Güneydən Əbasət Purhəsənin lövhələri – “Birinci sual” Featured

“Ədəbiyyat və incəsənət” portalı Quzey şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir. Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik. . Rubrikanın aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağladır.

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç eləbil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.