ƏZİZ NESİN, “Abidəsi qoyulan milçək” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün tanınmış türk yazıçısı Əziz Nesinin “Abidəsi qoyulan milçək” hekayəsi təqdim edilir. Tərcümə edən: Fariz Bayramovdur.

 

Milçəklər arasındakı bu hadisə o böyük şəhərin yüksək binalarının çox sıx olduğu hissəsində baş verib. Orda çoxmərtəbəli yaşayış binası vardı. Binanın ən alt mərtəbəsi günəşin çox az düşdüyü evdi. Evin yarısı torpağın altındaydı. Dar küçənin hər iki tərəfindəki çox hündür binalar zirzəmidəki evə günəş şüalarının düşməsinə mane olurdu. Sübh çağı ev gec işıqlanır, axşamlarsa qaranlıq tez çökürdü.

Evdə üç nəfərlik ailə yaşayırdı: ana, ata və oğul. Anayla ata işləyirdi. Oğulsa orta məktəbə yeni başlamışdı. Danışacağımız hadisə nin baş verdiyi gün ata və ana hələ işdən qayıtmamışdılar. Oğul da məktəbdən gəlib dərslərini hazırlamış, yorulmuşdu. Dərs kitabını masanın üstündə açıq qoyub valideynləri gələnədək oyun oynamaq üçün bayıra çıxmışdı. Evdə adam yoxdu, təkcə qara milçəklər vardı. Hələ axşamçağı olsa da, ba yır da hava aydınlıq, evin içi yarıqaranlıqdı. Məlum olduğu kimi, milçəklər qaranlıqda uça bilmirlər. Hava işıqlananadək, yaxud evdə işıq yananadək olduqları yerdə qalırlar. Ev yarıqaranlıq olduğuna görə içəridəki mil çək lər də uça bilmirdilər. Ancaq bir gənc mil çək bayırdakı işığa çıxmaq üçün da yanma dan uçur, pəncərə şüşəsinə çırpılır, şüşə nin o tayına keçməkçün çalışırdı. Şüşəyə çır pılmaqdan bezmirdi. İstəyi güclüydü milçə yin. Uçub-uçub pəncərəyə çırpılır, şüşənin üs tündə gəzişir, yol axtarır, necə çölə çıxıb ay dınlığa qovuşa biləcəyini araşdırırdı. O biri milçəklər yaşlı, bilikli, təcrübəli milçəklərdi. İşi-gücü şüşəyə çırpılmaq olan milçəyə – boş-boşuna əlləşmə, çıxa bil məzsən! – deyirdilər. Gənc milçək də - bu qaranlıq yerdə həbs olub qala bilmərəm. Baxın, o tərəf işıqlıqdı. Mən də işıqlığa getmək istəyirəm, – deyirdi.

Ağsaqqal milçəklərdən biri dedi: – Hələ də dəqiqəbaşı çırpıldığın şeyin nə olduğunu anlamamısan? O, şüşədir! Şəffaf ol duğundan bu tərəfindən o tərəfi görünür. Ona görə də sənin kimi gənc milçəklər onu yox sayıb hey çırpılırlar.

Gənc milçək yaşlılara belə cavab verdi: – Əvvəllər, doğrudan da, şüşənin nə olduğunu bilmirdim. Amma başımı vura-vura, qanadlarımı çırpa-çırpa onun nə olduğunu öyrənmişəm. Bunu deyərək havada bir neçə dövrə vurub sürət yığdı, ox kimi süzüb yenə pəncərə şüşəsinə çırpıldı.

Yenə ağsaqqallardan biri dilləndi: – Bəs şüşənin nə olduğunu bilirsənsə, niyə hey özünü ona çırpırsan? Onsuz da şüşəni deşib çıxa bilməzsən. Boş yerə özünü yorursan.

 Başqa milçəklər də gənc milçəyə şüşəni deşə bilməyəcəyini başa salmağa çalışdılar: – Özünə zülm verirsən. Bəsdir çırpıldın, axırı bir yerini şikəst edəcəksən. Gəl sən də bizim kimi başını aşağı sal, buralarda bə yəndiyin yerə qon, dincəl sübhədək.

Gənc milçək yenə də – çöl işıqlıykən bu qa ranlıqda qala bilmərəm! – dedi. Yaşlılardan biri dedi:

 – Onsuz da gecə hər tərəf qaranlıqlaşanda zülmətdə qalacaqsan.

