Poetik Qiraətdə bu gün sizlərlə ustad şairimiz Musa Ələkbərli “Şeirin ağrısını çəkəndə” şeiri ilə görüşəcək. Bu bir avtobioqrafiyadır desək, yanılmarıq. Şair öz iç dünyasını oxucusuna göstərir, “tanış olaq, bu mənəm” deyir.
Dünən şairimizin 74 yaşı tamam oldu. Bu münasibətlə onu ürəkdən təbrik edir, yazıb yaratmaq eşqi arzulayırıq.
ŞEİRİN AĞRISINI ÇƏKƏNDƏ
Qəddardan qəddardı, zalımdan zalım
Özü öz üstünə çökəndə Musa.
Əvvəl xəyallardan köynək toxuyub,
Sonra ilmə-ilmə sökəndə Musa.
İhamın yolunda durub müntəzir,
Həyacan içində titrəyib əsir.
Daşlaşmış sözlərin üstündə gəzir
Çaylaq quşu kimi səkəndə Musa.
Anma qiyaməti o qurda qalır,
Ürək hara gedir,yurd harda qalır?!
Yerin yer səthindən kənarda qalır
Nə şəhərə sığır, nə kəndə Musa.
Köksündə ilantək qıvrılır misra,
Ruhundan qılınc tək sıyrılır misra.
Canından,qanından ayrılır misra,
Ürək bənd eləyir hər bəndə Musa.
Ya göyün yeddinci qatından çıxır,
Ya da sal daşların altından çıxır.
Bütün ağrıları yadından çıxır
Şeirin ağrısını çəkəndə Musa.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)