“Ədəbiyyat və incəsənət” portalı Əli Bağışın “Dörd tabut” hekayəsini təqdim edir.
“Qızıl saraylarda fərman verildi,
Tarix gəldi keçdi ac komalardan”
B. Vahabzadə.
Əri onu - Sonanı atıb Rusiyaya qazanc dalınca gedəndə Nihadının 2 yaşı vardı.
And-aman etmişdi ki, gedib özünə yer eləsin, qayıdıb gələcək, öz əzizlərini aparacaqdı ora.
Sonanın içində bir hiss yaranmışdı ki, o - Səttar bir daha qayıtmayacaq və onu bir daha görməyəcək.
Vaxt vardı, kənd cavanlarının çoxunun vurulduğu, dəli-divanəsi olduğu Sona üçün maqnitafonlarda Qədirin “Sona bülbüllər”i yorulub-yorulub heydən düşənəcən oxunardı.
Sona isə nə yanıqlı səsə fikir verərdi, nə də ona yanıqlı-yanıqlı baxan kənd oğlanlarına.
Və bir gün Sonanı sevənlərdən Səttarın (Səttar da boylu-buxunlu, atıb-tutan, vurub-yıxan bir oğul idi ha…) anası uzun tumanının ətəyindən tutub, onların taxta qapısından içəri girib Səttarın tərifini toz basmış küçələrdən göyün yeddinci qatına qaldırmış, Sonanın anasının qızından “hə”cavabı yerinə aldığı “özünüz bilərsiniz”indən sonra da elə göyün yeddinci qatına qaldırdığı oğluna şad xəbəri çatdırmaq üçün göyün yeddinci qatına qanadlanmışdı.
Elə o gündən Qədirin “Sona bülbüllər”i o kəndin tozlu-torpaqlı küçələrindən birdəfəlik uçub getmişdilər - Sonanın dərdindən dəli-divanə olan cavanlar kimi.
Sonanın dərdindən dəli-divanə olanlardan biri Yanıq Kərəm kimi yanan Kərəm də bir bənd şeir yazıb bacısına - Gülgəzə vermişdi ki, mütləq Sonaya çatdırsın.
Bacısı da o dörd misranı oxumuşdu və heç nə başa düşməmişdi. Nə səkkizillik ortabab təhsili, nə baxdığı hind filmləri, nə də ki Meksika serialları köməyinə gəlmişdi:
Səni dəs gora verdilər,
Gəlin getdin, qız gəldin.
Elə bir ilə verdilər,
Yaz getdin, payız gəldin.
Vəssalam.
Sona da Gülgəz kimi heç nə başa düşməmişdi və eləcə kağızı parça-parça edib vermişdi yellərin ağzına…
O gün, bu gün Kərəmi görən olmamışdı…
“Ədəbiyyat və incəsənət”
(30.04.2024)