– Elədir, hər yer qaranlıqlaşanda umacağımız başqa nəsə qalmaz. Amma indi aydınlıqdır. Bunu dedikdən sonra, bəlkə, yüzüncü də fə var gücüylə özünü şüşəyə çırpdı. Yaşlı milçəklərdən bu vaxtadək söhbətə heç qarışmayanı gənc milçəyə: – Sənə yazığım gəlir! – dedi, – şüşənin o tayına keçə bilməyəcəyini bilə-bilə niyə özünü ona çırpıb həlak edirsən?

 – Amma ümidim var, – dedi, – mənimki ümiddir! Bayırda aydınlıq olduqca ümidim sönməz.

 – Axı şüşənin o tərəfinə keçə bilməzsən! Bu, qeyri-mümkündür.

– Bilirəm, qeyri-mümkündür. Amma bir yolunu tapıb keçsəm? Ağsaqqallardan biri əsəbiləşib bağırdı:

 – Mümkün deyil, sarsaq!

 – Elədirsə, işıq niyə keçə bilir şüşədən?

 – Sərsəm, sən milçəksən, işıq deyilsən ki... Yoxsa özünü işıq zənn edirsən, axmaq? Başqa bir çoxbilmiş milçək danışdı:

 – İşıq şüşədən keçər, lakin səs keçə bilməz.

 Gənc milçək ayağını dirədi:

 – Olsun... Mən yenə də aydınlığa getməyi sınayacam.

Bunu deyib şüşəyə elə çırpıldı, zərbənin gücündən pəncərənin alt çərçivəsinə düşdü. Orda namnazik ayaqlarıyla gövdəsini ovuşdurub, qanadlarını düzəldərək özünə gəldi. Sonra uçdu, uçdu, yenə sürətlə şüşəyə dəydi. Bir ağsaqqal milçək dilləndi:

 – Axırıncı dəfə deyirəm: bayıra çıxa bilməz sən. Boş-boşuna özünü zədələmə, incitmə...

Gənc milçək: – Guya siz bayıra çıxmağa çalışmayıb bur da neyləyirsiz? Heç nə... Qonduğunuz yer də mürgü döyüb durursuz. Sizin kimi mür güləməkdənsə çıxış yolu tapmaq üçün ümidlə çırpınıram. Mürgüləməkdən qat-qat yax şıdır. Qarışmayın işimə!

Yaşlı milçəklər bu dikbaş, anlamaz gəncə öyüd verməkdən əl çəkdilər. Çünki nə desələr də, bu dikbaş anlamayacaqdı. Bəziləri bu gəncin sarsaq, dəli olduğunu düşünürdü. Getsin nə qədər istəyir, başını vursun bərk şü şəyə. Necə olsa, bir azdan bayırda qaranlıqlaşacaq, o da bir yerə qonub uçmaq üçün səhərin açılmağını gözləyəcəkdi.

 Gənc, cəsur və ümidli milçək dayanmadan pəncərənin o tərəfindəki aydınlığa çıxmağın yolunu axtarırdı. Heç usanmır, ümidsizliyə qapılmırdı. Təsadüfən evin uşağının az əvvəl dərs hazırladığı masaya qondu. Oğlanın kitabı açıq şəkildə masanın üstündəydi. Gənc milçək hər şeyi öyrənməyə çox həvəsli olduğu üçün oxumağı da öyrənmişdi. Açıq qalan səhifəni oxumağa başladı. Həmin səhifədə işıqdan danışılır, işıq barədə məlumat verilirdi. Məlumatlar çox əyləncəli şəkildə yazılmışdı. Məsələn, belə hissə vardı: “Bir pişiyin quyruğuna tənəkə qab bağlansa, pişik quyruğuna bağlanan qabın gurultusundan qorxub o səsdən qurtulmaq üçün var gücüylə qaçmağa başlayar. Bu pişik dəydiyi pəncərə şüşəsini qırmadan pəncərənin o tərəfinə keçmək üçün nə etməlidir?” O səhifədə bu sualın cavabı da vardı. Cavab belə idi: “Pişik sürətlə qaça-qaça, sürəti işıq sürətinə çatsa, o zaman şüşəni qırmadan o tərəfə keçə bilər. İşıq saniyədə üç yüz min kilometr sürətlə getdiyindən bunu bacarır. Amma pişiyin şüşəni qırmadan o tərəfə keçə bilməsi mümkün deyil. Çünki işıq sürətilə qaça bilməz. Bu, sadəcə, fərziyyədir”.

