“Ədəbiyyat və incəsənət” portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir. Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.
“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.
Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)
49
Bir oyuna, qumara yatırma var-yoxunu,
Udmaq qədər uduzmaq da var... unutma bunu.
50
Gölüylə məşhurdur Şiraz, ya meylə?
Hər kəsin içində var əndişəsi.
Bəlkə, Rüknəbada şöhrət gətirib
onun da Mozella adlı meşəsi?
Görünür, gözəllik deyilmiş səbəb,
dünyada nə qədər yer var... misilsiz!
Bütün yer üzündə tanınıb onlar
tək sənin,
tək sənin şerinlə, Hafiz.
Bütləri sən elə yıxdın, dağıtdın,
eşidən seyrinə gəldi Şirazın.
Qələmin, ilhamın sayəsində sən
kiçiyi böyütdün, şişirtdin azı.
Şeirinlə vəsf etdin sən o meşəni,
o çayı, sahili, gözəl şəhəri.
Sən necə öydünsə... mübarək oldu
adicə daşı da həmin yerlərin.
Gülü, şərabı var, şux qızları var,
Tiflis geri qalmaz ondan heç nədə.
Sənə minnətdardır, Şəfi, bu şəhər,
tapıbsa vəsfini nəğmələrində.
Hafizin şeiriylə tanındı Şiraz,
Tiflissə Şəfiylə qovuşdu ünə.
İkinci bir ömür qazandırıb o,
nəfəsi dəyənə, gözü görənə.
Dağların qoynundan çağlayan o çay
şəhər bağlarına su və can verər.
Burda çiçəkləyən, yaşayan nə var,
özünü Şəfiyə bir borclu görər.
Unutmaram əsla nazlı qızları,
onlardır təbimin eşqi, qüruru.
Mən vəsf etdim deyə,
piyalə gözlər,
o alma yanaqlar elə bərq vurur.
Cənnətdən müjdədir eşqdən, hüsndən,
güllərdən və meydən söz açan şeirim.
Ondan hali olan atar, unudar
bütün günahların, bütün təqsirin.
Özündən büt yapan, bütə çevrilən
kəslərin başına dünya olar dar.
Çəkilməz əzaba düçar olacaq
busəni, şərabı haram sayanlar.
Sənin nəğmələrin, ey Mirzə Şəfi,
səslənsin ölkədə qoy addımbaşı.
Gözəllik, saf niyyət olmalı çünki
bu təzə həyatın dostu, yoldaşı.
Bu yurdda yetişən gənclər hər yerdə
doğma şəhərinin başın dik edər.
Şəfinin şeiriylə Tiflisin namı
yayılar Kürümdən ta Reynə qədər.
51
Bu Tiflis şəhərinin nazənin gözəlləri
yamanca aludədir hər cür bəzək-düzəyə.
Qaydadır: alınların bəzəyər zərdən kəmər,
əndamları bürünər məxmərə və ipəyə.
Zərif çəkmələrinin ipləri var – al-əlvan,
kəlağayılarısa bəyaz olar – qar kimi.
Uzun sözə hacət yox:
yaraşar, nə geysələr –
könlümü açmaz heç nə tiflisli qızlar kimi.
Arzum budur, seyr edim mən o şux gözəlləri
nənələrin geydiyi qədim əlbisələrdə.
Daş-qaşa gərək duymaz qulaqları, əlləri,
süni bər-bəzəklərə nə gərək var bu yerdə?!
Allah-təala veribsə zənənə boy-buxunu,
geyim-kecim işini gərək özü öyrənə.
Əgər bunda naşısa,
hansı şair xoşlanar
o sənəmdən...
lap ahıl şair olsa da yenə?!
52
Küçədə getdiyim vaxt məni saxlayan qadın
soruşdu: “Bilirsənmi yazı-pozu?” Dedim: “Hə”.
Dedi: “Onda mənə bir dua-zad yaz, qadası”.
Sordum: “Dərdinə çarə olar ki bu?” Dedi: “Hə”.
Tez qələmi əlimə aldım ki, nəsə yazım,
Dedi: “Yox, burda olmaz, gəl gedək bizim evə.
Sən orada edərsən dərdimə türkəçarə”.
Sordum: “Sonra yanında qalımmı?” Tez dedi: “Hə”.
“Yaman uzun çəkdi bu gedişin, Mirzə Şəfi,
Barı oldumu nəfi?”
sorana şair dedi:
“Olmazmı heç?! Bəs nədir!”
53
Dəli Kür axıb gedir ayaqlarım altında,
Günəşdə par-par yanır sapsarı dalğaları.
Qəlbim də açılıbdır çəməndəki güllərtək –
həyatda ən pis günüm belə olaydı barı!
Cünbüş vurur badəmdə Kaxetiya çaxırı,
xəyalımdan getməyir yarımın baxışları.
Al rəngli meydən içib, onu vəsf eyləyirəm –
həyatda ən pis günüm belə olaydı barı!
Günəş qüruba enir, hər yanı zülmət alır,
sevən qəlbimin nuru yarır qaranlıqları.
O da axan ulduztək qarışır məchulluğa –
həyatda ən pis günüm belə olaydı barı!
O qara gözlərində uyuyur Qara dəniz,
məni ora sürüklər hissim, ehtiraslarım.
Gəl qoynuma, sevgilim,
bir kimsə duyuq düşməz –
həyatda ən pis günüm belə olaydı barı!
54
Mənim xəlvət xanəmə
sən axşam gəl, gözəl yar.
Lap sübh tezdən də gəlsən,
yenə könlüm açılar.
Hansı vədə gəlsən, bil,
gözüm üstə yerin var.
“Ədəbiyyat və incəsənət”
(30.04.2024)