Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Əlizadə Nuri “Qara rəngdə ağ gəzirəm” şeiri ilə görüşəcək. Ənənəvi şikayətnamə şeiridir.
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
-deyir şair. “Qara rəngdə ağ gəzirəm...” bir kədər müntəxabatıdır.
Xoş mütaliələr!
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
Hansı suçundan asılıb?-
O qız saçından asılıb...
...Dar ağacından asılıb
Şükür, hələ sağ gəzirəm.
İynə var ki sap axtarım?
Kir içində saf axtarım?!
Cəlladda insaf axtarıb-
Qara rəngdə ağ gəzirəm...
Ömür gün-gün dağıldı ki...
Bu açılan paxırdı ki...
Yüküm elə ağırdı ki-
Haçandı axsaq gəzirəm.
Bu olubdu tək istəyim:-
Tanrıdan ətək istəyim.
Hamını sevmək istəyib-
Hamıdan uzaq gəzirəm...
Ədəbiyyat və incəsənət”
(24.04.2024)