Gənc milçək bu qəribə məlumatı öyrəndikdə çox sevindi. Demək, işıq sürətilə uça bilsə, şüşənin o tərəfinə keçə bilər. İndi də bunu sınamağa girişdi. Sürətini artıra bilmək üçün geriyə, düz qarşı divara qədər çəkilir, ordan uçub özünü şüşəyə vururdu. O tərəfə keçməyincə sürətin yet mədiyini anlayırdı. Bu dəfə özünü daha sürətlə şüşəyə vururdu. Bu sürətli vuruşları çox sınaqdan keçirdi. Bir uçuşunda o qədər sürətli uçmuş, elə möhkəm çırpılmışdı ki, şüşədə yastılanıb qalmışdı. Bütün gövdəsi əzil miş, dərisi parçalanıb deşilmişdi. Gənc milçək, axır ki, ölmüşdü... Otaqdakı milçəklər gənc milçəyin cəsədinin ətrafında toplandılar. Ağlamağa başladılar. O günədək çox milçəyin ölməyini gör müşdülər, amma heç birinə bu gənc milçəyə üzüldükləri qədər üzülməmişdilər, heç biri üçün göz yaşı tökməmişdilər. Bu milçək başqaydı... Milçəklər gənc milçəyin cəsədi ətrafında nitqlər söylədilər:

 – O, milçəklərin lideriydi, hamımız üçün çıxış yolu axtarırdı.

 – Ümid rəmziydi! Bizə görə canını verdi...

 – Mümkünsüzü mümkün etmək üçün öldü! – Səni heç zaman unutmayacağıq! – Milçəklərin tarixində qızıl səhifəyə keçə cəksən, mübarizən tarixə qızıl hərflərlə yazılacaq!

Milçəklər ağlaşır, gənc milçəyin cəsədi ətrafında sayğı duruşunda dayanırdılar. Ordakılardan ən yaşlısı və savadlısı:

 – Bu qəhrəman milçəyin şüşənin üstündəki cəsədi onun abidəsi kimi burda qalsın. Çünki o, aydınlığa çıxmaq üçün canını verdi, – dedi. Başqa ağsaqqal da şüşədəki milçək ölüsünün abidə kimi qalmasını bəyəndi, çünki bir azdan milçək yapışdığı şüşədə quruyub qalacaq, əla abidə olacaqdı. Ən yaşlı milçək dilləndi:

 – Burda sonsuzadək yaşayacaq, milçəklər onu heç zaman unutmayacaqlar!

 Artıq bayırda da hava qaralmışdı, gecə olmuşdu. Bu səbəbdən milçəklər olduqları yerdə qaldılar. Bir azdan işdən qayıdan ana otağa girdi. Otağın işığını yandırdı. Sonra pən cərənin pərdəsini çəkməyə gedəndə şüşədəki milçək ölüsünü gördü. Bezlə o yeri sildi. İndi şüşədə milçəyin ölüsü də qal mamışdı. Qoca milçək haqlıydı. Gənc mil çəyin abidəsi sonsuzadək qalmışdı. Çünki sonsuzluq məxluqata görə dəyişir. Kəpənək üçün üç saatdırsa, insan üçün otuz min ildir, milçək üçün də olsa-olsa, bir neçə saat olar. Abidəsi qoyulan gənc milçək milçəklərin tarixinə qəhrəman olaraq keçdi. Bəzi milçək lər onun mümkün olmayanı sınamaq ucba tından öldüyünə görə axmaq, ya da dəli ol duğunu söyləməkdədirlər. Görəsən, hansı doğrudur? Buna milçəklər özləri, hərəsi öz anlayışına görə qərar verirlər. Bu gün hələ də şüşələrə çırpılıb o tay dakı aydınlığa qovuşmaqçün əlləşən, uğrunda can verən milçəklər də, bunun axmaqlıq olduğunu düşünüb qonduqları o qaranlıq yerdə mürgüləyən milçəklər də var. Hansının yolunu seçmək lazım olduğunu hər milçək özü bilər. Ancaq bu da həqiqətdir ki, tarixdə qaranlıqda mürgülədiyi üçün milçəyə abidə qoyulduğu yazılmayıb...

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.