir laləlik

Qəlbimi qana boyadı...

 

Düşündüm tər tala nədir;

Sirri nəymiş bu halların?!

Rəmzi, rəhni, xalı nədir

Köksündə qara xalların?!.

 

...Bir vaxt bağrım teylədilər

Dil verib şərə kafirlər.

Hərzə-mərzə söylədilər

Bozladıq, mərə kafirlər!..

 

Qan çiləndi torpağına

Dəhri dağlı Qarabağın.

Xal düşdü Xan növrağına

Açılmadı yara bağın...

 

Bədəlin qan toxumları

Səpilib nihal gətirdi;

Lalələr-şəhidlik barı

Yaşıl düzə al gətirdi...

 

Ləçəklər-qırmızı kəfən,

Cəsəd kəfənə gəlmədi...

Zalım, ərzə bumu töhfən-

İgidlik dəfnə gəlmədi!..

 

İlahi, bu, nə laləlik?!

Dərd oxun necə yay atıb?!

Sanma bitibdir naləlik,

Ümiddir, ahdan boy atıb...

 

Danüzdən şəfəqlər enib,

Çöl nurla cilalanıbdır.

Lalələr zəfərə dönüb,

Bayraqtək dalğalanıbdır!..

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.