“Ədəbiyyat və incəsənət” portalı Poeziya guşəsində Təranə Dəmirin yeni şeirlərini diqqətinizə çatdırır.
1.
Əynimdə dekabrdan qalma ömür,
Ürəyimdə iyun həsrəti.
Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.
Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.
Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.
Dünən, bu gün mənimdi... hələ ki...
Bəs sabah?
...Gözümdə bütün rənglər bir-birinə qarışır
Budaq-budaq, yarpaq-yarpaq...
2.
Bir şeir asıb özünü hecadan,
Qafiyələr ağlaşır başı üstündə.
Ayağının altında varaq,
Boğazında qələm,
Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə.
Azadlığa açılır qapısı qorxuların.
Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,
Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..
3.
Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub.
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .
Külək qudurub,
Gör necə ulayır gecənin başı üstündə
ac yalquzaq tək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə ,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır .
Təzə abzasdan köhnə yaralar boylanır,
Hamısının da üstü açıq.
"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...
Nağıl kimi...
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)