“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Lənkəranda yaşayan şair Mübariz Süleymanlının şeirləri təqdim edilir.
Əzizim
Ağrılarım ürəyimdə ağladı,
Baxışların gözlərimi dağladı.
Arzularım gecikəndə çağladı,
Küsəmmədim taleyimdən, əzizim.
Ümüdlərim ümüdümdən yanadı,
Bitişməyən yaralarım qanadı.
Tanıyanlar taleyimi qınadı,
Qarabaxtam bələyimdən, əzizim.
Gecələrim gündüzümlə tənimdi,
Sızıldayan dərdlərimə qənimdi...
Çəkdiklərim beşiyimdən mənimdi,
Yaralıyam ürəyimdən, əzizim.
Qıvrılmaqdan qırışıram neynəyim,
Ürəyimlə danışıram neynəyim.
Taleyimlə barışıram, neynəyim? -
İncimirəm mələyimdən, əzizim.
Eylər
Sevginin sönməyən isti nəfəsi,
Məhəbbət bağının sevgi nəğməsi...
Yaşamaq həvəsi, qurmaq həvəsi
Sevənin yolunu gülüstan eylər.
Aşiqin əzəldən könlü tox olar,
Canında, gözündə qorxu yox olar,
Yaşamaq həvəsi həddən çox olar,
Sevgisin ellərə bir dastan eylər.
İntizar çəkməkdən səbri daralar,
Yollara baxmaqdan gözü saralar,
Sığallı sözlər də qəlbi yaralar,
Getdiyi yerləri bir bustan eylər.
Səadət, sədaqət, təravət onda,
Cəsarət, mərhəmət, ibadət onda...
Arzuya, istəyə çatdığı anda
Aşiqin elini bir ostan eylər!..
Layla
Anaların nəfəsi
Tez isidər övladı...
Dünyanın şah nəğməsi
Ana səsi, layladı!
Layla dadına çatar,
Övladın hər çağında...
Bir məhəbbət boy atar
Ananın qucağında.
Möcüzəli, şəfalı,
Anaların əlidir!
Unudulmaz, vəfalı,
Baltək ana dilidir.
Mən səni sevmirəm ki
Mən səni sevmirəm ki,
Tellərini sevirəm!
Əllərimi isidən
Əllərini sevirəm.
Mən səni sevmirəm ki,
Məni dəli eyləyən...
Sözü şirin söyləyən
Dillərini sevirəm!
Mən səni sevmirəm ki,
Ömrə məna gətirən...
Səni mənə yetirən
Ellərini sevirəm!
Mən səni sevmirəm ki,
Məni divanə salan...
Eşqindən bihuş olan
Güllərini sevirəm!
Mən səni sevmirəm ki,
Bulaq kimi çağlayan...
Səni mənə bağlayan
İllərini sevirəm!
“Ədəbiyyat və incəsənət”
(30.04.2024)