Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən hicranla dolu ömür sürmüşəm,
Min əzab çəkmişəm, min qəm görmüşəm.
Axıb neysan kimi gözümün yaşı,
Nələr çəkdirməmiş mənə bu aləm.
İnan ki, əyilər dağların başı
Əgər dərdlərimi ona söyləsəm.
Fəqət qurtarmışam dardan, çətindən
Tək sənin eşqinlə, vətən, ey vətən.
Ömrümün gəncliyi bir çiçək oldu,
Vaxtsız tufanların əlində soldu.
Qanunlar bağladı qoluma zəncir,
Məni ayırdılar doğma elimdən.
Özüm də bilmədim günahım nədir,
Fəqət dedilər ki, müqəssirəm mən.
Daddım zəmanənin hər möhnətindən,
Sənin xatirinçin, vətən, ey vətən.
Keçdi aylar, illər, zaman da döndü,
Yüzillik bir həyat bir anda döndü.
Yenə də başlandı haqq savaşları,
Xalqım at oynatdı, silah götürdü.
Silib yanağına axan yaşları,
İnsanlar yurduma pənah gətirdi.
Ölkələr danışdı rəşadətindən,
Düşdün dildən-dilə, vətən, ey vətən.
Deməyin bunlar ki, bir xatiratdır,
Yox, mənim ömrümdür, bu bir həyatdır.
Onun hər sətrində ürək qanım var,
Könlüm dincəlməyir onu anmasa.
Bunu yaxşı demiş bizim babalar:
"Gözdən yaş çıxmayır ürək yanmasa".
Bir kədər duysan da hər söhbətimdən,
Sənin həsrətindir, vətən, ey vətən.
Qoy düşmən deməsin uzaqdayam mən,
Yox, məni böyüdən torpaqdayam mən.
Onun nəfəsilə qızınır sinəm,
Sevib əzizləyir bu dağlar məni.
Mən böyük Babəkin nişanəsiyəm,
Əyməz bu yaralar, bu dağlar məni.
Hər gün ilham alıb məhəbbətindən,
Artır qüdrətimiz, vətən, ey vətən.
Atamın səngəri məzarı oldu,
Üstünə bir qırıq kərpic qoyuldu.
Dostları süngüylə qazdı: "Mücahid".
Mənim də "Fədai" qalacaq adım.
Sabahkı döyüşə olmasam şahid,
Başqa bir ad ilə yenə övladım
O gün vuruşacaq.... Bil, bu zülmətdən
Qurtaracaq səni, vətən, ey vətən.
“Ədəbiyyat və incəsənət”
(30.04.2024)